8 Aprel 2022 10:56
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, bir gecənin içində məşhurlaşan aktyorlardandır. Amma məşhurluğun daimi olmayacağının həmişə fərqinə varıb.

Teleqraf.com-un “Məşhur məktublar” rubrikasının qonağı Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist, aktyor Füzuli Hüseynovdur.

- Füzuli bəy, məktub yağışına hansı tamaşadan sonra tutuldunuz?

- Ən çox məktubu 90-cı illərdə ekranlarda nümayiş olunan “Yad qızı” tamaşasından sonra almağa başladım. “Yad qızı” Orxan Kamalın eyniadlı romanı əsasında hazırlanmışdı. Tamaşaya Lütfi Məmmədbəyli və Tariyel Vəliyev quruluş verirdi. Məktublar doğulduğum Balakən rayonundakı evimizə, həmçinin teatra gəlirdi. Hər həftə yüzlərlə məktub...

Bütün məktubları oxuyurdum. Mobil telefonlar, sosial şəbəkələr yaranandan sonra məktub yazmaq ənənəsi yoxa çıxdı.

- Həmin tamaşada mənfi rolda çıxış etmişdiniz. Sizə gələn məktubların mətnini təsəvvür etmək olar...

- Doğrudur, “Yad qız”ında mənfi rol ifa edirdim. Qınaq obyektinə də çevrilmişdim. Amma sizə deyim ki, məktublarda tənqid az olur, xoş, sevgi dolu sözlər yazılırdı.

Tənqidi, narazılıqları real həyatda daha çox deyirdilər. Yadımdadır, Şəkidə bir nəfər yaxınlaşıb qayıtdı ki, adam 100 qram arağa görə heylə arvadı boşayar?

Təndiqlərə qarşı açıq fikirliyəm. Bu yaxınlarda mənim haqqımda tənqid yazan tənqidçiyə rast gəldim. Dedim, düz yazmısınız, hətta az yazmısınız... Gərək məni çox tənqid edərdiniz.

- Məktubları hələ də saxlayırsınız?

- Mən heç vaxt heç nəyi saxlamağı sevmirəm. Amma ola bilər ki, anam saxlasın. Bunu dəqiq sizə deyə bilməyəcəm.

- Ən yadda qalan məktublardan danışaq.

- Məktublar əsasən eyni məzmunlu olurdu. Aralarında daha səmimi görünənlər məni daha çox özünə cəlb edirdi. Bəlkə də hansısa məktubun mətnini xatırlayırdım, amma indi artıq unutmuşam. İllər sözünü deyir.

Təbii ki, əksəriyyəti sevgi etirafları üzərində qurulmuşdu. Amma sizə deyim ki, bəzi məktublarda oynadığım rolların analizi ilə bağlı fikirlərə də rast gəlirdim və onları maraqla oxuyurdum.

O yadımda qalıb ki, rayona gedəndə anam mənə bir məktub verdi, dedi sənə göndəriblər. Açdım məktubu, elə həmin dəqiqə də anama verdim. Dedim ki, bu mənə yox, sənə göndərilib. Məktubda məni dünyaya gətirdiyinə görə anama təşəkkür edirdilər.

- Məktubla etiraf olunan sevgiyə inanırdımı Füzuli bəy? Cavab yazdığınız məktub olub?

- O məktublara inanmaq... Ümumiyyətlə, sevgiyə inanmaq riskli addımdır. Mən artıq dərk edirdim ki, onlar məni yox, ekrandan, tamaşadan izlədikləri obrazlarıma vurulublar. Bu mistik bir duyğudur, oynadığım rollarım tam anlamda Füzuli Hüseynovu anlatmır. Yəni sevgilər daha çox roluma yönəlik idi. Normaldır, çünki tamaşaçıların yanaşmasıdır. Məktublardan savayı real həyatda da sevgisini etiraf edənlər olub.

- Ümumiyyətlə, kiməsə məktub yazmısınızmı?

- Mən heç əsgərlikdə də məktub yazmamışam. Anama da məktub yazmırdım.

- Bəyəndiyiniz, pərəstiş etdiyiniz aktrisalara məktub yazmaq hissi də könlünüzdən keçməyib?

- Pərəstiş sözü mənə yaddır. Bəlkə bu düzgün başa düşülməyəcək. İnsan insana pərəstiş etməz. Bəyəndiyim aktyor və aktrisalar olub və var. Sofi Loren, Robert De Niro, “Əsgər Reyn” filmində saçı qırxılmış Demi Murun oyununu və özünü çox sevirdim. Azərbaycanda isə Həsənağa Turabovu çox bəyənirdim.

- Bayaq dediniz heç vaxt heç nəyi saxlamırsınız. Bəs sizə verilən hədiyyələri?

- Hədiyyələrə həssas yanaşıram. Hədiyyələri də hədiyyə etməzlər deyirlər. Hətta məndən istəyənə də etiraz edəcək qədər onları qoruyuram. Evimdə tarixi bir samovarım var. Yalan olmasın, 50 adam onu məndən istəyib, amma verməmişəm.

- Onda yəqin fotolara qarşı da həssaslığınız var?

- Qətiyyən. Həyatımda olan hadisələri əks etdirən çox şəkillərim olub, amma onları da saxlamamışam. Xasiyyətim belədir.

- Bunu eşitmək məni təəccübləndirdi. Teatrda bir səhnəni paylaşdığınız korifey sənətkarların əksəriyyəti artıq dünyada yoxdur. Onlarla bağlı xatirələri canlandıran fotolarınızın olmaması kədərlidir...

- Feysbukda tələbə dostlarım bəzən o şəkilləri paylaşırlar. Onda o günləri xatırlayıram. Onu düz qeyd edirsiniz, fotolar xatirələri canlandırır.

Haqqımda çıxan məqalələri də saxlamamışam. Oldu, keçdi. Hamımız gəldi gedərik. Bir gün həyatımız bitəcək və bununla da hər şey sona çatacaq. Bu reallıqdır.

- Füzuli bəy, səhv etmirəmsə, kinoda hələlik sonuncu işiniz “Soyuq günəş” filmində olub. Filmi tənqid edənlər də oldu, çox sevib, sahiblənənlər də.

- Elədir, heç gözləmədiyim adamlar ya zəng edib, ya küçədə görəndə yaxınlaşıb ürək sözlərini deyirlər. Gənclərin böyük marağını və sevgisini görmüşəm. Kim deyirsə ki, gənclərdə sevgi, yaşlı nəslə hörmət qalmayıb, çox səhv edirlər. Film haqqında bunu deyəcəm: peşəkar komanda bir araya cəm olmuşdu. Rejissordan tutmuş operatora, aktyora qədər. Film daha yaxşı, daha gözəl ola bilərdi. Sadəcə maddi məhdudiyyət buna imkan vermədi. Ona görə filmdə bayağı görünən nələrsə ola bilər. Bu fikrimi bir dəfə demişəm, yeni deyim, əgər filmin maddi imkanları yaxşı olsaydı, son illərdə çəkilən filmlərin ən gözəli olardı.

Digər tərəfdən həqiqətən inanılmaz tamaşaçı rəğbəti qazandı. Həmin komanda ilə məmnuniyyətlə yenidən işləyərdim.

Bir məsələni də deyim, adətən özüm çəkilən filmlərə baxmıram. Daha doğrusu, özümə baxa bilmirəm. Baxanda da tək olmalıyam və birmənalı şəkildə öz oyunumu bəyənmirəm. Sonra bir neçə gün evdən çıxmıram. Dost-tanış zəng edəndə, tamaşaçı yaxınlaşıb fikrini deyəndən sonra özümə deyirəm: “Demək o qədər də pis oynamamışam”. Bu utancaqlığım hər zaman olub və yaxşı ki, hələ də davam edir.

Mənim oynadığım Yarmət rolunun gəncliyini Sənan Kazımov canlandırırdı. Onu, Yarqunatı oynayan İnarə Kərimovanı filmdə çox bəyəndim. Özlərinə də demişəm. Həm onlar yaxşı oynamışdılar, həm də onların tandemi yaxşı işlənmişdi. Yenə deyirəm, filmi daha gözəl, daha baxımlı etmək olardı, əgər maddi vəsait olsaydı.

Baxın, indi bayağı filmlər çəkilir, hamı şikayətlənir. Mən isə həmişə demişəm, siz maraqlı bir film çəkin, görün insanlar bəyənir, ya yox. Bu film onu sübut etdi ki, yaxşı hekayə insanlar üçün həmişə maraqlıdır.

- Füzuli bəy, bildiyim qədər rol, tamaşa, film baxımında çox seçici davranırsınız.

- Bəli, bəzi tələblərim olur. Bir neçə filmdən tərəf-müqabillərimə görə imtina etmişəm. Həmçinin teatrda da... Bu məsələyə xüsusi diqqət edirəm. Əsər yaxşı, rejissor ağıllı, tərəf-müqabillərim məni anlayan aktrisalar olmalıdır. Dəvət ediləndə rejissorun kimliyi, gördüyü işlərlə mütləq maraqlanıram. Mən istedadı olan, özünü, sözünü dərk edən insanlarla işləməyi üstün tuturam.


Müəllif: Nərmin Muradova