7 Aprel 2022 17:45
1 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Bələdiyyə Teatrında yeni tamaşanın hazırlıqları başlayıb. Bu dəfə teatr italiyalı yazar Dario Fonun “Oğrun-oğrun sevmə” əsərini səhnələşdirir.

Bunu Teleqraf.com-a aktrisa Zülfiyyə Qurbanova deyib.

Onun sözlərinə görə tamaşa komediya janrındadır. Quruluşçu rejissoru Tural Baxışdır. Səhnə əsərində Zülfiyyə Qurbanova, Tural Əhməd, Günel Həmidova, Toğrul Rza, Asif Rəhimov, Əfqan Soltanov, Əzizə Həşimova yer alır.

Tamaşanın premyerası yaxın aylarda keçiriləcək.

“O zal hansısa qurum vasitəsilə dolmamışdı”

Karantindən sonra Bakı Bələdiyyə Teatrının çox qaynar iş sistemində çalışdığını bildirən aktrisa ötən həftə baş tutan tamaşalara da toxundu: “Hər iki tamaşa anşlaqla keçdi. O zal hansısa bir qurum vasitəsilə dolmamışdı. Tamaşaçı istəyərək, sevərək gəlmişdi”.

“Bəyənənlər daha çox idi”

“Tamaşalardan biri yazıçı Firuz Mustafanın “Sehrbaz” psixoloji dramı idi. Digəri isə müəllifi və rejissoru Bəhruz Vaqifoğlu olan “Sən qayıdacaqsan” tamaşasıdır.

“Sehrbaz” tamaşasının quruluşçu rejissoru Mərahim Fərzəlibəyovdur. Tamaşada rolları İsmayıl Atakişiyev, Tural Əhməd, mən və Aynur Abbasova canlandırıb. İki ay ərzində tamaşanın üzərində iş getdi. Sevinirəm ki, tamaşaçıların rəyləri çox müsbət idi. Təbii ki, bəyənməyənlər var və bu normaldır. Amma bəyənənlər daha çox idi.

Əsərdə Şəhla ana obrazını canlandırırdım. Psixoloji yükü olan obrazdır. İllər öncə balasını itirdiyini düşünür. Amma ürəyinin bir köşəsində övladının sağ olduğunu hiss edir. Hadisələrin necə cərəyan etdiyini tamaşanın gedişatında daha aydın görmək olar. Onu deyə bilərəm ki, bacardığım qədər rolumu yaxşı ifa etməyə çalışdım.

Tamaşanın növbəti nümayişləri də nəzərdə tutulur. Bilirsiniz ki, tamaşa davamlı oynanıldıqca öz yerini, formasını tapır.

“Sən qayıdacaqsan” tamaşasının müəllifi və quruluşçu rejissoru Bəhruz Vaqifoğlu idi. Tamaşa müharibənin yaratdığı fəsadlardan bəhs edir”.


Müəllif: Nərmin