14 Aprel 2022 18:30
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı döyüşçü Kenni Rok “Oskar” mərasimində qardaşı Krisin üzünə yumruq vuran Uill Smiti boks döyüşünə çağırıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Kenni iyunun 11-də Floridada döyüşəcək və ilk rəqibi kimi aktyor Uill Smiti seçib. O, qardaşının Smitin sosial şəbəkələr vasitəsilə yayımladığı üzrxahlığını qəbul etmədiyini bildirib və döyüş zamanı onu məhv edəcəyini deyib.

Aktyor boksçunun bu çağırışına hələlik cavab verməyib.

Qeyd edək ki, martın 28-də keçirilən “Oskar” mərasimində aparıcı Kris Rok Uill Smitin həyat yoldaşı ilə bağlı birmənalı qarşılanmayan fikirlər söyləyib. Əsəblərini cilovlaya bilməyən Smit səhnəyə gələrək Roka şillə vurub. Daha sonra aktyor bu davranışına görə peşman olduğunu bildirərək Amerika Kino Sənəti Akademiyasından istefa verib və Kris Rokdan üzr istəyib.

Akademiya öz növbəsində aktyora 10 il ərzində təşkilatın tədbirlərinə, o cümlədən “Oskar” mükafatlarına qatılmağa qadağa qoyub. Amma buna baxmayaraq Hollivud ulduzu “Oskar”a namizəd ola bilər.

Kris Rok isə elan edib ki, mərasimdə baş vermiş hadisəni pul qarşılığında şərh edəcək.


Müəllif: Nərmin