18 Aprel 2022 13:10
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin nəticələri elan olunsa da bir çox məsələlər kino ictimaiyyəti üçün qaranlıq qaldı.

Nazirlik mətbuata açıqlamasında müsabiqədə keçən layihələrin siyahısını verməklə kifayətləndi: “Buta Film” MMC-nin "Ata və oğullar", “Ultra Production”nın "Əlvida, noyabr", “Nova Gorica” Kino Mərkəzi MMC-nin "Qıfıl", “Mandarin Agency” Co-nun "Mavi sviterli adam", “Narimanfilm” MMC-nin "Müqəddəs inək", “Ultra Production” "Ölü Həsən", “Cinemedia” MMC-nin "Uçurum".

Əldə etdiyimiz məlumata görə, qalib gəlmiş yeddi layihədən ikisi - “Qıfıl” və “Ölü Həsən” istehsalata yönəlib. Qalan layihələrə isə ssenarinin inkişafı ilə bağlı dəstək olunacaq.

Ssenarinin inkişafına yönəlik dəstək hansı formada həyata keçiriləcək və bu məsələdə Mədəniyyət Nazirliyinin nəzarət mexanizmi necə olacaq? Həmin layihələrin ssenarilərinə redaktə və əlavələr olunandan sonra onlarla kim tanış olacaq? Həmin ssenarilərin dövlət tərəfindən istehsalata buraxılması nəzərdə tutulurmu? Ssenarilərin inkişafı ilə bağlı nə qədər vəsait ayrılması mümkün sayılır?

Çünki ümumi büdcə 300 min manat elan olunub. İstehsalat üçün nəzərdə tutulan “Qıfıl” və “Ölü Həsən” layihələri toplamda Mədəniyyət Nazirliyindən 80 min manat istəyiblər. Qalan 220 min manat vəsaitin hansı formada xərclənməsi planlaşdırılır?

Mədəniyyət Nazirliyi Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, ssenarinin inkişafına maliyyə dəstəyinin göstərilməsi nəzərə tutulan beş layihənin yenidən müsabiqəyə təqdim edilməsi tövsiyə olunacaq.

“Xəbər verdiyimiz kimi, mədəniyyət sahəsinə yeni yaradıcı qüvvələrin gəlməsinə yol açmaq, bu istiqamətdə çalışan şəxslərin və qurumların fəaliyyətini stimullaşdırmaq, mədəniyyət xadimlərinin peşəkarlığının artırılması vasitəsilə inkişafa nail olmaq, müasir standartlara uyğun sənət nümunələrinin yaranmasına dəstək olmaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsi başa çatmışdır.

Müsabiqənin Münsiflər heyəti tərəfindən iki layihənin həyata keçirilməsinə, perspektiv vəd edən beş layihənin isə dünya təcrübəsində olduğu kimi inkişafına maliyyə dəstəyinin göstərilməsi qərara alınmışdır. Sözügedən layihələrin inkişaf etdirilməsi prosesi Münsiflər heyətinin nəzarəti altında həyata keçiriləcək və layihələr üzərində iş başa çatdıqdan sonra istehsalına dövlət dəstəyi göstərilməsi üçün onların yenidən müsabiqəyə təqdim edilməsi tövsiyə olunacaq.

Müsabiqə üçün nəzərdə tutulan ümumi büdcə fondu Nazirliyin bu müsabiqəyə ayıra biləcəyi maksimum dəstək həddini ifadə edir. Qalib layihələrə isə ümumi büdcə çərçivəsində tələb olunan və Münsiflər heyətinin müəyyən etdiyi məbləğdə vəsait ayrılır”.


Müəllif: Nərmin Muradova