19 Aprel 2022 11:23
1 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un müsahibi uzun illərdir Türkiyədə yaşayan əməkdar incəsənət xadimi, aktrisa, rejissor Məlahət Abbasovadır.

Onunla müsahibəni təqdim edirik.

- Məlahət xanım, uzun yol qət edib, “İblis"in Türkiyə dövlət teatrlarının repertuarına daxil edilməsinə nail oldunuz. Bu münasibətlə sizi təbrik edirik. Bu yolda əsas maneə nədən ibarət idi?

-Bütün türk dünyasının dahi yazıçısı Hüseyn Cavidin şah əsəri olan “İblis”in Türkiyə dövlət teatrlarının repertuarına daxil edilməsi çox böyük tarixi hadisədir. Buna nail olduğum üçün özümü xoşbəxt hiss edirəm. Bu əsər ilk dəfə 2019-cu ildə fəaliyyət göstərdiyim İstanbul Şəhər Teatrında səhnələşdirilib. Hər iki ölkənin dövlət rəsmilərinin iştirakı ilə premyera baş tutub və çox maraqla qarşılanıb.

Bilirsiniz ki, Hüseyn Cavid İstanbul Universitetində təhsil alıb. Burada o, türkçülük hərəkatının liderləri Mehmet Akif Ərsoy, Fəxri Fikrət kimi böyük şəxsiyyətlərin tələbəsi olub, onların dərnəklərində fəal iştirak edib. İstanbul həyatı Cavidin yaradıcılığından da göründüyü kimi onun dünyagörüşünə çox təsir edib. Türkiyəyə heyran olan bu insan pantürküst adı altında sürgünə göndərilib. Belə bir şəxsiyyəti türk tamaşaçısına tanıtdırmamaq böyük əskiklik idi.

“İblis” əsərinin repertuara daxil edilməsinin ən böyük səbəbkarlarından biri olan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova təşəkkür edirəm. İlk görüşümüzdə sənətə yaxınlığını, Azərbaycan əsərlərinin Türkiyədə tanıtmaq istədiyini görüncə mən bu istəyimi ona təklif etdim. Bu il Hüseyn Cavidin 140 illik yubileyidir. Düşünürəm ki, bu bizim Cavidin ruhuna olan hədiyyəmizdir. Onun ruhu qarşısında o borcu yerinə yetirmək mənim üçün bir xəyal idi. Sevinirəm ki, xəyalım gerçəkləşdi.

Məni bir çox maneələrin gözlədiyini bilirdim. Əsər 1918-ci ildə yazılmışdı və həmin dil bu günkü Türkiyədə istifadə olunmur. Pyes əruz vəznində yazıldığına görə vəzni itirmədən tərcümə olunmalı idi. Bununla yanaşı, bugünün tamaşaçısı Hüseyn Cavid fəlsəfəsini, ideologiyasını başa düşməli idi.

Teatrımızın dramaturqu İlmi Zəfər Şahinlə aylarca çalışdıq və türk tamaşaçısının başa düşə biləcəyi bir “İblis” yaratdıq. Bu, böyük nailiyyətdir. Bu işinə görə Şahin ilin ən yaxşı dramaturqu adını qazandı.

- Türkiyə Şəhər Teatrında hazırladığınız “İblis” istifadə etdiyiniz görüntü effektləri baxımından da seçilirdi. Yüksək maliyyəli tamaşa idi. Bu dəfəki tamaşa nə ilə yadda qalacaq?

- İstanbul Şəhər Teatrlarında səhnələşdirdiyim “İblis” çox böyük uğur qazandı. Tamaşaya 200 min dollara yaxın xərc çəkildi. Tamaşada İstanbulda ilk dəfə “Maping” 3D işıq cihazlarından istifadə edildi. Bələdiyyə başqanımız bu tamaşa üçün lazım olan xərci ödədi. Və tamaşa da ən yüksək səviyyədə tamaşaçıya təqdim olundu.

Dövlət Teatrlarındakı “İblis”də də eyni vizual effektlərdən istifadə etməyi düşünürəm. Bu günün teatrının şərtləri çox fərqlidir. Bütün dünya teatrlarında vizual effektlərdən geniş istifadə olunur. İşıqlara çox önəm verilir. Texnika, dekor və işığın ən yaxşısını bu tamaşa üçün sərf edəcəyik.

-Türk tamaşaçısının və teatr cameəsinin bizim əsərlərlə tanışlığı hansı səviyyədədir?

- Mən Türkiyəyə gəldiyim illərdə Azərbaycan dramaturgiyası burada tanınmırdı. İlk dəfə Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərini Bədii Şuraya təqdim edəndə soyuq qarşılandı. Dedilər, “Məlahət, bəlkə başqa əsər seçəsən...Rus ədəbiyyatından, yaxud Şekspirin əsərlərindən ola bilər”. Amma mən fikrimi dəyişmək niyyətində deyildim. Həmişə düşünmüşəm ki, burada yaşayan Azərbaycanın sənət insanları kimi üzərimizə düşən ən böyük iş əsərlərimizi tanıtmaqdır.

Əsəri Bədii Şuraya təqdim edəndə onun haqqında o qədər müfəssəl, aydın və tutarlı mətn yazmaq lazımdır ki, şurada olan yeddi nəfər sənə inansın. Bir sözlə, niyə bu əsəri səhnələşdirmək istədiymi onlara sübut etməli idim. Buna dramaturju raport deyilir. Həm tərcümə edirdim, həm dramaturji raportu yazırdım. Və demək olar ki, indiyə kimi təqdim etdiyim bütün Azərbaycan əsərləri qəbul edilib.

- Hazırda neçə əsərimiz Türkiyə repertuarlarında yer alır?

- 15-dən çox Azərbaycan əsərinin olduğunu deyə bilərəm. Bunlar Bəxtiyar Vahabzadə, Anar, Rüstəm İbrahimbəyov, Elçin Əfəndiyev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Həsən Həsənovun əsərləridir. Xəyallarım gerçək olub. Nə qədər ki, bu teatrda işləyirəm, Azərbaycan əsərlərini Bədii Şuradan keçirib türk tamaşaçısına qazandıracam. Ki, çoxunu artıq edirəm. Məncə, bu, mənim missiyamdır.

Hazırladığımız bütün tamaşalar böyük uğur qazanıb. “Şekspir” tamaşası 44 dəfə, “Qatil” 144 dəfə oynanılıb. Bu, böyük uğurdur. Artıq türk tamaşaçısı Azərbaycan yazıçılarının əsərlərini tanıyır.

Qeyd edim ki, Dövlət Teatrlarının Repertuarında təqdim etdiyim üç Azərbaycan əsəri yer alır: “Qatil”, “Arılar arasında” və yenicə qəbul olunan “İblis”.

- Əsərləri hansı kriteriya əsasında seçirsiniz? Türk tamaşaçısının zövqünü, yoxsa lazım bildiklərinizi nəzərə alırsınız?

- Əsər seçərkən onun ümumbəşər olmasına fikir verirəm. Tamaşaçı zaldan çıxandan sonra onun yaddaşında nə qalacaq, hansı nəticəyə gələcək? Mən bu əsərlərlə tamaşaçıya nə demək və necə demək istəyirəm? Bu suallar hər zaman məni düşündürür.

İstəyirəm ki, tamaşaçı tamaşadan dərs alaraq çıxsın. Məncə, ən doğru olan budur.

30 ildir Türkiyədə yaşadığıma görə türk tamaşaçısının zövqünü, marağını bilirəm. Qardaş ölkə olsaq da mentalitet fərqimiz var. Mənə Azərbaycandan çox əsərlər göndərirlər. Oxuyan kimi bilirəm ki, türk seyrçisinin marağında olmayacaq. Əlbəttə, türk xalqının zövqünə uyğun əsər seçirəm. İstəyirəm ki, hazırladığım tamaşalar böyük səs-küyə səbəb olsun.

Mən ümumbəşəri mövzulara üstünlük verirəm, məişət mövzusu mənə görə deyil. Elçin müəllimin dramaturgiyasını ruhuma çox yaxın hiss edirəm.

- Bir dəfə demişdiniz ki, ən böyük arzularınızdan biri Azərbaycan və türk sənətçilərinin iştirakı ilə tamaşa hazırlamaqdır. Buna bu dəfəki “İblis” də nail ola biləcəksinizmi?

- Əsəri səhnəyə hazırlayanda iblis rolu üçün Bakıdan aktyor dəvət etmək istəyirdim. Azərbaycanda Mədəniyyət Nazirliyinə, Türkiyədə Bələdiyyə başqanımıza müraciət etdim. Söz verdilər ki, bütün ehtiyaclar qarşılanacaq. Amma çox heyif ki, Azərbaycan tərəfindən bu məsələ reallaşmadı. İblisi oynayacaq aktyorun şərtləri var idi. Türkiyədə bütün şərtlər qəbul olundu, buna baxmayaraq yenə alınmadı. İblisi Türkiyədən seçmək məcburiyyətində qaldıq.

Tamaşanın möhtəşəm musiqilərini Aygün Səmədzadə yazdı. O türk tamaşaçısına “Azərbaycan musiqisi necə olmalıdır” onu göstərdi. Musiqi ən az tamaşa qədər böyük səs gətirdi.

Onu qeyd edim ki, bu dəfəki “İblis” tamaşası üçün də Azərbaycandan aktyor gətirməyə çox səy göstərəcəm. Teatrın rəhbərliyinə bununla bağlı müraciət edəcəm, ümud edirəm qəbul olunar. Və iblisi azərbaycanlı aktyor canlandırar.

- Azərbaycandan Türkiyəyə gedib orada fəaliyyət göstərmək istəyən gənclərə necə dəstək olursunuz? Sizin üçün də bu yol asan olmayıb.

- Doğru deyirsiniz, bu yerlərə gəlmək mənim üçün asan olmadı. Azərbaycanda Məlahət Abbasova idim, amma Türkiyədə heç kim. Hər şeyi sıfırdan başladım. Əziyyətin, büdrəmənin, yıxılmağın nə olduğunu yaxşı bilirəm. Qalxırsınız, yeriyirsiniz, qarşınıza yeni maneə çıxır, daşa dəyirsiniz, yıxılırsınız, yenə qalxıb, ayaq üstə durmalısınız. Ən sonda elə vəziyyətə gəldim ki, hər şeyi qoyub getmək istədim. Amma sonra dedim: “Yox, Məlahət, ümidini itirmə”.

Uduzduğun yer ümidinizi itirdiyiniz yerdir. Bunu tələbələrimə də deyirəm. Şükürlər olsun ki, sıfırdan başlayan Məlahət Abbasova kimi teatrın direktor müavinliyinə qədər yüksəldim. Teatrda tamaşalarda oynayıram, mükafatlar alıram, xarici ölkələrə qastrola gedirəm. Bu çətinliyi göndüyüm üçün Azərbaycandan gələnlərə köməklik etməyə çalışıram.

Bizim teatra Azərbaycan çox gələn olur. Bu gün “Yemin” serialında çəkilən Yağmur Şahbazovanın Türkiyəyə gəlişinin ən böyük səbəbkarı mənəm. Doğrudur, istehsalçı şirkət onu çox bəyəndi, əlaqələri isə mən qurdum.

- 44 günlük Qarabağ savaşı, Şuşa ilə bağlı layihələriniz varmı?

- Ali Baş komandan və qəhrəman əsgərlərimiz sayəsində Qarabağımız geri alındı. Qarabağın mənim həyatımdakı yeri bir başqadır. Anam Cəbrayıldandır. Cəbrayıl alınanda sevincimin həddi-hüdudu yox idi. Ailə olaraq da həyatımızda Qarabağ savaşının fərqli yeri var. Birinci Qarabağ savaşında bibim oğlu Ağdamda itkin düşdü. İkinci Qarabağ savaşında dörd yaxınımızı itirdik.

Şuşaya bayrağı sancan qəhrəman oğullarımızdan biri də mənim doğmamdı. Xüsusi təyinatlı olduğu üçün adını söyləmək istəmirəm. Çox qohumlarım ordumuzda yüksək rütbədə çalışır. Demək olar ki, biz nəsil olaraq dövlətə xidmət edən ailəyik.

Arzu edirəm ki, Qarabağla bağlı güclü ssenari, pyes yazılsın və mənə göndərilsin. Onun gerçəkləşməsi üçün əlimdən nə gəlirsə etməyə hazıram.

Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olması bütün dünyaya bir mesajdır: Qarabağ Azərbaycandır, Azərbaycan Qarabağdır.


Müəllif: Nərmin Muradova