26 Aprel 2022 10:40
3 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışan fotolar”ın bu dəfəki qonağı xalq artisti, teatr və kino aktyoru, rejissor, ssenarist, pedaqoq, Yuğ Teatrının aktyoru, “M- Teatr”ın yaradıcısı Vidadi Həsənovdur. Onunla “M- Teatr”ın yeni məkanında görüşdük. 2016-cı ildə fəaliyyətə başlayan teatr bundan sonra tamaşaçısını bu səhnədən salamlayacaq.

Vidadi müəllimlə söhbətə “Qanun” nəşriyyatının üçüncü mərtəbəsində teatra gedən dəhlizdən başlayırıq... Müsahibim deyir, vaxt gələcək bu şəkillərin də öz tarixçəsi olacaq.

- Antuan De Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərini “M-Teatr”da səhnələşdirmişdik. Həmin tamaşanın eskizləridir. Təəssüf ki, bir dəfə oynaya bildik. Bu, mart ayında təşkil etdiyimiz ilk Müstəqil Teatrlar festivalının afişasıdır. Otağın divarlarına maraqlı görkəm vermişik. Baxın, bizim ilk tamaşamızın dəvətnaməsidir. Satdığımız biletlər, tamaşaların geyimləri... Teatrın kostyum sexi yoxdur. Düşündük və belə qərara gəldik ki, hamısını dekor kimi istifadə edək, həm divarlarımız boş qalmasın, həm görüntü gözəl olsun.

- Kinoda ilk işim olan “Bəyin oğurlanması”ndan sonra bir ildə iki filmə çəkildim: “Burulğan” və “İşarəni dənizdən gözləyin”. Bir gün institutun həyətində biri mənə yaxınlaşdı, dedi, adım Akif Rüstəmovdur, bir film çəkirik, istəyirəm gələsən. Getdim, Eldar müəllim də baxdı, söhbət elədik. Yalan olmasın, 10-12 sınaq çəkilişinə məni dəvət etdilər. İşdən icazə alıb gedirəm, amma hər dəfə başqa aktyorları çəkirlər, mən qalıram.

Təsəvvür edin, sonuncu çəkiliş günüdür: kinostudiyanın həyətindəyik. Sınaq çəkilişi üçün məndən başqa iki nəfər də gəlmişdi. Eldar müəllim iki aktyoru çəkdi, “bitdi, vəssalam” deyib gedəndə Akif müəllim məni göstərə- göstərə ona nəsə dedi. O da əliylə razılıq işarəsini verdi. Məni sınaq üçün Akif müəllim çəkdi. Məkan uğursuz, üstəlik də rejissorun münasibətini gördüyümə görə çox dilxor oldum, əmin idim ki, məni çəkməyəcəklər. O illərdə həyat çətin idi, işdən sonra başqa bir yerdə işləyirdim. Akif müəllim də bunu bilirdi.

Xeyli vaxt keçəndən sonra günlərin bir günü Akif müəllim mənim işlədiyim yerə gəldi. Dedi, təbrik edirəm, filmə sən çəkiləcəksən. Mənsə tamam ümidimi itirmişdim. O rola indi adlarını çəkmək istəmədiyim elə aktyorları sınaqdan keçirmişdilər ki, mən özümü şanssız hesab edirdim. Üstəlik düşünürdüm ki, Eldar Quliyev də məni bəyənməyib.

Amma o filmin çəkilişi prosesində Eldar müəllimlə çox yaxşı ünsiyyətimiz yarandı. Eldar Quliyev böyük sənətkar, böyük məktəb idi. “Burulğan”dan sonra məni iki filminə - “Təxribat” və “Dərvişin qeydləri”nə çəkdi.

"Burulğan" filminin çəkilişi zamanı iki aya yaxın adada yaşadıq. Filmdə canlandırdığım Adilin döyülmək səhnəsini Eldar müəllim səhəri günə saxladı. Adada hava qaralanda hərəmiz öz çadırımıza çəkilirdik. Eldar müəllim yanımdan keçəndə soruşdu: “Vidadi “Xaç atası” filminə baxmısan?” Yox, dedim. Dedi, o filmdə aktyoru vururlar, o da üç metr süzür, yıxılır yerə. Eləyə bilərsən? Bilmirəm, dedim. O da ironik güldü, bu mənə çox pis təsir etdi.

Prinsipə düşdüm, çadırımdan döşəkçəni götürüb adanın o biri tərəfinə getdim, döşəkçəni yerə sərdim və başladım tullanmağa. Səhəri gün çəkilişə gələndə, dedim, Eldar müəllim hazıram, eləyəcəm. Səhnə beləydi: aktyor məni hündür qayanın üzərindən atır və mən də yıxılıb yumalanıram. Yalan olmasın, həmin kadr 12-13 dubla çəkildi.

Ondan sonra mən bir həftə əlimi yaxşı hərəkət etdirə bilmədim, ayağımı çəkə-çəkə gəzirdim. Həmin kadr ekranda bir-iki saniyə nümayiş olunur.

- Bildiyim qədər Akif müəllim sizi yamanca içizdiribmiş...

- Hə, olub. Filmdə zorlama səhnəsini çəkməyə hazırlaşırdıq. Həmin səhnədə tərəf-müqabilim latviyanın xalq artisti Eqle Qabrinayte idi. Səhnə dənizin içərisində üç dubla çəkiləcəkdi, ona görə bizə üç dəst geyim hazırlanmışdı. Hava sərin... Adada mağaza yoxdur, 7-8 gündür gəlmişik, bütün ehtiyatlarımız tükənib. Akif müəllim çox tədbirli adamdır, məni də, Eqleni də kənara çəkdi, 100 qram süzdü, dedi, soyuq olacaq, için ki, tab gətirə biləsiniz.

Mənə də göz vurub “sənə həm də cəsarət üçün verirəm”, dedi. Eqle təcrübəli aktrisa idi, mən isə cavan, təcrübəsiz... Akif müəllim bütün çəkilişboyu demək olar ki, mənim arxamca gəzirdi, əlimə çətir verib deyirdi, gündən özünü qoru, qaralma.

- Vidadi müəllim, valideynləriniz hansı rolunuzu xüsusi bəyənib?

- Atam heç bir işimi görmədi, çünki çox cavan rəhmətə getdi. “Burulğan” filmini Gəncədə nümayiş etdirirdilər. Evə gəldim, anamı götürüb, troleybusla şəhərin mərkəzinə - kinoteatra gətirdim. Anama da filmdən, ilk dəfə filmdə baş rol oynamağımdan çox həvəslə danışmışam. Kinoteatrda anamla filmə baxdıq, dənizkənarı səhnəni də izlədi. Kinoteatrdan çıxıb evimizə 40-45 dəqiqə yol gəldik, bir kəlmə də danışmadı.

İçəri girən kimi ilk sözü bu oldu: "Mən indi kimin qapısına gedib deyim ki, mənim oğluma qız verin. Sənə kim qızını verər?" Ona elə gəlirdi ki, mənim o səhnədə çəkilməyim böyük biabırçılıqdır.

İnstitutda oxuyanda mən Şüvəlana, Mərdəkana gedib Pioner düşərgəsində dəstə rəhbəri olurdum. Bir il dəstə, daha sonralar baş dəstə rəhbəri işlədim.

İki il bundan əvvəl bir xanımdan zəng gəldi, dedi, anam sizin rəhbəri olduğunuz pioner düşərgəsində qalıb. Həmişə sizdən danışır, sizi xatırlayır və sizi görmək istəyir. Mən də sizi görüşdürmək istəyirəm. Günlərin bir günü, səhv etmirəmsə, “Bir gecənin nağılı” tamaşasından sonra şəkildə gördüyünüz xanım mənə yaxınlaşdı, özünü təqdim etdi və biz o günləri xatırladıq.

O xoş bir görüş oldu. Bu qədər uzun vaxt keçməsinə baxmayaraq məni uşaqlıq yaddaşında saxlamışdı. O görüşdən xatirə olaraq bu şəkli çəkdirdik.

- İndiyə qədər dörd kitabım çap olunub. Onlardan ikisi şeirlər kitabı (“Mən şair olmaq istəmirəm” və “Qum dənələri”), biri tərcümə pyeslər, digəri səhnələşdirmələrdir. Növbəti kitab güman ki, ssenarilərimlə bağlı olacaq.

Tərcümə etdiyim əksər pyeslər Yuğ teatrında oynanılır.

- Şair olmaq istəməyən adam şeirlər kitabı çıxarır...

- 4-cü sinifdən şeir yazsam da mən şair deyiləm. Şair Ramiz Rövşən, Vaqif Səmədoğlu, Adil Mirseyid, Vaqif Bayatlıdır. Mən sadəcə beynimdən keçirdiyim fikirləri kağıza köçürürəm. “Mən şair olmaq istəmirəm” kitabı 90-cı illərdə yazılmış şeirlərin cəmidir. Çətin həyat... Çətin yaşayış...

- Kitablarınızı hədiyyə verirsiniz, yoxsa satırsınız?

- Onları hədiyyə verməyə imkanım yoxdur. Çünki çapına pul verməmişəm. Hamısını “Qanun” nəşriyyatının naşiri dostum Şahbaz Xuduoğlu çap etdirib, mən də sadəcə onların satışında köməklik göstərirəm.

- “Yalan” filmindən fotodur. Bu filmə çəkilməyimin maraqlı tarixçəsi var. Mərhum Ramiz Əzizbəyli ilə bir kafedrada çalışırdıq. Bu filmi ona tapşırmışdılar. Bir gün ssenarini mənə verdi, dedi, çobanlardan hansını bəyənsən, səni o rola çəkəcəm. Ssenarini oxudum, fikrimi dedim. Soruşdu, Yavər rolu xoşuna gəlmədi? Dedim, Ramiz müəllim mən də bunu sizdən gözləyirdim. Məni də sınaq çəkilişinə çağırın. Mənimlə bərabər bir çox aktyor bu sınaq çəkilişlərində iştirak etdi. Bədii Şura baxdı və məni təsdiqlədi.

- Bu şəkil “Qala” filmindəndir. Çayxana səhnəsidir, Rasim Balayevlə birgə... Hər iki rol öz həyat tarixçələri ilə çox maraqlı idi. Rasim Balayevlə çəkildiyim ilk film idi. Çox xoş idi.

Sizə maraqlı bir hadisə danışım. Filmi rejissor Şamil Nəcəfzadə çəkib, ikinci rejissor da Akif Rüstəmovdur. Məni sınaq çəkilişinə dəvət etdilər. Hətta dedilər ki, rol gərəyi bir palto da lazımdır. Mən də çəkilişə palto ilə getdim, çəkiliş başa çatdı, elə getməyə hazırlaşanda Şamillə Akifin danışığını eşitdim.

Söz arası dedilər ki, sabah başqa bir aktyoru da çəkilişə dəvət edəcəklər. Bunu eşidib, ayağımı saxladım, paltonu asılqandan asıb dedim: “Mən bu paltonu burda saxlayıram, siz əziyyət çəkməyin, kimi istəyirsiniz sınaq çəkilişinə çağırın, amma bilin ki, bu rola mən çəkiləcəm”.

Mən deyən oldu, rola mən çəkildim, elə həmin paltondan da istifadə etdim.

-“Çölçü” adlı bir ssenari yazmışdım. Ssenarinin istehsala buraxılması Mədəniyyət Nazirliyində təsdiq olundu. Filmin rejissoru Şamil Əliyev, operatoru Rafiq Quliyev idi. Rejissor ssenarisi yazıldı, nəhayət, növbə aktyorların kastinqinə çatanda xəbər tutdum ki, Ulu Çölçü rolu üçün bir neçə aktyoru sınaqdan keçirirlər. Bir gün girdim otağa, dedim, hamını sınaqdan keçirirsiniz, məni niyə çəkmirsiniz? Cavab verməyə tərəddüd etdilər.

Dedim, səbəbini bilirəm, elə bilirsiniz ki, məni çəksəniz, ssenarist kimi addımbaşı sizi izləyib, işinizə müdaxilə edəcəm? Qətiyyən elə olmayacaq, mən əgər aktyor kimi çəkilsəm, ancaq öz işimi görəcəm. Dedilər, sınaq çəkilişinə çəkərik, amma ondan öncə foto çəkiliş edək.

Onlar bu sözü deyəndə mən bax, elə bu və buna bənzər şəkilləri göstərib dedim: Bu da şəkillər. Mən artıq bilirdim ki, bu danışığa gedəcəm. Ona görə də dostum, qrim ustası Elbrus Vahidov, ikinci rejissor Akif Rüstəmov, bir də fotoqraf Babək Sübhani bir yerə yığışıb bu şəkilləri çəkdirdik.

Elbrus məni qrim etdi, Akif müəllim mənə istiqamət verdi, kinostudiyanın həyətində də Babək mənim bu görkəmdə şəkillərimi çəkdi. Bu şəkil bizim özfəaliyyətimiz kimi tarixə düşdü.

- Vidadi müəllim, sizin Ulu Çölçü, oynadığınız Çölçüdən çoxmu fərqlənirdi?

- Mənim yazdığım ssenari ədəbiyyatdır. Ssenari lentə köçürüləndə artıq film olur. Səhv etmirəmsə “Çölçü” lentə çəkilən son film oldu. Film isə rejissorundur. Rejissor ssenarini oxuyur, öz filmini necə görürsə onu çəkir.

- O zamanlar söz-söhbətlər gəzdi ki, siz filmdən narazı qaldınız, hətta Şamil müəllimlə də aranızda inciklik yarandı.

- Ssenarini mən yazmışam. Ssenari ilə filmin arasında fərq var. Amma film rejissorun olur. Rejissor da öz filmini bu cür çəkib. Filmə ilk dəfə baxandan sonra Şamilə yaxınlaşıb, onu təbrik etdim. Dedim, mən bu filmi sənin filmin kimi qəbul edirəm. Amma mən bir az başqa cür yazmışdım.

Baxın, əgər film lazımi nəticəni əldə etməsəydi, festivallarda uğur qazana bilərdimi? Şamillə incikliyimiz olmayıb: nə rejissor-aktyor kimi, nə də rejissor-ssenarist kimi...

“Çölçü” orda çalışan insanların səyi, bəzən də qəhrəmanlığı nəticəsində ərsəyə gəlib. Çətin həyat və mühit şərtlərində işləmək o qədər də asan deyil.

- Səsi festivallardan gələn “Çölçü” Şamil Əliyevin sayəsində gündəmdə qalmağı bacardı.

- Hərdən Şamilə zarafatla deyirəm ki, daha festivallara göndərmə. Qoy başqaları da mükafat alsın. Şamil bu mənada həqiqətən çox zəhmət çəkib.

Bizim çox rejissorlarımız var ki, filmlərini çəkir, sonra onun taleyi ilə maraqlanmır. Amma Şamil həm “Çölçü” nü, həm də ondan sonra çəkdiyi “Yaradanlar” sənədli filmini festivallara göndərir, mükafatlar alır. Bu insan öz gördüyü işə hörmətlə yanaşır. Onun dəyərini ortalığa çıxarır.

Bu mənada Şamil böyük iş görür. “Çölçü” bu gün də öz taleyini yaşayır. Hərdən festivalların səviyyəsini müzakirə edirlər. Amma, məncə, bunun önəmi yoxdur. Festivaldır, insanlar baxır, fikir bildirir - əsas olan budur.

- Bu, Akademik Milli Dram Teatrında “Dədə Qorqud” dastanı əsasında hazırlanmış “İlahi oyun” tamaşasından fotodur. Rejissor Mikayıl Mikayılov idi. Tamaşada Novruz Savalan, Pərviz Məmmədrzayev, Nigar Güləhmədova və mən oynayırdıq.

Çox uğurlu tamaşa oldu, beş festivalda iştirak etdik. İndiyə kimi o tamaşa bir çox insanların xatirindədir. Canlı ifası, plastik həlli, quruluşu, səhnə tərtibatı baxımından çox fərqli və son on illiyin uğurlu tamaşalarından biri idi.

Biri gözləmə zalında, digəri təyyarədə çəkilib. Çəkilməyindən də xəbərim olmayıb. “Daxildəki ada” filminin rejissoru, mənim çox hörmət etdiyim Rüfət Həsənov paylaşanda gördüm.

Təsəvvür edin, 1984-cü ildən filmlərə çəkilirdim, ilk dəfə idi mənə zəng edilir və deyilir ki, Serbiyada Paliç deyilən bir yerdə festivala gedirik. Əvvəlcə inanmadım. Təyyarəyə minəndə artıq tam əmin oldum. Bu mənim iştirak etdiyim ilk film festivalı idi.

- Vidadi müəllim, əksər filmlərinizdən danışdıq, onlara istinad edərək mənə elə gəlir ki, "Daxildəki ada" filmində çəkilməyinizin də ayrıca bir əhvalatı var.

- Var, var... Günlərin bir günü filmin direktoru Nadir Əliyev mənə zəng edib deyir ki, bir istedadlı rejissor var, səni filmə çəkmək istəyir. Üstəlik, ssenaridəki rolu səni düşünərək yazıb, hətta sənin oxuduğun “Hara gedirsən, ay gəmi” mahnısını da ora əlavə edib.

Dedim, Nadir müəllim, əgər bu qədər söz dedinizsə, deməli, yaxşı da pul verəcəksiniz. Dedi, bax o olmayacaq. Sənə bu qədər verəcəyik. Razılaşmadım. Bu söhbətin üstündən bir neçə gün keçir. Nadir Əliyev yenə zəng edir və deyir, Vidadi, mənim başqa çarəm yoxdur. Ya gərək sənə verdiyim pula gedib sənin üzünün maskasını hazırlayım, özüm geyinim çəkilim. Ya da gərək sən çəkiləsən.

Dedim, Nadir müəllim, siz mənə elə bir söz dediniz ki, mən gərək mütləq o filmdə çəkiləm. Sevinirəm ki, çəkilmişəm... Sevinirəm ki, film bu il “Oskar”ın xarici filmlər siyahısına düşüb, Sarayevo Film Festivalında “Ən yaxşı rejissor işi” nominasiyasında qalib olub. Bu, Azərbaycan kinosunun uğurudur, böyük, fəxr ediləsi işdir.

Bu filmlə bağlı Kazan Film Festivalına fəxri qonaq kimi dəvət olunmuşdum.

- Xarici tamaşaçı ilə birgə filmə baxmaq necə hiss idi?

- O bir tərəfə, mən filmə ilk dəfə məhz Serbiyada baxmışam. “Daxildəki ada” çox maraqlı əhvalatdır. Filmi öncə əhvalatı ilə insanı özünə cəlb edir. Mənim o rejissorlardan xoşum gəlir ki, onlar əhvalatı istədikləri formada danışmağı bacarırlar. Və bununla öz filmini çəkirlər.

Etiraf edim, filmdə bir epizod var idi, mən şahmatçı oğlumla nazirin yanına gəlirəm. Nazir klişe sözlər deyir. Bu epizod çəkiləndə ehmalca Rüfətə yaxınlaşdım və dedim sən inanırsan ki, bu epizodu buraxacaqlar? O da dedi ki, əgər bu epizodu buraxmasalar, mən filmi göstərməyəcəm. Doğurdan da o epizod hələ də filmdə qalır.

Film çox böyük əziyyətlər hesabına başa gəlib, çox az büdcə ilə çəkilib. İnandırıram o büdcəni harda desək, inanmazlar. Bəzi insanlar, məmurlar deyirlər ki, çəkə bilirlərsə, elə o qiymətə də çəksinlər. Bunu bir, ya iki dəfə çəkmək olar. İnsanlar ömürlərini buna həsr etməli deyillər axı. Kino dünyanın ən gəlirli biznes sahələrindən biridir. Filmə 1 milyon qoyub, 50 milyon gəlir götürürlər. Bizdə hələ də o düşüncə formalaşmayıb.

Mən Kazan Festivalında seçim komissiyasından yer alan çox görkəmli nümayəndələrlə tanış oldum. Onlardan Azərbaycan filmləri barədə fikirlərini soruşurdum, hətta video da çəkmişəm, paylaşmışam. Kino mütəxəssisləri bizim filmlər haqda ağız dolusu danışırdılar.

Doğurdan da Azərbaycan müstəqil kinosu çox böyük uğurlar qazanıb. Eləcə də dövlət sifarişi ilə çəkilən müəllif filmləri... Rejissor öz əhvalatını özü istədiyi kimi çəkmək istəyəndə film uğurlu olur. Beynəlxalq festivalların əksəriyyətində Azərbaycan filmlərinə rast gələcəksiniz. Hilal Baydarov, Elvin Adıgözəl, Daniel Quliyev, Rüfət Həsənov, Elçin Musaoğlu və digərləri...

Yaxşısı var, biz onunla öyünürük. Bu insanların sayı çoxdur, sadəcə onlar üçün şərait yaradılmalıdır. Niyə biz yaxşı ssenarini xarici rejissora veririk, milyonlarla pul xərclənir, ən nəhayət, o da filmi korlayıb çıxıb gedir. Azərbaycanlı film çəkmək istəyəndə pul yoxdur deyilir. Qəpik-quruşla iş görüb, ortalığa yaxşı iş çıxarırıq, sonra da onu Hollivudun ən yaxşı filmi ilə müqayisə edirlər, ay qardaş, ona 50 milyon xərclənib, bunu isə 300 minə çəkmişik. Sən nəyi nə ilə müqayisə edirsən?

Bu filmlər insanların qəhrəmanlığı bahasına başa gəlir. Elə müqayisə etmək istəyirsinizsə, onda kino insanlarına şərait yaratmaq lazımdır. Pul verməyin, amma pulun kinoya gəlməsi üçün şərait yaradın. Əgər böyük şirkətləri vergidən və digər öhdəliklərdən azad etsələr, onlar özləri bu işdə maraqlı olarlar.

Kino da o zaman daha müstəqil fikri, müstəqil düşüncəni ortalığa qoyar. Və onda bizim festivallardakı uğurlarımız indikindən qat- qat çox olar. Daha keyfiyyətli festivallara gedə bilərik. Bu, nağıl deyil. Bunu görə biləcək insanlar bizdə var, həmin insanlara şərait yaratmaq və inanmaq lazımdır.

- Bu şəkil kino yaradıcılığımda rəğbətlə yanaşdığım filmlərdən biri - “Olimpiya”dandır. Obrazım məktəbdə dərs deyən hərbi hazırlıq müəllimidir. Maraqlı bir iş oldu. Zaqatalanın kəndində çəkilirdi.

-Bu mənim nəvəmdir. Kitabımın imza günündə gözlənilmədən gəldi. Mən də çox böyük hörmətlə ona kitabı bağışladım.


Müəllif: Foto: Ceyhun Rəhimov, Nərmin Muradova