2 May 2022 19:56
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Musiqili Teatrda caz tamaşa hazırlanır.

Bu barədə Teleqraf.com-a tamaşanın rejissoru, Prezident mükafatçısı İradə Gözəlova məlumat verib.

"Lara Martin's Jazz Club" adlanan tamaşa N.Ostrovskinin "Cehizsiz qız əsəri əsasında" hazırlanıb.

“Tamaşa caz klubda baş verəcək. Canlı musiqi, gözəl canlı ifalar, hətta tamaşaçılara içkilər də təklif olunacaq VİP stollar da nəzərdə tutulub... Və bu caz abu-havasında əsərin süjet xətti inkişaf edəcək. Bizim yaratdığımız “Lara Martin's Jazz Club”da "Birds" adlı rəqs qrupu da çıxış edəcək. Bu rəqs qrupunu balet aktyorlarından yaratmışıq. Bütün bunlar tamaşaçıları əsl caz klub atmosferinə salacaq. Bizim əsas məqsədimiz də bundan ibarətdir”.

Rejissor bildirib ki, tamaşa boyu caz bendin müşayəti altında görkəmli dünya caz kompozisiyalarını Musiqili Teatrın aktyorları canlı ifa edəcək.

Tamaşada Əməkdar artistlər Nərgiz Kərimova, Fərid Əliyev, Şövqü Hüseynov, Naidə Orucova, Rauf Babayev, Emil Heydərov, Məhəmməd Məhəmmədov (MC), Nərmin İsmayılova (pianist) çıxış edirlər.

Tamaşanın musiqi rəhbəri teatrın baş dirijoru Fəxrəddin Atayev, rəssamı Vüsal Rəhim, xoreoqrafı Emin Alıyevdir,

Tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.


Müəllif: Nərmin Muradova