Mayın 2-də tanınmış teatr və kino aktrisası, əməkdar artist Ətayə Əliyevanın doğum günüdür.
Teleqraf.com-un məlumatına görə, 1920-ci ildə Aşqabadda sənətkar ailəsində dünyaya göz açan aktrisa səhnə fəaliyyətinə məktəbli ikən həvəskar kimi başlayıb.
Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilir. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvandakı Azərbaycan teatrına gedir və on il bu teatrda işləyir. İrəvan teatrında gənc aktrisa həm milli, həm də çevrim əsərlərinin tamaşasında onlarla maraqlı səhnə obrazları yaradır. Afaq (Nizami), Həcər (Qaçaq Nəbi) Şirin (Fərhad və Şirin).İnci (Xoşbəxtlər),Süsən (Namus), Cəvahir (Cinli), Jenya (Bizim şəhərli oğlan) və başqaları Ətayə xanımın hələ cavanlıqdan mürəkkəb xarakterli, müxtəlif yaşlı qadın obrazlarını məharətlə canlandırmaq bacarığını aydın göstərir. 1948-1949-cu illərin teatr mövsümündə artıq kamil artist kimi tanınan Ə. Əliyeva Gəncə Dram Teatrına dəvət edilir. Bu teatrda o, İradə (Göz həkimi), Səadət (Bahar suları), Bənövşə (Nişanlı qız) kimi yadda qalan obrazlar yaradır.
Ətayə xanımın səhnə fəaliyyəti C. Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır. Sevil və Dilbər, Yaqut və Tanya,Sona və Solmaz (İrəvan teatrında), Almaz, Sara, Gültəkin (Gəncə teatrında) obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olub.
1956-cı ildə Ətayə xanım yenidən Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır, klassik və müasir Azərbaycan dramaturqlarının, eləcə də tərcümə əsərlərinin tamaşalarında eyni məharətlə çıxış edir. Pəri (Pəri Cadu), Sona (Hacı Qara), Fatmanisə (Ölülər), Validə (İliç buxtası), Nəzakət (Sən həmişə mənimləsən), Rəfiqə (Yalan), Məlahət (İkinci səs) və onlarla başqa səhnə obrazları aktrisanın son illərdəki yaradıcılıq naliyyətləridir.
Ə. Əliyeva radio və televiziya verilişlərində, kinoda həvəslə çıxış edir. "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Onu bağışlamaq olarmı?" (leytenant Qarayeva), "Bizim küçə" (Bəyim xala), "Dağlarda döyüş" (ana), "Telefonçu qız" (Simuzər), "Uşaqlığın son gecəsi" (Mənsurə) və bir çox başqa filmlərin və televiziya tamaşalarında gözəl rollar oynayır.
Ətayə Əliyeva aktyor Həsənağa Mirzəyevlə ailəli olub. Bu evlilikdən aktrisanın üç övladı var.
Aktrisa 1995-ci ilin aprelin 6-da dünyasını dəyişib.
“Bu, Adil İsgəndərova pis təsir etdi”
Aktrisanın oğlu tanınmış rejissor Ramiz Həsənoğlu Teleqraf.com-un “Danışan fotolar” layihəsində anası haqda bunları deyib: “Anam sənəti və ailəsi arasında harmoniya tapan xoşbəxt qadın idi. Buna nail olmaq elə də asan görünməsin. Amma o, bunu bacarmışdı.
Atamla anam nadir cütlük idi: həyatlarının sonunacan bir yerdə və yalnız bir dəfə izdivacda olublar. Bunu ona görə demirəm ki, bu, mütləq belə olmalıdır, aktyor ailələri əksər vaxt möhkəm olmur. Onlar isə 51 il birgə yaşadılar.
1948-ci ildə İrəvan Teatrını bağlayıb, aktyorları başqa teatrlara göndərdilər. Anamgilin payına Gəncə Teatrı düşdü.
1955-cı ildə “Atayevlər ailəsi” əsəri Gəncə Teatrında səhnələşdirilir, premyera günü Bakıdan gələn nümayəndə heyətinin tərkibində Adil İsgəndərov da olur. Bir haşiyə çıxım, 1938-ci ildə valideynlərim Bakıya gələndə anam bir müddət Akademik Milli Dram Teatrında işlədi. İkinci dəfə ərizə yazıb işdən ayrılanda bu, Adil İsgəndərova pis təsir etdi. Dedi, bu dəfə də ərizə yazıb getsən, daha gəlmə. Ona görə anam nə vaxtsa Akademik Teatra qayıdacağına ümid etmirdi.
Taleyə baxın ki, Adil İsgəndərov “Atayevlər ailəsi”ndə anamın oyununu çox bəyənib, onu kənara çəkib: “Qadam, sən qayıtmaq istəyirsən”, deyə soruşub. Anam da cavabında “Sizinlə kim işləmək istəməz ki...” deyib. O səbəbdən 1956-cı ildə Bakıya qayıtdıq, anam teatrda aktrisa, atam quruluşçu hissə müdiri işlədi”.