11 May 2022 21:42
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın ən böyük hədiyyəsini ötən il aldım. Bundan böyük hədiyyə ola bilməz. Keçən il mayın 12-də Xarıbülbül festivalı zamanı Şuşada oldum. Doğum günümü orada qeyd etdim. Prezidentim mənə şəhərimi, Şuşamı qaytarıb. Bu, ən böyük mükafatımdır”.

Bunu Teleqraf.com-a açıqlamasında bu gün doğum gününü qeyd edən xalq artisti Şamil Süleymanlı deyib.

Xalq artisti 1955-ci il may ayının 11-də Bakıda anadan olub. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. “Azərbaycanfilm” kinostudiyasında işləyərək bir çox filmlərdə çəkilib.

Kino yaradıcılığı “Ömrün səhifələri” filmindəki “Baladadaşın ilk məhəbbəti” novellasında yaratdığı Baladadaş rolu ilə başlayıb. Filmoqrafiyasında 60-dan çox filmin adı var. Bu gün onun adını və özünü bütün nəsil rejissorların filmlərində, seriallarında görmək olar. Bura dövlət sifarişilə çəkilən filmlər də, özəl sektorun ekran əsərləri də daxildir.

Həyatını kinoya həsr etdiyinə görə özünü xoşbəxt sayan xalq artisti yaradıcılıq yeniliklərini bizimlə bölüşdü:

“İlk dəfədir ermənini canlandırıram”

“Son olaraq “İfşa” serialında rol almışam. Yaratdığım obrazın taleyi başa çatdı. Belə ki, serialın 10-cu seriyası yayımlandı və məlum oldu ki, mən erməni kəşfiyyatçısıyam. İlk dəfədir ki, erməni obrazını canlandırıram”.

“Bununla öyünə bilmirəm...”

“Çəkildiyim filmlər arasında beynəlxalq festivallarda uğur və mükafat qazanan filmlər var. Səmimi deyirəm, mən bununla öyünmürəm. Bu fikir mənə yaddır. Mənim ünvanım Azərbaycan və Azərbaycan tamaşaçısıdır. İstəyir xarici ölkələrdə qızıldan mükafatlar qazanım, bu mənim üçün önəmli deyil.

Çəkildiyim filmlər Azərbaycanda rəğbət qazananda, seviləndə sevincimin həddi-hüdudu olmur”.

“Mən ona sübut edəcəm ki...”

“Almaniya yaşayan “Tabutçunun yelləncəyi” filminin rejissoru Elmar İmanov Azərbaycanla birgə yeni bir filmə başlayır. Deyəsən, filmdə mənə də rol yazılır. Amma görünür, mənim üçün çətin olacaq. Rejissor deyir, obraza yeni aktyor yanaşması tələb olunur. Demədi, amma eyham vurdu ki, guya mən qocalmışam. Eybi yox, qoy o, elə fikirləşsin. Mən ona sübut edəcəm ki, döyüşsüz yerimi heç kimə vermərəm. Bu mənim həyat və yaradıcılıq kredomdur”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər