15 May 2022 13:57
2 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) direktoru İlkin Məhəmmədli Teleqraf.com-un suallarını cavablandırıb.

"Belə layihələrdə mütəxəssislər həm yetişirlər, həm də pul qazanırlar"

- “Filming Azerbaijan” layihəsi ilə bağlı işlərə 2020-ci ildə başladıq. Kataloqlar üçün fotolar toplayıb, Azərbaycanı qarış-qarış gəzib, saytımızı istifadəyə hazırladıq. Texnika, məkan bazaları, işçilər, mütəxəssislər toplandı. 2021-ci ildə artıq -“Filming Azerbaijan” geniş ictimaiyyətə təqdim olundu.

- “Filming Azerbaijan”ı yaradarkən hansı ölkənin modelindən yararlanmısınız?

- Strateji partnyorumuz, yaxın dostlarımız “Filming in Turkey”dir. Onun da təsisçisi Türkiyə Mədəniyyət Nazirliyidir. Biz o model əsasında fəaliyyətimizi qururuq. Eyni zamanda Avropanın təcrübəsindən də maksimum yararlanırıq.

- Komissiyanın fəaliyyət istiqamətləri barədə məlumat verə bilərsinizmi?

- “Filming Azerbaijan” ölkədə film çəkilişlərinə dəstək və unikal çəkiliş məkanı kimi təşviq məqsədilə yaradılıb. Məqsədimiz Azərbaycanı film istehsalı üçün nadir və iqtisadi cəhətdən səmərəli məkan kimi tanıtmaq və ölkənin audiovizual sektorunun potensialından səmərəli istifadə etməkdir. Azərbaycanda film, veriliş, klip çəkmək istəyən əcnəbilər öncə öz layihələri barədə bizi məlumatlandırırlar. Filmdirsə ssenari ilə tanış olub, mədəni testdən keçiririk: Azərbaycanın həmin layihədə necə və hansı formada təbliğ olunduğunu araşdırırıq. Prioritet film layihələrini özümüz də dəstəkləyirik. İcazələrdən tutmuş hüquqi tələbatlar və avadanlıq icarəsinə qədər, mətbuatla işdən tutmuş istedadların axtarışı və yerləşməyə qədər, ölkəyə gələn çəkiliş heyətlərinə hər cür dəstək və kömək təmin edirik.

Kommersiya filmidirsə başqa aspektdən yanaşırıq. Çünki ölkədə həyata keçirilən beynəlxalq layihələrdə yerli mütəxəssislər cəlb olunur və bu çoxsaylı insanları işlə təmin edir. Sizə deyim ki, son həyata keçirilən layihədə ən azı 60 nəfər çalışdı və qonorar aldı. Belə layihələrdə mütəxəssislər həm yetişirlər, həm də pul qazanırlar. Bu siyahıda sahibkarlar, otellər, sürücülər, nəqliyyat şirkətləri və digərləri var. Bu, ölkə üçün çox yaxşıdır, ölkəyə sərmaya gəlir və burda da qalır.

"Gələn il dövlətdən maliyyə almayacağıq"

- İcazə məsələsinə toxundunuz. Xarici ölkələrdə Film Komissiyaları nazirliklə, bir sözlə dövlət qurumları ilə sıx əlaqədədir. Sizin bu baxımdan əlaqələriniz necədi?

- Düz qeyd etdiniz, dünyada Film Komissiyaları birbaşa dövlət orqanları ilə işləyirlər. Yəni dövlət orqanları onları tanıyırlar. Bizi də artıq tanımağa başlayıblar. Bütün nazirliklər bizə maksimum dəstək olmağa çalışırlar.

- Mədəniyyət Nazirliyinin tərəfindən yaradılan və tabeliyində fəaliyyət göstərən qurumsunuz. Və buna görə maliyyə dəstəkçiniz də nazirlikdir.

- Mədəniyyət Nazirliyi bizim təsisçimizdir. Nazirlik tərəfindən bizə maliyyə üç pilləli sistemlə ayrılıb. Fəaliyyətimizin ilk ilində texniki avadanlıqlar aldıq, işçilərimizin əmək haqlarını ödədik.

Güman edirəm ki, gələn il dövlətdən maliyyə almayacağıq. Çünki artıq özümüzü maliyyələşdirə bilərik. Pandemiya bitdi və işimizin vacib dövrləri başlayır. Kommersiya gəlirlərimizin hesabına yeni işçilər cəlb edə bilirik. İşə beş nəfərlə başlamışdıq, amma gün-gündən sayımızı artırırıq.

- İlkin bəy, özünüz də qeyd etdiniz ki, kommersiya gəliriniz var. Bunu o baxımdan soruşuram ki, onsuz da kinoya ayrılan vəsait azdır. Bu az maliyyədən sizin kimi işlək quruma maliyyə ayrılması birmənalı qarşılanmır.

-Bəli, məhz bu baxımdan dövlət tərəfindən ayrılan maliyyə ildən- ilə azalan xətt üzrə gedir.

- Bir ili arxada qoyursunuz. Hansı işlər görüldü?

- Ölkəmizin təbliğ olunması, tanınması istiqamətində televiziyalarla sıx əməkdaşlıq etdik. Sənədli filmlər, televiziya verilişləri çəkildi, beş film layihəsi həyata keçirildi. “Al Arabiya” telekanalının Azərbaycan haqqında olan iki verilişin çəkilişlərində öz köməkliyimizi göstərmişik. Bir buraxılışı Bakıda, digəri Qobustan və Qubada gerçəkləşib. Veriliş ərəb ölkələri arasında olduqca məşhurdur və Böyük Britaniya da daxil olmaqla bir çox ölkələrin efirində yayımlanmaqdadır.

Ötən ilin iyun ayının əvvəllərində Böyük Britaniyanın “ITV” televiziya şəbəkəsinin “ITV News” xəbər proqramı bizimlə əlaqə saxlayıb və Avro-2020 çərçivəsində “Uels” futbol komandasının oyunlarının işıqlandırılması zamanı Komissiyadan dəstək istəyib. Daha sonra 4 nəfərdən ibarət komanda Bakıya gəldi və iki həftəyə yaxın burada qaldı. Onlar bununla kifayətlənməyib Azərbaycan haqqında müxtəlif süjetlər hazırladılar.

- Beynəlxalq forumlarda, festivallarda təqdimatlar keçirmisinizmi?

- Pandemiyaya səbəbindən bir çox ölkələrdə vəziyyət qeyri –stabil idi. Təyin olunan tədbirlər də təxirə salınırdı. Artıq pandemiya bitmək üzrədir. Bu baxımdan bu il üçün görüləcək çoxsaylı işlərimiz, planlarımız var.

Bu ilə planlarımız həddən artıq çoxdur. Tanınmış film festivallarında təmsil olunmaq, məşhur prodüserlərlə görüşlər keçirmək və Azərbaycana böyük layihələr gətirmək.

"Xarici şirkətlər üçün Azərbaycan yeni ölkədir"

- Zaman-zaman yerli film istehsalçıları ilə xarici film şirkətlərinin işbirliyinin şahidi olmuşuq. “Nərimanfilm” şirkəti, “Ultra” prodakşn və sair. Hindistan şirkətlərinin Azərbaycana gəlməsində “Nərimanfilm”in əməyi böyükdür. Sizin əməkdaşlığınız nəticəsində hansı filmlər ərsəyə gəlib, hansı şirkətlər Azərbaycana ayaq açıb?

- “Neftlix”in istehsalı olan “Gray man” filminin bir epizodu Bakıda çəkilib. Filmin yaxın günlərdə premyerası keçiriləcək. “Disney+ Hotstar” şirkəti ilə birgə serial ərsəyə gətirdik. “Amazon Prime” kontengentinin istehsalçıları ilə işbirliyi qurmağa çalışırıq.

Sadaladığım şirkətlər üçün Azərbaycan yeni ölkədir. Onlar buradan gedəndə “Çox təəccübləndik”, “Azərbaycan kimi ölkəni özümüz üçün kəşf etdiyimizə görə sevinirik”, “Sizdə çəkiliş üçün hər şey var. Azərbaycanı bu cür tanımırdıq” kimi fikirlər səsləndirirdilər.

- Məşhur şirkətləri inandırmaq çətin olmur ki?

- Onlar bizə necə bir məkan axtardıqlarını izah edəndən sonra onlara fotolar göndəririk. Daha sonra gəlib məkanlarla tanış olurlar. Təhlükəsiz ölkə olduğundan əmin olandan sonra bizi seçirlər. İşləri başa çatandan sonra buradan çox xoş təəssüratlarla ayrılırlar. Ölkə üçün müsbət fikir formalaşdıra bildiyimizə görə sevinirik.

Bilirsiniz ki, kino turizmə çox güclü dəstək verir. Film çəkilir və onu milyonlarla tamaşaçı izləyir. Məkanları görüb, bəyənən tamaşaçıda Azərbaycan gəlmək istəyi formalaşır.

- Bildiyim qədər son bir ildə Bakı küçələrində çəkilişləri gerçəkləşən və tamaşaçılar tərəfindən də böyük marağa səbəb olan hind filmləri daha çox sizin işbirliyiniz nəticəsinin məhsuludur.

- Bəli, elədir. Hindistanla beş film və serial layihəsi həyata keçirmişik. Yadımda qalanlardan “Anbarivu” filmi, “Karp” serialını, “Blood Money” veb serialının adını qeyd edə bilərəm.

Azərbaycan Hindistan kinematoqrafçıları üçün çəkiliş məkanı kimi çox maraqlıdır. Onların bizi seçməyinin səbəbi həm bölgələr arasındakı qısa məsafələr, həm də bizi Avropa kimi görmələridir. Onlara şəhər lazımdır. Bakı da onların tələblərinə cavab verir.

Yaxın gələcəkdə Pakistanla da işbirliyimiz olacaq.

"Beş yerli filmə təmənnasız köməklik göstərmişik"

- İlkin bəy, xarici şirkətləri bura cəlb etməyin bir yolu da vergi güzəştidir. Gürcüstan höküməti orada audiovizual məhsul istehsal edən şirkətlərə 25 faiz güzəşt edir. Film Komissiyası olaraq aidiyyatı qurumlar qarşısında belə bir təkliflə çıxış etmisinizmi?

- Bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyi məşğul olur. Nazirliyin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov özü şəxsən bu işi gündəmdə saxlayır. Bildiyim qədər bununla bağlı hazırda İqtisadiyyat Nazirliyi ilə danışıqlar aparılır.

- Ümid edirik ki, bu güzəştlərdən yerli istehsalçılara da pay düşər.

- Yerli istehsalçılara “Filming Azerbaijan” olaraq hər zaman dəstək oluruq. Artıq beş yerli filmə təmənnasız köməklik göstərmişik. Bunlardan üçü tammetraj, ikisi qısametrajlıdır. Xatırlayırsınızsa, Azərbaycan kinosu tarixində ilk dəfə olaraq rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər” filmi Venesiya Film Festivalının əsas müsabiqəsində yarışıb. Həmin rejissorun son iki filminin istehsalına biz dəstək olduq: həm loqistika, həm də məkanların təşkili baxımından. Hər iki filmin tanınmış film festivallarının əsas proqramına düşmək şansı çox yüksəkdir.

Bilirsiniz, gördüyümüz işlərin 80 faizi barədə danışa bilmirik. Çünki o filmlər ekranlara çıxmayıb. Ümid edirik ki, bu ilin sonuna qədər həmin filmlər yayımlanar və onlar barədə daha rahat danışa bilərik.

- Avropa şirkətləri ilə vəziyyət necədi? Onlara çıxışınız varmı?

- Bunun üçün “Avroimaj”a ("Euvroimage" - Dəstək Fondu- red) üzv olmalıyıq. Məhz onun sayəsində böyük layihələr Azərbaycana gələcək.

Avropada film büdcələri Hindistandan və Amerikadan qat-qat aşağıdır. Avropalılar filmə vəsaiti Film Fondlarından cəlb edirlər. Həmin Fondlar da pulu Azərbaycana yönləndirə bilmir. Çünki Azərbaycan “Avroimaj”ın üzvü deyil.

Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyi publik hüquqi şəxsin yaradılması barədə fərman imzaladı. Ümid edirik ki, Kino Agentliyi yaranandan sonra bizim “Avroimaj”a üzvlüyümüz reallaşar.

Avropa ölkələri ilə mütləq layihələrimiz olacaq. Sadəcə bir çox işlər, layihələr barədə indi danışa bilmərik. Bircə onu deyim ki, bir tərəfdən pandemiya başa çatır, digər tərəfdən Rusiya və Ukrayna arasında baş verən müharibə bəzi planları dəyişdi, o ölkələrdə planlaşdırılan layihələr artıq bizə doğru gəlir.


Müəllif: Foto: Ceyhun Rəhimov, Nərmin Muradova

Oxşar xəbərlər