Noyabrın 26-da “Natəvan” qalereyasında latviyalı rəssam Alla Dzevaltovskayanın “Qarabağ atları” adlı sərgisi açılıb.“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının “Arts Council Latvia” ilə əməkdaşlığı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin və Latviyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Tədbirə, təxminən, 20 dəqiqə gecikdik. Nəhayət “Natəvan” qalereyasına çatdıq və bir təhər içəri keçdik. Ona görə bir təhər keçdik ki, içəridə əsl anşlaq yaşanırdı. Hər kəs qalereyanın döşəməsi üzərində ayaqları yerləşəcək qədər yer tapıb yerindən tərpənmədən ətrafa boylanırdı. Bir müddət sonra mən də artıq ayaqlarım üçün yer tapıb digərlərinə qoşulmuşdum.
Elə oradaca fikirləşdim ki, yazını yazanda bu vəziyyəti necə təqdim edəcəyəm. Sərgi üçün doğru yer seçilməməsi kimi təqdim edim, yoxsa ziyarətçilərin sərgiyə böyük marağını təqdir edim. Ancaq birinci versiya mövcud vəziyyəti ifadə etməyə daha uyğun idi.
İki kiçik salondan ibarət olan “Natəvan” qalereyası çox kiçikdir və daha geniş salon seçmək olardı. Bakıda da kifayət qədər sərgi salonları var. Bu hissəni keçək. Sərginin açılışına gələnlər arasında gənclər, xarici qonaqlar və sənət adamları çoxluq təşkil edirdi. Sərgidə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qalib Qasımov çıxış edərək ziyarətçiləri salamlayıb və sərginin açılışı ilə bağlı hər kəsi təbrik etdi: “Sərgi bizim milli ənənələrimizdən birini əks etdirir.
Ona görə də bu sərginin təşkili, həqiqətən, aktualdır. Bunu həm də azərbaycanlı rəssam eləmir, bizim latviyalı həmkarımız, dost ölkədən olan xanım rəssam edir. Ona görə hesab edirəm ki, onun gözü ilə, onun baxışı ilə Qarabağ atlarının təsviri xeyli maraqlıdır. Və təsadüfi deyil ki, Azərbaycan prezidenti bu yaxınlarda Qarabağ atı cinsinin yetişdirilməsi, çoxaldılması ilə bağlı qərar qəbul etdi. Biz də sənət adamları hamımız bu addımlara cavab olaraq lazım olan işləri görürük”.
Qalib Qasımov həm də Azərbaycan kəlağayı sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi ilə bağlı xəbəri sərgi iştirakçılarına çatdırdı. “Beləliklə biz deyə bilərik ki, Azərbaycan milli irsinin, mədəniyyətinin dünyada tanınması, qəbul edilməsi yönündə gördüyümüz işlər öz bəhrəsini verməkdədir”. Daha sonra istedadlı rəssam-animalist Alla Dzevaltovska çıxış edərək sərgi iştirakçılarını salamlayıb. “Demək olar hər şey deyildi. Bu, mənim Azərbaycanda keçirilən ilk sərgimdir. Ancaq ümid edirəm sonuncu sərgim olmayacaq. Hamınız xoş gəlmisiniz. İnanıram ki, sərgidən və əsərlərdən zövq alacaqsınız”.
Daha sonra çıxış edənlər “bir-biri ilə dərdləşən” atların qədim Azərbaycan torpağı olan Qarabağın düşmən tapdağı altında qalmasından sanki “məyus” olduğunu, şahə qalxaraq azərbaycanlıları mübarizəyə səslədiklərini söyləyiblər. Rəssam öz əl işlərində Qarabağ atlarını az qala sözün həqiqi mənasında canlandırmışdı. Yağlı boya ilə çəkilmiş tablolarda rənglərin dolğunluğu göz oxşayırdı. Atların gözlərindəki hiss-həyacanı hiss etmək olurdu.
Çıxışçılardan birinin dediyi kimi Alla Dzevaltovskaya böyük ustalıqla Qarabağ atlarının gözlərində yaşayan dərdi və sabaha böyük ümidlə baxan işığı məharətlə əks etdirə bilib. Ən başlıcası isə rəssam yüzlərlə ürəyi sanki eyni ritmlə döyündürə, qələbə ruhuna kökləyə bilib. Atların qaçması, şax dayanıb çarpışması, bəzən də dərin xəyala qərq olurmuş kimi təsvir edilməsi bu gün Qafqazın böyük bəlası olan müharibə ağrısını yada salır. İnsanda insanlıq hissini oyadan “Qarabağ atları” sərgisi noyabrın 30-dək davam edəcək.
Foto: Elnur Muxtar