26 May 2022 16:35
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm-100” adlı ssenari müsabiqəsi elan edir.

Bu barədə Teleqraf.com-a kinostudiyanın mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, kinostudiyasının 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusuna həsr olunub:

“Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır”.

O bildirib ki, müsabiqənin mövzusu 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti çəkən həmyerlilərimizin əzəli torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyətini əhatə etməlidir.

Hər iştirakçı yalnız bir ssenari ilə müsabiqəyə qoşula bilər. Müsabiqəyə göndərilən ssenarilərin janrına məhdudiyyət qoyulmur.

Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Qaliblərin adları avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq.

Sənədlərin qəbulu 1 iyun – 30 iyun 2022-ci il tarixlərində elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.

Müsabiqənin qaliblərinə müvafiq olaraq pul mükafatı veriləcək. Birinci yerin qalibinə 10.000 (on min) manat, ikinci yerə layiq görülən iştirakçıya 8.000 (səkkiz min) manat, üçüncü yerin sahibinə 5.000 (beş min) manat pul mükafatı təqdim olunacaq.

Qalib ssenarinin müəllifi iki nəfər və ya daha artıq olduqda məbləğ onların arasında bölünür. Eyni zamanda birinci yerin qalibi olan ssenari əsasında Mədəniyyət Nazirliyinin sifarişi ilə tammetrajlı bədii filmin istehsalı nəzərdə tutulur.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər