Qarşımızda daşdan tikilmiş iki mərtəbəli, dönəminin ən zəngin evlərindən biri ucalır. Bu ev Azərbaycan tarixində iki mühüm şəxsiyyətin adı ilə bağlıdır: Sabit Rəhman və Emin Sabitoğlu. Birinci bu evdə doğulub, ikinci bu evi dövlətə muzey təşkil edilməsi üçün hədiyyə edib.
Daşdan tikilən ilk ev
“Bina XIX əsrin əvvəllərində tikilib. Şəkidə daşdan tikilən ilk binalardan biridir. Adətən, Şəkidə nəsillərin ləqəbləri, el tərəfindən verilmiş adları olur. Sabit Rəhmangilin ailəsinə də daşagirənlər nəsli deyilib. 2001-ci ildən muzey kimi fəaliyyət göstərir. Bu vaxta qədər ev kirayəyə verilmişdi. 2001-ci ildə Emin Sabitoğlu dövlətə bağışlayıb. Sabit Rəhmanın atası dövrün tacirlərindən olub. Həm də kasıb uşaqların təhsilinə dəstək verən, onların maariflənməsinə çalışan ziyalı bir ailə olub.
Sabit Rəhman isə 1910-cu il martın 26-da bu evdə anadan olub. İlk təhsilini Şəkinin nümunə zəhmət məktəbində alıb” – Sabit Rəhmanın xatirə muzeyinin direktoru Pərvanə İskəndərova bildirir.
S.Rəhman ardınca 1923-cü ildə Bakı Darülmüəlliminə daxil olub, 1926-da buranın ədəbiyyat fakultəsini bitirib. Daha sonra Şəkidə oxuduğu ibtidai məktəbdə üç il müəllimlik edib.
Yaradıcılığa “Molla Nəsrəddin”də Şeyx Samit imzası ilə başlayıb, ilk yazısı “Rabfak kitabxanasında həyat lövhələri” felyetonu olub. 1927-ci ildə Şəkidə çıxan “Qızıl qələm” məcmuəsində ilk şeiri çap olunub. 1929-32-ci illərdə Azərbaycan dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakultəsində təhsil alıb. Ardınca “Gənc işçi” qəzetinin redaksiyasında çalışıb, “İnqilab və mədəniyyət” jurnalında məsul katib olub. 1935-ci ildə Yazıçılar İttifaqına üzv olub, uşaq bölməsinə rəhbərlik edib.
İlk hekayələr məcmuəsi olan “Pozğun” 1932-ci ildə dərc olunub. “Pozğun”dan sonra “Şirin bülbül” (1933), “Vəfasız” (1933), “Xəyalplov” (1938), “Son faciə” (1939), “Hüseyn Ərəblinski” (1948), “Hədiyyə” (1949) kimi kitabları çap olunub.
İlk komediyası “Toy” olub, ardınca “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Nişanlı qız”, “Aydınlıq”, “Aşnalar” kimi əsərləri yazıb.
1936-37-ci illərdə Moskva Ümumittifaq Kinomatoqrafiya İnstitutunun ssenari kurslarında təhsil alıb. 1945-46-cı illərdə Bakı kinostudiyasının direktoru olub, həmçinin nazir müavini olub.
Mirzə Cəlillə görüş
Sabit Rəhmanın “Molla Nəsrəddin” jurnalı və Mirzə Cəlillə bağlı maraqlı bir yazısı var. Bu yazıda o, Mirzə Cəlili Şəkidə necə qonaq saxlamalarından bəhs edir. Pərvanə xanım hadisəni qısa olaraq danışdı:
“Cəlil Məmmədquluzadənin qızı Zaqatalada təhsil alırmış, Sabit Rəhman və dostları eşidir ki, Cəlil oraya gedəcək və Şəkidən keçəcək. Onu Şəkidə saxlamaq istəyirlər. Əvvəlcə Cəlili tanımırlar, çünki fotolardan onu bığıburma kişi kimi təsəvvür edirdilər. Amma görürlər ki, yaşlı kişidir. İstəyirlər ki, onu bir gün Şəkidə qonaq saxlasınlar. Sürücüyə deyirlər ki, yalandan de ki, maşın xarab olub, biz heç olmasa bir gün onu Şəkidə qonaq saxlayaq. Sürücü də deyiləni edir. Cəlil məsələni başa düşür, yarım gün orada qalır, cavanlarla çay içir, söhbət edir, Sabit Rəhman da bunların içində olur. Cəlil nəhayət ayağa qalxır və sürücüyə deyir ki, hə, indi maşın düzəldi məni Zaqatalaya apar”.
Sabit Rəhman məqaləsində yazır ki, Bakıya “Molla Nəsrəddin”in redaksiyasına gedəndə Mirzə Cəlillə yenidən görüşüb və ona məqaləsini təqdim edib. Mirzə Cəlil bir müddətdir çap etdiyi “Şeyx Samit” imzasının cavan oğlana məxsus olduğunu görəndə təəccüblənir:
“Sən burda ispalkom boyda bir kişini gün-fəyəkun eliyirsən. İspalkom kimdir? Böyük adam, rayonun böyüyü. Sən kimsən? Cavan bir müxbir. Bu adam haqqında sən ki, yazırsan, molla əmi neçə ildir ona döşəyir, yerindən tərpədə bilmir. Əgər bizim gücümüz çatmırsa, sən neyliyə bilərsən? Yaxşısı budur, komsomoldan yaz, pionerdən yaz.
Mən danışmağı sevməyən, sözə çox qənaət eləyən Mirzə Cəlilin birdən-birə bu cür uzun nəsihətlər verməsinə təəccüb eləyirdim. Ona görə də heç bir etiraz eləmədən onu dinləyirdim.
Yazımı mənə qaytarıb dedi:
- Bilirsən nə var? Götür bunu, döndərib hekayə elə, bu ispalkomun da adını dəyiş… Gözəl bir tip olar. İspalkomdan hekayə yazanda nə olar ki! Sənin yaxşı qələmin var, yazsan, çıxar…”
Üzeyir Hacıbəyov dedi ki…
Muzeydə diqqətimizi iri bir royal çəkir. Çox köhnə görünən royal haqqında Pərvanə xanım deyir:
“Bu royalın yüzdən çox yaşı var. Sabit Rəhmanın atası Əbdülkərim Nəbizadə tərəfindən alınıb. Sabit Rəhmanın musiqi təhsili olmayıb, amma çox gözəl ifa etməyi bacarıb. Hətta səssiz filmlərdəki kadrlarda Sabit Rəhman royalda ifa edib. Bizdə olan məlumata görə, Üzeyir Hacıbəyov Sabit Rəhmanın ifasını dinləyib. Hətta deyib ki, əgər Sabit Rəhmanın musiqi təhsili olsaydı, ondan gözəl bəstəkar olardı. Bildiyimiz kimi, onun bu istedadı oğlu Emin Sabitoğluna keçib”.
Nəsibə xanımın hədiyyəsi
Sabit Rəhman film tariximizdə önəmli yer tutur. “Əhməd haradadır”, “Axtaran tapar” kimi filmlərinin ssenariləri, “Ulduz” filminin librettosu ona məxsusdur. Muzeydə “Ulduz” filmi ilə bağlı maraqlı bir eksponat var:
““Ulduz” filmində Nəsibə Zeynalova ferma müdirəsi rolunda idi. Filmdən sonra Nəsibə xanım dramaturqumuza bu suvenirləri hədiyyə edib. Qədimdə evlərdə evin isidilməsi üçün buxarılar olurdu. Evdəki buxarının üstündə ərəb dilində bərəkət və bədnəzər duası yazılıb. Şkafda Sabit Rəhmanın paltosu və kostyumu saxlanılır”.
Ailə həyatı
“S.Rəhmangil üç qardaş olublar. Sabit, Əthəm, Zahid. Zahid məşhur cərrah olub. Digəri fizika-riyaziyyat müəllimi olub. Ən son qardaşı Əthəm burdan çıxıb. S.Rəhmanın üç övladı olub. Afət, Gültəkin xanımlar və Emin bəy. İlk övladı Emin bəy olub. Sabit Rəhman ixtisasca kimyaçı olan İsmət xanımla 1936-cı ildə ailə həyatı qurub. Bu yay Gültəkin xanım muzeyimizdə olub, afişaları muzeyimizə o hədiyyə edib. Emin bəyin bir qızı var, Konservatoriyada professordur”.
Muzeyin divarlarında həmçinin Emin Sabitoğluna aid fotolar asılıb:
“Yayda qonaqlarımız daha çox olur, qışda azalır. Müxtəlif tədbirlər keçiririk. Emin Sabitoğlunun anım, doğum günlərində tədbirlər olur. Emin Sabitoğlunun 75 illiyi ilə bağlı maraqlı tədbir keçirdik”.
Evin birinci mərtəbəsi isə bir zamanlar məişət otağı kimi istifadə olunub. Burada Sabit Rəhmanın anası Münəvvər xanımın istifadə etdiyi mətbəx əşyaları saxlanılır.
Durdurulan saat
“S.Rəhman 1970-ci il sentyabrın 23-də dünyasını dəyişib. Ədəbiyyatımıza çox böyük xidmətləri olub. O, təkcə komediya yazmayıb, həmçinin roman, povest yazıb, tərcümə sahəsində nailiyyətləri olub. Şekspirin, Molyerin, Qoqolun əsərlərini dilimizə çevirib. Bu təqvim ölümündən bu yana vərəqlənməyib. Sentyabrın 23-də üçə on beş dəqiqə qalmış saatın əqrəbi də öldüyü anda durdurulub. Həmin saat Bakıdakı evlərindəndi, hələ ki muzeyə eksponat kimi verilməyib”.
Dilqəm Əhməd
Foto: Mülkədar Rüstəmov
Yazı “Bakcell”in maliyyə dəstəyi ilə hazırlanıb