Koreya Respublikası Yonhap Xəbər Agentliyinin “Imazine” jurnalının dekabr nömrəsində “Azərbaycan – Prometeyin seçdiyi zəngin torpaq” sərlövhəli məqalə dərc edilib.
Teleqraf.com-un məlumatına görə, məqalənin müəllifi Yonhap xəbər agentliyinin əməkdaşı Lim Donq Kun Azərbaycan barədə yazı hazırlamaq üçün ölkəmizə bu ilin oktyabrında AzərTAc-ın təşkilatçılığı ilə gəlib.
Məqalədə ölkəmizin tarixi, paytaxt Bakı şəhəri ilə yanaşı, rayonların sürətli iqtisadi inkişafı, gözəl təbiəti, qədim abidələri barədə ətraflı məlumat verilib. Müəllif bildirib ki, küləklər şəhəri olan Bakı qədimliklə müasirliyin birləşdiyi bir məkandır. İçərişəhərdən söhbət açan müəllif qeyd edib ki, paytaxtın şərqində yerləşən bu ərazidə qədim Şirvanşahlar sarayına, Qız Qalasına, digər qədim tikililərə, o cümlədən Karvansaraya, məscidlərə, qüllələrə, hamamlara rast gəlmək olar.
Fəvvarələr Meydanına açılan Nizami küçəsini paytaxt Seulun Myonqdonq ərazisinə bənzədən müəllif qeyd edib ki, bu küçədə Avropanı xatırladan gözəl binalar, müasir geyim, idman və elektron mallar satılan mağazalar, restoranlar, barlar, çay evləri yerləşir. Paytaxtdakı dənizkənarı bulvarın insanların asudə vaxtlarını keçirmələri üçün gözəl məkan olduğunu bildirən müəllif buradakı Bayraq Meydanının əzəmətini xüsusi vurğulayıb.
Bakıda olarkən Qobustana səyahət etmiş müəllif buradakı qayaların üzərində olan təsvirlərin Azərbaycanın qədim tarixindən xəbər verdiyini xüsusi vurğulayıb. Azərbaycana səfəri çərçivəsində İsmayıllı və Şəki rayonlarında da olan koreyalı müxbir jurnalın oxucularına ölkəmizin bu əraziləri barədə də geniş məlumat verib.