7 İyun 2022 19:07
1 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Fariz Əhmədovun "Sonuncu" qısametrajlı filmi Rusiyada “Ən yaxşı film" nominasiyasında "Qran Pri" mükafatını qazanıb.

Teleqraf.com xəbər verir ki, bu gün Rusiyanın Çuvaş Respublikasının paytaxtında 15 -ci Çeboksar Beynəlxalq Film Festivalının bağlanış mərasimi başa çatıb.

Festival proqramında bədii və sənədli filmlərin müsabiqəsi ilə yanaşı etnik və regional filmlərin müsabiqəsi, həmçinin müsabiqədən kənar nümayişlər də keçirilib.

Festivala Avropa və Asiyanın müxtəlif ölkələrindən rejissor və prodüserlər qatılıb.

Festivalın münsiflər heyətinə Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev başçılıq edib.

Mükafatlandırma zamanı münsiflər heyəti səhnəyə dəvət edilərək, qaliblərə mükafatları təqdim ediblər.

“Ən yaxşı bədii film” nominasiyasının qalibi Stepan Burnaşovun “It” filmi olub.

Etnik və regional filmlərin müsabiqəsində “Ən yaxşı film - Qran Pri”ni həmyerlimiz Fariz Əhmədovun “Sonuncu” filmi qazanıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” filmi Xəzərin Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. Bu adada tənha yaşayan qəhrəmanın gündəlik yaşayını və son saniyələrini də kamera izləyir....

“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Herseqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.


Müəllif: Nərmin Muradova