Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə bölməsi növbəti tədbirini keçirib.
Teleqraf.com-un məlumatına görə, bu dəfə söz əhli Gəncə Dövlət Universitetində yazıçı-publisist Qərib Mehdinin “Uzun ol boyu” və “Elçin-el üçün” kitablarının təqdimatına yığışıblar.
Tədbirdə universitetin rektoru, professor Yusif Yusibov ali təhsil müəssiəsinin mətbu orqanı olan “Yüksəliş” qəzetinin redaktoru Qərib Mehdiyə yeni kitablarının nəşri və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ellərinə ədəbi-mədəni xidmətinə görə “Fəxri doktor” elmi titulunun, o cümlədən, “Altun medal” ödülünün təqdim olunması münasibətilə təbrikini çatdırıb.
Tədbiri giriş sözü ilə açan AYB Gəncə bölməsinin sədri, Prezident təqaüdçüsü Xəzangül Hüseynova Qərib Mehdi yaradıcılığının göy qurşağı kimi rəngarəngliyindən danışdı: “Qərib müəllim bu gün Azərbaycan ədəbiyyatında öz sözünü demiş bir çox yazıçıların, şairlərin ustadıdır. Üz tutduğu ocaqdır, misralarında əsən rüzgardır. Odur ki, bu gün Qərib müəllimin bütün ödüllərini Azərbaycan ədəbiyyatının uğuru saymaq olar, kitablarını isə milli-mənəvi xəzinəmiz...”
AYB Gəncə bölməsinin katibi, Prezident təqaüdçüsü Aləmzər Əlizadə də Gəncə ədəbi mühitinin “Dədəsi”nə öz xoş sözlərini çatdırdı: “Qərib Mehdi Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biridir. Onun birinvi “İşıq” kitabından tutmuş, ta 40-cı “Uzun yol boyu” kitabına qədər hamısını böyük maraqla oxumuşam”.
Gəncə ədəbi mühitinin böyüklü-kiçikli qələm adamları Qərib Mehdinin könül dünyasında zəvvarlığa çıxdılar. Kimi bir bənd şeir ilə, kimi də bir ürək arzusuyla... Bahadur Fərman, Sahib İbrahimli, Gülafət, Suğra İbrahimqızı, Zaur Quliyev, İmamverdi Məmmədov, Ramiz Təmkin öz çıxışlarını müəllifin “Uzun yol boyu” kitabının müzakirəsi üstündə qurdular. Professor Xəlil Yusifli qeyd etdi ki, hansı məqamda olur-olsun, Qərib Mehdi öz ucalığıyla çox ədəbi ömrə işıqdır.
AYB Qazax bölməsinin sədri şair Barat Vüsalın gəlişi isə “Dədə Qərib” üçün əsl sevinc oldu. Barat Vüsal Qərib Mehdinin könül dünyasından, köksündə döyünən əsl türk ürəyinin məğrurluğundan söz açdı.
Şair İnqilab İsaq deyib ki, Qərib Mehdi elə bir yazıçıdır ki, onun birinci və qırxıncı kitabının arasındakı rabitə hər bir oxucunu heyran qoyur. Yazıçı Nüşabə Məmmədli deyib ki, Qərib müəllimin bütün əsərlərində bir “Ana” obrazı var: “Elə bil məhz bu “Ana”nın xeyir-duasıdır onun qələminin ucalığı...”
Şair Aydın Murovdağlı isə çıxışında deyib: “Qərib, hey...” hekayəsindəki çağırış Nayman ana obrazının bir növ yenidən təzahürüdür.
Tədbir Qərib Mehdinin ailə üzvlərinin çıxışlarıyla davam etdi. Onlar da ayrı-ayrılıqda GDU-nun rektoru, professor Yusif Yusibova və AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynovaya təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda mükafata layiq görülən Ümbülbanu xanım və Qərib Mehdi minnətdarlıqlarını çatdırdılar.