30 Noyabr 2014 16:59
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan qadını” jurnalının payız buraxılışının təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər.

Təqdimat mərasimində Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti keçirilib. Orkestrin bədii rəhbəri və dirijoru Xalq Artisti Teymur Göyçayev, solist beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidovadır.

Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan qadını” jurnalının növbəti buraxılışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Jurnalın payız buraxılışında oxuculara “Bakı-2015” Avropa Oyunları istiqamətində görülən işlər və nəzərdə tutulan kompleks tədbirlərlə bağlı materiallar təqdim edilib.

Qeyd olunub ki, paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionu inşa olunur, mövcud idman obyektləri əsaslı rekonstruksiya edilir, telekommunikasiya, nəqliyyat, istirahət məkanları təkmilləşdirilir.

Jurnalın səhifələrində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan “Zirvəyə doğru” sərlövhəli material yer alıb.

Məqalədə deyilir: “O, daim yoldadır. Yeni-yeni zirvələrə aparan yolda. Bu enişli-yoxuşlu yolla addımlayaraq o, çox gözəl bilir ki, qarşıda yeni üfüqlər və yeni zirvələr olacaqdır. Onun üçün əslində fəth olunan hər zirvə yeni məqsədə, yeni amala, yeni qələbəyə çatdıran yolun başlanğıcıdır”.

“Xalça Muzeyi: Qədim mədəniyyətin yeni ünvanı” başlıqlı yazıda paytaxtımızda orijinal üslubda inşa olunan bu nadir muzeyin açılış mərasimindən və qiymətli eksponatlarından bəhs olunur.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, İngiltərə–Azərbaycan Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva ötən ilin oktyabrında Oksford Universitetinə səfəri zamanı mühüm sənədi – bu təhsil ocağında Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması barədə Anlaşma Memorandumunu imzalayıb.

Elmi əməkdaşlığın inkişafına töhfə olan bu memorandumun imzalanmasından sonra bu dəfə britaniyalı alimləri ölkəmizdə qarşıladıq. Azərbaycan elmi irsi üçün yeni üfüqlər açan bu əməkdaşlıqla bağlı daha ətraflı məlumatla oxucular jurnalın səhifələrində tanış ola biləcəklər.

“Azərbaycan qadını” jurnalının payız buraxılışında oxucuları, həmçinin görkəmli dirijor Rauf Abdullayev, milli rəqslərimizin mahir ifaçısı Roza Cəlilova, gənc ifaçı Ceyla Seyidova ilə maraqlı görüş gözləyir.


Müəllif:

Oxşar xəbərlər