17 İyun 2022 17:30
1 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Zemfira Sadıqova 17 iyun 1939-cu ildə Bakıda anadan olub. 1961–1965-ci illərdə Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

1974-cü ildə "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb və kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. 40-dan çox filmə çəkilib.

Onu məşhurlaşdıran, tamaşaçıların yaddaşına əbədi həkk edən obraz "Dəli Kür" filmində Mələk obrazı olub. Ardınca "Tütək səsi", "Alma almaya bənzər", "Dantenin yubileyi", "Bizi bağışlayın", "Bağ mövsümü" və digər filmlərə çəkilib. Zemfira xanımı həmçinin son dönəm gənc rejissorların çəkdiyi filmlərdə də görmək mümkündür: "Dmitrov küçəsi 86", "Əlvida Şmitd", "Qış nağılı".

Teleqraf.com əməkdar artistin doğum günü təəssüratlarını öyrənib. Onunla qısa müsahibəni təqdim edirik.

- Doğum günümü ailəm və dostlarımla qeyd edəcəm. Bu gün səhər gözümü təbriklərlə açmışam. Hamı təbrik edir, xoş arzularını bildirirlər. Həmkarlarım, qohumlarımla yanaşı mətbuat nümayəndələri də təbrik edir. Hamıya çox təşəkkür edirəm.

- Hansı doğum gününüzü xüsusi xatırlayırsınız?

- 80 illiyimi restoranların birində geniş tərkibdə qeyd etdik. Sənət dostlarım, yoldaşlarımın əhatəsində gözəl bir gün yaşandı.

- Zemfira xanım, yadımdadır ki, 75 illiyiniz "Azərbaycanfilm" kinostudiyasında kiçik tərkibli sənət dostlarınız əhatəsində qeyd olunmuşdu.

- Qeyd olundu deyəndə ki, bəli, təbrik elədilər. Amma ən təntənəli doğum günüm 80 illiyimində - həmkarlarımla, dostlarımla, ailə və qohumlarla qeyd olundu.

- Mədəniyyət Nazirliyi səviyyəsində doğum gününüzün qeyd olunmasını istəyərsinizmi?

- Mənim istəyimlə həll olunmur axı. Bunu gərək nazirlikdə istəsinlər. Doğrusu, xəcalət çəkirəm ki, 83 yaşındayam, amma hələ də əməkdar artistəm. Çox adam elə bilir ki, xalq artistiyəm, amma fakt faktlığında qalır.

- Mədəniyyət Nazirliyinə təqdimatınız göndərilir?

- İki ilə qədər təqdimatım göndərilirdi. Pandemiya ilə əlaqədar nazirlik tam gücü ilə işləmədi. Görək bu il necə olacaq? Gözləyirəm.

- Zemfira xanım, bir az keçmişə qayıtsaq, maraqlıdır, doğum gününüzü ömür-gün yoldaşınız Yusif Vəliyevlə necə qeyd edirdiniz?

- Qeyri-adi nələrsə olmurdu. Evdə ailə ilə toplanırdıq. O zaman Yusifin də dostları gəlirdi, indi artıq öz dostlarım gəlir. (Gülür).

- Bəzi qadınlar çiçəkləri, bəzi qadınlar ətiri çox sevirlər. Siz necə?

- Gülə etirazım yoxdur. Amma başqa hədiyyə istəmirəm. Dostlarıma da deyirəm, özünüz gəlməyiniz mənim üçün hədiyyədir.

- Həyatın sizə ən böyük hədiyyəsi nə olub?

- Ən böyük hədiyyəm oğlum dünyaya gəldiyi gün idi. Ən böyük dərdim də oğlum rəhmətə gedəndə oldu. O, pandemiya dönəmində 59 yaşında dünyadan köçdü. Çox böyük dərddir, amma Allahın bu gününə də şükür edirəm. Heç kəs ölənlə ölmür.

Oğlum mənim fəxrim, arxa-dirəyim idi. Ruhum, nəfəsim, canım, ciyərim idi... O dünyadan köçəndən sonra hər şey adiləşdi. Yaşayıram, məcburam.

- Yaşamaq üçün səbəbiniz var, Zemfira xanım. Qızınız Bahar xanım var...

- Doğrudur, qızım, nəvələrim...

- Bəs yaradıcılığınızda hansı yeniliklər var?

- Bu yaxınlarda fotosessiya nəzərdə tutulur. Televiziya kanallarından birində mənim haqqımda veriliş hazırlanacaq. Eyni zamanda başqa çəkilişlər də olmalıdır.

- Belə başa düşdüm ki, film, serial təklifləri deyil. Bilirdim ki, əvvəllər serial təkliflərinə yox deyirdiniz. İndi fikriniz dəyişibmi?

- Bəli, əvvəllər seriallara təkliflər gəlirdi. Amma hamısına yox deyirdim. Çünki keyfiyyətli bir iş görə bilmirdim. Ona görə də o işlərdə yer almağı özümə yaraşdırmırdım.

Ümumiyyətlə serial və reklamlara çəkilməmişəm. Amma maraqlı təklif olsa, bəlkə razılaşaram. Bir dəfə mənə təklif etdilər, sadəcə qonorar o qədər cüzi idi ki, imtina etmək məcburiyyətində qaldım.

83 yaşdan sonra daha kim və nə təklif etsin ki? Digər tərəfdən düşünürəm ki, sənətkar sənətkar olaraq qalır. Əgər ağlı başında və sənət yanğılıdırsa...

- Bu sənətlə məşğul olan gənclərə hansı məsləhətiniz var?

- Bu sənətə özünü reklam etmək üçün deyil, sənəti sevərək gəlsinlər. Əks təqdirdə onlardan aktrisa olmayacaq. Qəbul etmək lazımdır ki, sənətkarın pulu az olur, xüsusən Azərbaycanda. Aktyorlar var ki, 200-250 manat pensiya alırlar. Bununla dolanmaq qeyri-mümkündür.

- Digər tərəfdən sənətin öz qaydaları, öz çətin yolları var. İntriqalar, qısqanclıqlar... Bu, sizin də sənət taleyinizə yad deyil.

- Mən bu vaxta qədər bütün çətinliklərdən mübariz çıxmışam.

- Bunu necə bacarmısınız?

- Bir addım məsafə qoyuram. Dərdimi danışdığım dostlarım var, amma yenə də arada məsafə saxlayıram.

- Söhbətin əvvəlini də dostlarla başladıq, dostlarla da yekunlaşdıraq. Zemfira xanımın sənət dostları kimlərdir? Bu gün kimlər qapınızı döyəcək?

- Həmidə Ömərova. Bu gün o mütləq gələcək. Deyirəm, bu qədər işlərinin arasında özünü əziyyətə salıb gəlmə, mən doğum günü qeyd etmirəm. Deyir, qəndlə çay verərsən. Ondan başqa yəqin ki, Xalidə, Gülzar da gələcək.

- Sizi bir daha təbrik edirəm. Canınız həmişə sağlam olsun və hər zaman ekranda olasınız.

- Diqqətinizə görə sizə, kollektivinizə təşəkkür edirəm. Hamınıza can sağlığı arzulayıram. Çünki əsas can sağlığıdır.


Müəllif: Nərmin Muradova