23 İyun 2022 12:14
2 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Sabir Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Sabir bəy, bu yaxınlarda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən film festivalında “Ən yaxşı bədii aktyor” nominasiyasında “Qızıl Femi” mükafatına layiq görülmüsünüz. Mükafatlandırma mərasimində iştirak edə bildinizmi?

- Təəssüf ki, həmin mərasimə qatıla bilmədim. Bildirdilər ki, mükafatı bizim səfirliyə verəcəklər.

- Film və rolunuz barədə məlumat verməyinizi istərdik.

- “Edam günü” adlanan film 2018-ci ildə çəkilib. Sevinirəm ki, çəkildiyim film festivalda seçilib və “Ən yaxşı bədii aktyor” nominasiyasına görə mükafat qazanıb.

Film sovet dönəmində cəzaçəkmə müəssisəsində məhbusla ədliyyə işçisi arasında olan şəxşi konflikdən bəhs edir. Mən filmdə ədliyyə işçisini canlandırıram. Onlar 24 il sonra yenidən görüşürlər.

- Filmoqrafiyanızda çox film adına rast gəlinmir. Kino yaradıcılığınızı necə qiymətləndirirsiniz?

- Bizdə filmlər az çəkilir. Çəkilən filmlər arasında payımıza nə düşürsə, oynayırıq. Bəli, siyahı böyük deyil, amma indiki dövr üçün normaldır.

- Hazırda filmlərdən çox seriallar çəkilir...

- İndi dövr belədir. Serial estetikası, serial prinsipi...Telekanallar daha çox buna üstünlük verirlər.

Teatr da başqa sahədir. Teatr üçün platforma var. Məkan var, tamaşalar hazırlanır, tamaşaçılar gəlib baxır, aktyorlar işləyir. Serial üçün də platforma var. Bir də Yutub şəbəkəsində aktiv fəaliyyət göstərənləri qeyd edərdim. Görünür, kimin uğuru hardadırsa, ora meyli olur.

- Bircə kino qaldı.

- Film üçün kinoteatrlarda yayım əhəmiyyət kəsb edir. Amma bu sahədə də çalışan insanlar var. Nə yaxşı ki, onlar var. “Edam günü” filmini istehsal edən “SSP” prodakşn tammetrajlı filmlər çəkir və onları film festivallarına göndərir. Xaricdə böyük uğurla nümayiş olunur, mükafatlar qazanır.

Düşünürəm ki, bu mükafat bizim Azərbaycanımızın, aktyorlarımızın adına uğurdur. Sevinirəm ki, Azərbaycandan kənarda bizi dəyərləndirirlər. Əziyyətimiz boşa getmir. Biz burada Azərbaycan tamaşaçıları üçün çalışırıq, işləyirik. Sən demə, bizi başqa yerdə də görürlərmiş. Ona görə daha məsuliyyətli olmaq lazımdır.

- Obrazı yaradarkən qarşınıza hansı məqsəd qoyursunuz?

- Rol ifa edərkən qarşıma məqsəd qoymuram ki, məni tamaşaçı görsün, sevsin. Mən sənətimə peşəkar iş kimi yanaşıram. Çalışıram mənə tapşırılanı yüksək səviyyədə, bacarıqla, istedadla doğruldum. Tamaşaçı özü baxacaq, qiymət verəcək.

- Yəni siz öz işinizlə məşğul ola-ola tamaşaçı da sizi kənardan görəcək, qiymətləndirəcək.

- Bəli. Bu mükafat da bunun əyani sübutudur. Heç ağlıma gəlməzdi ki, rolum Bolqarıstanda "Qızıl Femi" mükafatına layiq görüləcək.

- Siz teatr aktyorusunuz. Azdramanın səhnəsində rol alıb, tamaşalarda oynayırsınız. Bu ilki teatr mövsümü sizin üçün necə keçdi?

- İncəsənət Universitetində imtahan komissiyasının sədri idim. Orada da tələbələrə dedim. Bu il mənim üçün çox sevindirici oldu. Tamaşaçılar teatra çox həvəslə gəlirlər. İnanın, mövsüm başlayandan elə bir tamaşa olmadı ki, anşlaqla keçməsin. Bu, çox qürurvericidir.

Hər dəfə səhnəyə çıxanda zalda əyləşən, tamaşa bitəndən sonra alqışlayan insanları görmək mənə ilham verirdi. Tamaşaçılar elə alqışlayırlar... Halbuki 10 il bundan öncə oynadığım tamaşadı.

Həmişə bunu deyirəm, yaxşı tamaşaya tamaşaçı gələcək və baxacaq. Xüsusən qeyd edim ki, indi tələbə gənclərimiz teatra çox meyllidirlər.

Əvvəllər teatra yaşlı nəsil daha çox gəlirdi. Amma son bir ili nəzərdə tutaraq deyirəm, gənclərimiz sevərək tamaşalarımıza gəlib baxırlar. Bu mövsüm yadımda qalan daha çox bu oldu.

- Bəs öz yaradıcılığınız?..

- Açığı, bilirsiniz ki, biz aktyorlar rolu seçmirik. Mən də gözləyirəm, gözləntilərin çoxdur. İstəyirəm ki, səhnədə bütün potensialımı reallaşdıra biləcək rollarım olsun. Nəinki səhnədə, elə kinoda və televiziyada da... Arzum budur ki, çox gözəl əsərlər hazırlansın, mən də orada rol alım.

- Bildiyim qədər Azdramada bir neçə tamaşa hazırlanırdı. Bu ilə premyerası planlaşdırılsa da sonradan gələn mövsümə saxlanıldı. O tamaşalarda rolunuz varmı?

- Tamaşalar istehsalata buraxılıb, amma konkret rollar bölünməyib. Yəqin gələn mövsüm aydınlaşacaq.

- Sabir bəy, teatrda hazırlanan tamaşada hansısa obraza görə rejissora müraciət edib “bu rolu oynamaq istəyərdim” demisinizmi?

- Mənə görə, bu, normal haldır. Aktyorlar özlərini hər bir rolda görürlər, amma əsas olan rejissorun onu görməyidir.

Hansısa konkret böyük obraz olmayıb. Amma ürəyimdən keçib ki, rejissora yaxınlaşıb istəyimi bildirim.

Digər tərəfdən düşünmüşəm ki, deyərəm, amma qəbul etməz, sözüm yerə düşər, lap qanım qaralar.

- Bəs sizə verilən obraza tərəddüdlə yanaşdığınız olubmu?

- O qədər... Teatr həm də bizim iş yerimizdir. Mənə verilən bütün rolları nə sevə-sevə qəbul etmişəm, tək mən deyil bütün aktyorlara aiddir, nə də ondan imtina edə bilmişəm. Məcburən oynamalıyam, başqa variantım yoxdur.

Mərahim Fərzəlibəyov Branislav Nuşiçin “Nazirin xanımı” tamaşasını hazırlayanda mənə Nikaraqua səfiri Rista Tadaroviç obrazını həvalə etdi. O zaman Mərahim müəllimə yaxınlaşıb, niyə mənə bu rolu verdiyini soruşdum. Dedi, sən bu rolu yaxşı oynayacaqsan. Həqiqətən mən rolu çox maraqla oynadım.

- Şükufə Yusifova ilə tərəf-müqabili olduğunuz “Qatil” tamaşası mənə görə yaradıcılığınızda xüsusi önəm daşıyır.

- Çox məşhur və gözəl tamaşadır. “Qatil”lə dünyanın bir çox ölkələrində, festivallarında təmsil olunduq. O tamaşa mənim üçün də, teatr və rejissor üçün də çox uğurlu oldu.

- Sizi tamaşaçılar həm də səsinizlə tanıyırlar. Üzünüzü görməsələr də səsinizi neçə filmlərdə, seriallarda eşidiblər. Neçə illərdir bu sahə ilə məşğulsunuz?

- Tələbə vaxtından dublyaj sənətini sevmişəm. O dönəm ən çox sevdiyim aktyorları - Həsənağa Turabov, Səməndər Rzayev, Şahmar Ələkbərov, Həsən Əbluc, Rasim Balayevi səsindən tanıyırdıq, sevirdik. Onlar həm də səsləri ilə yaddaşlara həkk olunmuşdu. Bu insanlar Azərbaycan teatrının, kinosunun inciləridir. O incilər çoxdur.

Mən sadəcə gənclik dönəmimin adlarını qeyd etdim. Ondan əvvəlkiləri və sonrakıları demirəm. Sonra artıq biz gəldik.

Tələbə olanda Turabov bizi kinostudiyaya - dublyaja aparırdı. Biz bir kənarda oturub baxırdıq. 2000-ci illərdə televiziyalarda dublyajla məşğul olmağa başladılar və mən də özümü bu sahədə sınadım. Səs tembrimi, danışığımı bəyəndilər və hər şey beləcə başladı.

- Səsləndirmə ilə bağlı çox iradlar bildirilir. Təndiqləri necə qarşılayırsınız? Haqq qazandıra bilirsinizmi?

- Haqlı tənqidlər olanda mən də onlara qoşuluram. Bəzən haqsız, yersiz tənqidlər də olur. 10 il bundan öncə deyirdilər ki, filmləri niyə Azərbaycan dilində səsləndirirsiniz, rus dilində baxmaq daha yaxşıdır. O tamaşaçılar rus dilini bildiklərinə görə mənim səsləndirdiyim obrazdan biri “Ey Coni, bura gəl" deyəndə onlara qəribə görünürdü. Bunu rus dilində eşitmək istəyirdilər. Amma illər öz işini gördü və yavaş-yavaş tamaşaçılar bunu qəbul etdilər.

İndi də başqa məsələ ortaya çıxıb. Deyirlər ki, niyə türk seriallarını səsləndirirsiniz? Türk filmlərini, seriallarını səsləndirməyə, tərcüməyə ehtiyac yoxdur. Sizin vasitənizlə o insanlara demək istəyirəm ki, biz o mətnləri sadəcə Azərbaycan dilinə çeviririk.

“Diriliş Ərtoğrul”u mən səsləndirirəm. Orada elə sözlər var ki, açığı, özüm də başa düşə bilmirəm. Bu, axı bir-iki adam üçün deyil. Hamı Bakıdakı qədər türk dilini yaxşı bilmir. Ona görə o məntlər Azərbaycan dilinə tərcümə olunmalıdır.

Başa düşürəm, biz qardaş ölkəyik, mən Türkiyəni sevirəm, hamımız türkük. Amma hər bir dilin vurğusu, ahəng qanunları var. Arxaik sözlər var, osmanlı türkcəsində işlədilib bizdə unudulub. Yaxud bizdə işlədilib, onlarda unudulub.

Odur ki, Türkiyənin çəkdiyi o gözəl serialları, filmləri Azərbaycan dilinə səsləndirək ki, hamı dinləyə bilsin.

- Sabir bəy, bəs ümumi prosesi necə qiymətləndirirsiniz?

- Dublyaj konkret bir məkanda olmadığına görə ümumi qiymətləndirmə aparmaq mümkün deyil. Hər kanal öz qədərində bu işlə məşğuldur. Ona görə prosesə nəzarət etmək olmur. Məni bir kanal dəvət edir, gedib orada filmləri səsləndirirəm. Amma digər kanal dəvət etmir. Onların bu işlə məşğul olan öz qrupu var. İkisini müqayisə edəndə fərqlərlə qarşılaşmaq mümkündür.

Çox istəyərdim ki, dublyaj bir mərkəzdən idarə olunsun. Və seçilmiş insanlar bu işlə məşğul olsunlar. Ondan başqa düşünürəm ki, kinoteatrlarda xarici filmlər subtitrlə deyil, dublyajla göstərilməlidir.

- Əvvəllər məşhur teatr aktyorlarına gül dəstələri ilə bərabər məktublar da göndərilirdi. Aldığınız ən yadda qalan məktubunuz hansı olub?

- Gəncliyimiz elə dövrə düşdü ki, məktublar demək olar ki, gəlmirdi. 1987-88-89-ci illərdən danışıram, o dövrdə artıq bu sistem dağıldı.

İndi sosial şəbəkələr mövcuddur. İnsanlar arzu-istəklərini ora yazırlar. Məncə, bu, daha rahatdır. Əvvəllər məktublar yazılırdı, göndərilirdi, o da xeyli vaxt alırdı. Demirəm, məktub yazmamışam, yazmışam, çünki o dövrün məktublaşma deyə bir ənənəsi var idi.

- Sevdiyiniz qıza məktub yazmısınız?

- Yox. O barədə çox utancaq olmuşam.

- Utancaq olmusunuz?..

- Mən elə bircə nəfəri sevmişəm.

- Kimi?..

- Həyat yoldaşımı.


Müəllif: Nərmin Muradova