30 İyun 2022 14:46
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının sədri Nağı bəy Şeyxzamanlının bu dövlətin qurucusu Məhəmmədəmin Rəsulzadə ilə mühacirətdə bir sıra problemi olub. Hətta Nağı bəy 1934-cü ildə “Biz və onlar” adlı kiçik risalə yazaraq Rəsulzadəni sərt şəkildə tənqid edib. M.Rəsulzadənin Berlində nəşr etdiyi “İstiqlal” qəzetində isə bu tənqidlərə cavab verilib.

1950-ci illərdə bu iki dövlət xadimi arasındakı münasibətlər düzəlib. Nağı bəy Rəsulzadənin İstanbulda verdiyi konfranslarda iştirak edib. Şeyxzamanlı onu oğlunun toyuna da dəvət edib. Bu barədə məlumatı Nağı bəyin arxivindən çıxan, Rəsulzadənin göndərdiyi bir məktubdan öyrənirik: “Əziz və möhtərəm, Nağı bəy! Oğlunuz Saleh ilə nişanlısı Şevkiyənin 10 yanvar 1955-ci ildə baş tutacaq toylarına dəvət kartınızı aldım. Gənclərə səadətli həyat arzulayır, Sizi də ürəkdən təbrik edirəm. Uğurlu olsun”.

Nağı bəy 1957-ci ildə, Rəsulzadənin vəfatının ikinci ildönümü münasibətilə təşkil edilən mərasimdə isə onunla bağlı xatirələrini bölüşüb.

Bu maraqlı xatirəni təqdim edirik:

***
1905-ci il inqilabı rüzgar kimi gəlib-keçmişdi. Çar idarəçiliyinə qarşı istiqlal mücadiləmiz sürətli şəkildə davam edirdi. Azərbaycan xalqının hər sinfində İstiqlal hərəkatına qarşı rəğbət gözə çarpmaqda idi. Bu böyük mücadilə iki mərkəzdən idarə edilirdi.

Bakıda çap olunan türkcə və rusca qəzetlər, həftəlik və aylıq jurnallar milli mübarizəmizi yürüdürdülər. İstər say, istərsə də yetkinliyi etibarı ilə Rusiyadakı məhkum millətlər arasındakı bu dərəcədə nəşriyyata nadirən rast gəlinirdi. Mübarizəmizi mətbuatda istiqamətləndirən Rəsulzadə eyni zamanda Bakıdakı xeyriyyə və maarif cəmiyyətlərinin bir qismini və yeraltı təşkilatını idarə edirdi.

İkinci hərəkat mərkəzimiz Gəncə idi, onu mərhum Nəsib bəy Yusifbəyli idarə edirdi. Nəsib bəy tez-tez Bakıya gedərək Əmin bəy ilə görüşür, hər iki mərkəzin fəaliyyətləri haqqında bir-birinə məlumat verirdilər. Nəsib bəy Gəncəyə qayıtdığı zaman bizləri də məlumatlandırırdı.

1916-cı ilin əvvəllərində Nəsib bəy Əmin bəyin Gəncəyə gələcəyini müjdə verdi. Əmin bəyi Bakı mətbuatından və oradakı fəaliyyətlərindən hamımız tanıyırdıq, ancaq görüşmək nəsib olmamışdı. Əmin bəyin Gəncəyə gəldiyi günün axşamı şəhər klubunda böyük bir ziyafət verildi. Orada onunla tanış oldum. Ertəsi günün Nəsib bəy Əmin bəyi məhəlli cəmiyyətlərə apardı. Növbə “Dram cəmiyyəti” pərdəsi altında fəaliyyət göstərən yeraltı siyasi təşkilata gəlmişdi. Axşam saat 7-də Əmin bəylə Nəsib bəy təşkilatımıza gəldilər. Təşkilatın üzvü olan bir neçə yoldaşın da orada olmasını təmin etmişdim. Onları təşkilatın rəisi ünvanı ilə Əmin bəyə təqdim etdim. Gec saatlara qədər gərəkli hər cür izahatı ona verdik. Əmin bəy fəaliyyətlərimizdən çox məmnun olduğunu söyləyərək bizləri təbrik etdi. Bu müştərək çalışmalarımızın yaxşı bir mükafatı idi ki, 28 may 1918-ci ildə Azərbaycanın istiqlaliyyətinin elanı mümkün oldu. Arı kimi çalışaraq hər nöqsanımızı tamamlamaqla yanaşı dünya dövlətlərinə də istiqlalımızı tanıda bildik.

Millət olaraq məsud bir həyat yaşayarkən, təəssüf ki, Azərbaycanın bütün torpaqlarından saysız-hesabsız şəhidlər, qurbanlar verərək çıxarıb atdığımız əzəli və əbədi düşmənimiz ruslar bu səfər qırmızı rəngə boyanaraq saxta və zərli şüarlarla və var qüvvəti ilə hüdudumuza hücum etdilər, 27 aprel 1920-ci ildə ölkəmizi işğal edərək müstəqil dövlət kimi yaşayışımıza son qoydular. Bu məşum hadisədən sonra Əmin və Nəsib bəylər azad dünyaya çıxmağa qərar verdilər. Əmin bəy xaricə çıxmağa müvəffəq ola bildi. Nəsib bəy isə hürriyyət dünyasına çıxa bilmədi və yolda məchul bir qəzaya qurban getdi.

Əmin bəy Azərbaycan istiqlal mübarizəsini ətrafına yığdığı fikir və savaş yoldaşları ilə birlikdə davam etdirmiş, nəşriyyat, beynəlxalq qurumlara təqdim etdiyi memorandumlar və fürsət tapdıqca azad dünyanın hər bucağında oxuduğu mühazirələrlə milli savaşımızı cahanşümul bir mübarizə mərtəbəsinə çıxarmışdı.


Müəllif: Dilqəm Əhməd