1 İyul 2022 12:10
2 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının tanınmış aktrisası Rada Nəsibova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rada xanım, Azdramada teatr mövsümü başa çatdı. Səhv etmirəmsə, iki yeni tamaşada rol aldınız: “Zəfər yolu” və “Yaşar”. Mövsüm sizin üçün daha hansı hadisələrlə yadda qaldı?

- Pandemiyadan qayıdıb yenidən iş başında olduğumuza görə çox sevinirik. Məşqlərimizi edib, tamaşalarımızı oynadıq. Ümid edirəm, növbəti mövsümdə biri-birindən gözəl tamaşalar səhnəyə qoyulacaq. Aktrisa nə istəyir? Tamaşada rol almaq, tamaşaçının alqış və sevgisini qazanmaq...

Bu mövsüm 44 günlük Qarabağ müharibəsinə həsr olunan “Zəfər yolu” tamaşasında oynadım. Uğurla nümayiş olundu və teatr mövsümünü bu tamaşa ilə yekunlaşdırdıq.

“Yaşar”ı isə pandemiyadan əvvəl təqdim etmişdik. Bu mövsümdə də bir neçə dəfə oynanıldı. Tamaşa Cəfər Cabbarlının yubileyi ilə bağlı hazırlanmışdı.

Cəfər Cabbarlı mənim üçün çox dəyərli dramaturq və yazıçıdır. Hətta deyərdim, mənim aktrisa olmağımın səbəblərindən biri də Cabbarlının hekayələri olub. Onun yaradıcılığı, həyat yolu çox zəngin və hər kəsə ibrətdir.

Həm Cabbarlının əsərlərində, həm də oxuduğum digər romanlardakı qəhrəmanların yaşantılarını hiss edirdim. İnstituta daxil olmamışdan öncə teatrda işləməyə başladım. 11- ci sinifi bitirmək üzrə idim, o zaman Gəncədə yaşayırdıq, Gəncə Dövlət Dram Teatrına müraciət etdim. Həm sənəti öyrənmək, həm də evə dəstək olmaq istəyirdim.

Dedilər, yəqin ki, Braziliya seriallarına – o vaxtlar çox dəb idi - baxırsan. Aktrisa olmaq gözəl villalara sahib olmaq, ekrandakı həyatı yaşamaq deyil, bu sənətin çox çətin və məşəqqətli yolları var, cüzi maaş alacaqsan, bütün bunlara razısan? Dedim, razıyam.

O zaman Cəfər Cabbarlının 100 illik yubileyi idi, teatrda “Oqtay Eloğlu” tamaşası hazırlanırdı. Həmin tamaşada Sevər obrazını canlandırdım. Teatrda çalışdığım müddətdə də instituta hazırlaşdım.

- İndi də Azdramada çalışırsınız. Son dönəm teatrın ətrafında söz-söhbətlər bitmir. Əli Nur Azər Paşa Nemətovun ünvanına ciddi ittihamlar səsləndirib. Teatrda ictimai baxışların qapılı keçirilməsi, rol bölgüsünün düzgün aparılmaması kimi iddialar var. Bu fikirlərlə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, bir aktrisa kimi teatrdakı yaradıcı mühit sizi qane edirmi?

- Düzü, nə baş verdiyini mən də anlamıram. Deyir, igidi öldür, amma heç vaxt haqqını yemə. Teatrda ictimai baxışlarda qapılar hər zaman açıq olub. Söhbət Azər müəllimin dönəmindən gedirsə, deyərdim, nəinki ictimai baxışda, məşqlərdə belə teatrımızın aktyorları istədikləri vaxt gəlib, arxa cərgələrdə əyləşirlər. Mənə elə gəlir ki, bu, Azər müəllimin hətta xoşuna gəlir. Çünki hamı bir-birinin işini görür, dəyər verir.

“Medeya” tamaşasının ilk nümayişi idi, bildiyim qədər Azər müəllim istəyirdi ki, tamaşaya birinci özü baxsın və daha sonra ictimaiyyətə buraxılsın. Təxmini iki-üç gün sonra tamaşanın premyerası oldu. Təəssüf ki, mən işimlə əlaqədar gedə bilmədim. Amma teatrın bir çox aktyorlarını orada gördüm. Çünki hamısı dəvət olunmuşdu.

Mən düşünürəm ki, əgər səni nə isə narahat edirsə onu həmin insanla danışıb yoluna qoya bilərsən. Çünki hər bir məsələnin həlli yolu var. Bəlkə düzgün anlaşılmayıb, bəlkə hadisə Əli Nur müəllimin düşündüyü kimi olmayıb?.. Hər şeyin bir izahı var.

Məncə, Azər müəllimin özü ilə danışsaydı, məsələ bu qədər böyüməzdi. Doğurdan da ciddi problem deyil. Kimisə işdən çıxarmayıblar, kiminsə maaşını kəsməyiblər, kiməsə haqsızlıq olmayıb. Mən Əli Nur müəllimin də xətrini istəyirəm. Ona teatrda hər zaman hörmət edilib. Şəhid atası olduğuna görə isə hamı ona daha da həssas yanaşır. Mən gördüyümü deyirəm. Azər müəllimin teatrda ona xüsusi münasibəti olub. Məşqlərdə öz aralarında danışırlar, zarafat edirlər. Bütün tamaşalarında yer alıb. Azər müəllimin direktor olduğu müddətdə xalq artisti adına layiq görülüb, Prezident təqaüdçüsüdür.

Ola bilər, bu söz-söhbətlər anlaşılmazlıqlardan törəyib. Allah şeytana lənət eləsin.

Truppa müdirimiz Elnurun da indiyə qədər kiməsə qarşı kobud hərəkətini görməmişəm. Ola bilsin, xahiş edib ki, Əli Nur müəllim, üzürlü bilin, bu gün yox, bir-iki gün sonra təqdimata gələrsiniz. Onu tanıdığım üçün deyirəm. Teatrda aktyorların hərəsinin bir xarakteri, "kapriz"i var. Aktyorların bir problemi olan kimi Elnura müraciət edir. Biz çoxuq, o tək...

Yadımdadır, Elnur iki ay truppa müdiri olmadı, yerinə başqasını təyin etmişdilər. Teatrda tamaşalar, məşqlər dəymişdi bir- birinə. Hamı Elnuru axtarırdı. Gördülər, Elnursuz çox çətindir, onu yenidən truppa müdiri kimi işə bərpa etdilər. Əli Nur müəllimlə də aralarında bildiyim qədər indiyə kimi narazılıq olmayıb.

Yenə deyirəm, son vaxtlar nə baş verib, bilmirəm. Hər şeydən əvvəl biz sənət yoldaşlarıyıq. Bir-birimizi sevməliyik. Çünki sevgi olan yerdə gözəl işl, yüksək inkişaf olar. Hər şeyin də həlli yolu var. Həll edirsən və irəliyə baxırsan. Yoxsa yaşamaq çox çətindir.

Rol bölgüsünə gəlincə, “əslində mən oynamalıydım, amma rejissor başqasına verdi” fikirləri teatrda, eləcə də kinoda çox səslənib. Aktyorlar haqlıdırlar, amma rejissor da özünə görə haqlıdır. Deyir, tamaşanı bu cür və belə aktyorların ifasında görürəm. Nə qədər yaradıcılıq var, bu söhbətlər də olacaq...

- Rada xanım, bir dönəm aktrisa Bəsti Cəfərova ilə aranızda qalmaqal baş verdi. Sizin teatr rəhbərliyi tərəfindən töhmət aldığınız da bildirilirdi. O zaman baş verənlərə çox səssiz qaldınız. Əslində nə baş vermişdi?

- Əgər o vaxt səssiz qalmışamsa, indi də susqunluğumu davam etdirirəm. Səhnədi, orada bəzən baş verənləri əvvəldən müəyyən etmək olmur. Böyük aktyorlarımız həmişə danışırdılar ki, hansısa tamaşada aktyor gecikib, biz improvizələr etmişik, yaxud o, sözünü unutmuşdu, biz ört-basdır elədik.

O vaxt da səhnədə xırda improvizə olmuşdu. Nə isə... Bu barədə çox danışmaq istəmirəm. O vaxtki direktorumuzun qəbulunda oldum, sağ olsun, mənimlə danışanda başqa söz dedi, otaqdan çıxan kimi gördüm, lövhədə töhmət asılıb. Olsun, təki həyatda problemlərimiz belə şeylərlə bitsin. Çünki mənə görə insana ən lazım olan şey can sağlığı, ailəsi, ətrafında onu sevən insanlardır.

Bəli, Bəsti xanım o vaxt müsahibələrində açıqlamalar verdi, mənsə bu barədə danışmadım. Haqlı olsam da susdum...Çünki mən gənc idim, ən azından Bəsti xanım anadır, ona hörmət edirəm. İllərini bu sənətə vermiş, səhnənin tozunu udmuş, zəhmət çəkmiş aktrisadır. Bir də ki mən həmişə özümdən böyüklərə hörmət etmişəm. Bu, mənim insanlığımdan irəli gəlir, nədənsə çəkinməyimdən yox.

Qalmaqaldan uzaq adamam, kimisə incitməyi sevmirəm. Çünki kimisə incitsəm, bu mənim özümə əzab verir. Böyüklük məndə qalsın...

- Hər yerdə intriqa var, amma teatrdakı intriqalar bir başqa olur, deyirlər. Bu, sizin yaradıcılığınıza necə təsir edib?

- Bəlkə də əvvəllər hansısa iş düz getməyəndə intriqa ucbatından, yaxud kiməsə görə alınmadığını düşünmüşəm. Zaman keçdikcə baş verənlərə başqa cür yanaşmağı özümə təlqin etdim. İndi düşünürəm ki, hər şey insanın özündən asılıdır. İnsan nə istəyirsə, ona nail olur. Fikri ilə, düşüncəsi ilə, rəftarı ilə...

Arxamca danışılanlara qulaq asmıram. Mən hər atılan daşı özümə dərd eləsəm, daşlar altında qalaram. Amma mən çəkilirəm, daş yan keçir. Pis olanı görmürəm, eşitmirəm.

- Bu düşüncəyə gələnə qədər səbriniz sınanır, əsəbləriniz gərilir... Yəni uzun zaman keçir.

- Əlbəttə. 16 yaşlı Rada ilə indiki Radanın arasında fərq var. Mən Akademik Milli Dram Teatrına gələndə sınaq müddətini keçməli idim. Müqavilə əsasında teatrda rollar ifa etdim. Təbii, yolum çox asan olmayıb. Mən özümü təsdiqləyənə kimi... İnsanlar var ki, gələn kimi bir rol oynayır, zəif də olsa parlayır və birbaşa ştata götürülür. Amma mən nə qədər rollar ifa etsəm də hələ ştatda deyildim.

Bilmirəm bu mənim sakitliyimdənmi irəli gəlirdi, yoxsa başqa səbəblər vardı? Həyatda heç nəyin iddiasında olmamışam. Sadəcə işimi sevmişəm.

Hazırda teatrın 80 faiz repertuarında çıxış edirəm. Bu o deməkdir ki, sənə qiymət verilir və sən dəyərləndirilirsən. Xoşbəxtəm ki, dostlarım, işlədiyim kollektiv tərəfindən həmişə yaxşı qarşılanmışam, dostlar qazanmışam. Görünür, qarşı tərəfə də o enerjini, sevgini ötürə bilmişəm.

Mən düşünürəm ki, kimdənsə xoşun gəlmirsə, uzaq gəz, Allahın salamını ver, amma işini-gücünü atıb ona mane olursansa, bu, sənin xarakterinin problemidir. İnsan nə qədər kiçik olar ki, özü ilə deyil, başqası ilə məşğul olsun... Mənim obrazımın dili ilə deyilir, kimsə səni sevmir, qəbul etmir, hətta nifrət edirsə bu o demək deyil ki, sən pis insansan. İnsanın sevgisi yoxdur, ona sən neyləyəsən?

- Ötən ay Prezident mükafatları təqdim edildi. Bir çox teatrlarda, həmçinin sizin fəaliyyət göstərdiyiniz Azdramada həmkarlarınızın bir qismi mükafata layiq görüldü. Amma siyahıda sizin adınıza rast gəlmədim. İllərlə bu sahədə çalışan və dediyiniz kimi, teatrın əksər tamaşalarında çıxış edən aktrisa olaraq bunu necə izah edirsiniz?

(Susdu, sükut çökdü. Qəribə təbəssüm etdi).

- Heç vaxt bu barədə danışmamışam. Və heç vaxt heç nəyə iddialı olmamışam. Həmişə başımı aşağı salıb işimi görmüşəm. Dostlarımı da mənə yararlıdır deyə seçməmişəm. Sadəcə insanları sevirəm, yanımdadırlar, işimi də sevdiyim üçün işləyirəm. Amma yaş öz işini görür. Demirəm ki, Prezident mükafatı alan insanlar buna layiq deyillər, əsla, mükafatı alan hər kəsi təbrik edirəm.

Mərhum prezidentimiz Heydər Əliyev bu mükafatı insanlara həm mənəvi, həm də maddi stimul olsun deyə təsis etmişdi. Bu, hər kəs arasında paylaşılaraq verilməlidir. Yoxsa ki, illərlə eyni adamlar alır, yaxud görürsən ki, elə adamlar mükafata layiq görülür ki, səndən də az işləyib. Beş ildən bir səhnəyə çıxan adam mükafata layiq görülürsə, düşünürsən ki, bəs sən niyə kənarda qalırsan?

Həmçinin ömrünün 70 ilini bu sənətə verən adamlar var ki, bir dəfə də bu mükafatı almayıb. Bəzən fikirləşirəm ki, səsini çıxarmayan, başını aşağı salıb ancaq öz işini görən insanların bu mükafata daha çox ehtiyacı var. Bəzən səsi çıxmayan, sözünü deməyən adamları da duymaq lazımdır.

- Kinoda son olaraq sizi “Köhnə çamadanlar” filmində gördük. Filmin və obrazınızın sizin üçün özəlliyi nə idi?

- 44 günlük müharibədə xalq olaraq çox böyük həyəcan keçirirdik. Xalqımızın birliyini görmək, hiss etmək hər bir azərbaycanlı kimi məni də qürurlandırırdı. Sanki hər kəs hər an döyüşə atılmağa hazır idi. Çünki illərlə gözlədiyimiz an yetişmişdi.

Bu mənada “Köhnə çamadanlar”dan təklif gələndə rolun böyüklüyü və kiçikliyinə baxmadan razılıq verdim. Mənə görə bu səpkidə filmlərə çəkilmək, tamaşalarda yer almaq biz sənət adamlarının vətəndaşlıq borcudur.

Filmin qəhrəmanları qadınlardır. Bəzisi müharibədə döyüşüb, bəzisi əsirlik həyatı yaşayıb. Mənim oynadığım obraz Birinci Qarabağ Müharibəsində döyüşmüş real qəhrəman – Xanımzər Həsənovanın prototipidir. Həm mövzunun həssaslığı, həm müharibənin yükünü çiyinlərində daşıyan bir xanımın obrazını yaratmaq böyük məsuliyyət idi.

Mən hər zaman kino və teatrda tarixi qəhrəman qadın obrazlarını yaratmaq istəmişəm.

- Amma bizim kinematoqrafiyada qadın ağırlıqlı filmlər barmaqla sayılacaq qədərdir...

- Təəssüf ki, bu belədir. Qaçaq Nəbi haqqında film çəkilib. Amma onun Həcəri barədə film yoxdur. Həmçinin Sara xatun, Xurşidbanu Natəvan...

- Rada xanım, sizi geniş tamaşaçı kütləsi daha çox seriallar vasitəsilə tanıyıb. Yerli seriallardan hansılarına baxırsınız?

- Mütamadi izlədiyimi deyə bilmərəm. Çünki özüm də seriallara çəkilirəm. Eyni zamanda teatrda məşqlər, axşamlar tamaşa oynayıram.

Gündəlik serialı izləmək çox çətindir. Amma istedadlı gənclərimiz çoxdur. O gənclər seriallar vasitəsilə kəşf olunurlar. Sevdiyim, bəyəndiyim simalar var, onların gözəl gələcəyinə inanıram.

- Hər halda, xüsusi seçdiyiniz serial, yaxud seriallar var...

- “Yuxu kimi”ni zamanla izləyirəm. İctimai Televiziyanın sənətkarlarla bağlı filmləri mənə olduqca maraqlı gəlir. Hamısına vaxtaşırı baxıram. Aralarından seçim etmək istəmirəm, çünki hər bir işdə zəhmət var. Bilirəm ki, həm aktyor, həm texniki heyət çox əziyyət çəkir. Bir insan beş işi görür. Onların zəhmətinin üzərindən necə xətt çəkə bilərəm?

Keyfiyyətə gəlincə, hər bir işdə problem tapmaq olur. Serialdakı rəssam işindən tutmuş musiqisinə qədər... Bütün problemlərin kökü maddiyyatda toqquşur.

Niyə aktrisa sabah nə geyinəcəyini düşünməlidir?

Gündəlik serial üçün ssenari yazmaq çox çətindir. İki mövsüm serial üçün çox ideal zaman kəsiyidir. Artıq olanda ssenaristlər də tükənir.

Tamaşaçıya bəhanə maraqlı deyil. Amma həmin o maraqlı olmayan tərəflər aktyor və aktrisanın oyununu axsadır.

Bütün seriallar özümüzündür, problemlərimiz də eynidir. Operatorlarımız kurs keçməlidir. Aktyorlarımız da həmçinin. Sadəcə qonşu Türkiyəni nümunə gətirəcəm, oradakı aktyor və aktrisalar xarici ölkələrdəki master-klasslarda iştirak edirlər. Aktyor elə qonorar almalıdır ki, özünü yetişdirmək üçün təhsilini, biliyini artıra bilsin.

- Bir aktrisa kimi hansı rolları oynamazsınız?

- Mən verilən hər bir obrazın öhdəsindən gəlmək iqtidarındayam. Tarixi mübariz qadınları oynamaq istəyirəm. Amma bəxtimə çox vaxt əzilən qadınlar düşür.

Deyirlər ki, aktrisanın baryeri olmamalıdır. Amma dünya ulduzlarının da imtina etdiyi nüanslar olur. Hər bir aktyorun seçim haqqı var. Mən aktrisayam, bunu da oynamalıyam deyə bir formul yoxdur.

Açıq-saçıq səhnələrdə çəkilmərəm. Buna görə çox filmlərdən imtina etmişəm. Hətta xarici ölkələrin istehsalı olan filmlərdən də...

- Olubmu ki, oyununuzu hansısa aktrisanın oyun tərzinə bənzədəsiniz?

- Sevdiyim aktrisalar var. Amma heç vaxt özümü kiməsə oxşatmamışam. Səhnəyə çıxanda 16 yaşım vardı, o qədər saf idim ki, bu barədə düşünmürdüm. Yəni kiminsə baxışını, duruşunu təqlid etməyə çalışmamışam. Amma sevdiyim sənət adamlarının yaradıcılığı, həyatı ilə bağlı yazılar oxuyuram. Mən surətpərəstəm. Vivyan Lidən tutmuş Anjelina Coliyə qədər, yaxud bizim aktrisalarımızın həyatları ilə yaxından maraqlanmışam. Təəssüflənirəm ki, hamısının taleyi ürək ağrıdan olub. Dünya onlara heyrandır, amma onların yaşadıqları...

- Sizcə, niyə? Aktrisa olduğunuza görə soruşuram. Səhnədəsiz, ekrandasınız, bəlkə bu, hər kəsin qəbul edəcəyi bir şey deyil?

- Bəlkə gözəlliyi onların başlarına bəla olub? Yoxsa həyat yoldaşları qısqancmış?.. Hər bir halda onlar daha gözəl sevməyi bacarıb və sevgilərinə sadiq qalıblar. Hərçənd ayrılıb başqa bir həyat da yaşaya bilərdilər. Onları elə sevgiləri məhv edib.

- Rada xanım, eşitdiyimizə görə, ailə qurmusunuz. Doğrudursa, təbrik edirəm.

- Çox sağ olun. Mən şəxsi həyatı bölüşməyi sevmirəm.

- Xoşbəxtsinizmi?

- Bəli, xoşbəxtəm. Bilirsinizmi, mən düşünürəm ki, xoşbəxtlik də insanın öz əlindədir. Natamam insanlar öz xoşbəxtliyini başqalarında axtarır. Tam insanların heç vaxt heç kəsə ehtiyacı yoxdur: sən özün özünə yetərsən. Mən xırda bir şeyi də dərd edən adam idim. İndi böyük problemlər baş verir, mən isə gülürəm...

- Sevib-sevilirsiniz. Sevgi bir qadını dəyişdirə bilirmi?

- Bir insanın yanında ancaq sevildiyim təqdirdə qala bilərəm. Əks halda o insan məni qızıla bürüsə də onunla yaşamaram. Qarşılıqlı sevgi işıqdır, həyatdır, anlayışdır, hörmətdir.

- Sevgidə qürur olmalıdır?

- Sevginin şah əsəri qürurdur.

- Qürur sevgini çox incidir axı...

- Bəli, çox incidir. Sevginin dadı da elə ondadır.


Müəllif: Nərmin Muradova