1 İyul 2022 16:43
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Mikayıl Mikayılov Azərbaycan Dövlət YUĞ Teatrına baş rejissor təyin olunub.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yeni baş rejissor artıq kollektivə təqdim edilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və sektorun əməkdaşı Günay Hümbətova iştirak edib.

Baş rejissor bildirib ki, doğma teatrının yeni inkişaf yoluna qədəm qoyması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Mikayıl Mikayılov 1981-ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və teatr rejissoru ixtisasında bakalavr və magistr pillələri üzrə ali təhsil alıb.

1999-cu ildə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayan M.Mikayılov 2005-ci ildən YUĞ Dövlət Teatrının rejissorudur. Bu teatrda müxtəlif illərdə “Viy adlı monstr haqqında dəlinin qeydləri”, “Əfğan”, “Medeya. Sekvensiya-01”, “Kloun Z” tamaşalarına quruluş verib. Rejissor həmçinin Akademik Milli Dram Teatrında, Akademik Musiqili Teatrda, o cümlədən Qazaxıstanın Karaqanda vilayətinin K.S.Stanislavski adına Dövlət Rus Dram Teatrında, Rusiyanın Anqajament və “Krasnıy fakel” teatrlarında, Rumıniyanın “Marin Sorescu” Kraiova Milli Teatrında tamaşalar hazırlayıb.

Rejissorun quruluş verdiyi tamaşalar Azərbaycan, Gurcüstan, Yunanıstan, Rusiya, Ukrayna, İran və Türkiyədə keçirilən beynəlxalq festivallarda uğurla iştirak edib.

Mikayıl Mikayılov Adolf Şapiro, Kama Ginkas, Kiril Serebrennikov, Deklan Donellan, Yoşi Oyda, Aleksey Borodin, Serqey Jenovaç kimi görkəmli teatr mütəxəssislərinin ustad dərslərində olub. 2009-cu ildə Çexiyada Milli teatr və Estates teatrlarında bir illik xarici stajirovka keçib.

Müxtəlif illərdə “İlin ən yaxşı gənc kino aktyoru” (2004), “İlin ən yaxşı gənc rejissoru” (2005) və “Zirvə” (2013) mükafatlarına layiq görülüb.


Müəllif: Nərmin