3 İyul 2022 14:12
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edən “Ən uzun qastrol” adlı sənədli film “İctimai” TV-də yayımlanaraq geniş ictimaiyyətə təqdim olunub.

Teleqraf.com təqdim edir ki, filmdə Şuşa Dövlət Musiqili Dram Teatrının tarixi, Şuşanın işğalından sonra teatrın üzləşdiyi çətinliklər, buna baxmayaraq yaradıcı kollektivin fədakarlıqları sayəsində bu mədəniyyət ocağının fəaliyyətini 30 il ərzində davam etdirməsi, nəhayət, yenidən doğma Şuşaya qayıda bilməyin onlara verdiyi sevinc və qurur hissi nümayiş olunur.

Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azəri Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “İşğal nəticəsində dağıdılan mədəniyyət ocağının tanıdılması” layihəsi çərçivəsində hazırlanıb.

Ekran işi “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin yaradıcı heyəti tərəfindən istehsal edilib. Filmin ssenaristi və redaktoru Ayaz Mirzəyev, rejissoru – Zəka Qulu, operatoru isə Emin Hüseynovdur.

Sənədli film Şuşa Dövlət Musiqili Dram Teatrının 4 aktyorunun müsahibəsi əsasında çəkilib. Filmin əsas süjet xətti 1990-cı ildə dövlət statusu alan Şuşa teatrının doğma şəhərində tamaşa qoymaq arzusunun müharibə səbəbindən reallaşa bilməməsi, ilk səhnəni Bakıda reallaşdırması ilə son 30 ildə “ən uzun qastrol”a çıxmasına həsr olunub.

Həmçinin filmdə teatrın direktoru Yadigar Muradovun 30 il sonra Şuşa şəhərinə getməsi nümayiş olunur və o, teatrın dağıdılmış binasının yerinə çatarkən gözünün qarşısında Şuşada teatrın ilk səhnələşdirmək istədiyi “Arşın mal alan” tamaşasından Vəli və Tellinin dueti canlanır.

Filmi bu linkdən izləmək olar:


Müəllif: Teleqraf.com