Bu il xalq şairi Məmməd Arazın ölümünün 10-cu ildönümüdür.
Ötən gün bu münasibətlə böyük insanpərvər şairin doğma kəndi Nursuda ev muzeyi açılıb. Açılışda şairinin xanımı, Gülxanım Fətəliqızı, qızı Şəlalə, nəvələrindən Tuncay və digər ailə üzvləri iştirak edib. Bildirilib ki, muzeyin Məmməd Araz irsini dünyaya çatdırmaqda xidmətləri olacaq. Muzeydən Naxçıvan Muxtar Respublikasının bütün məktəblərinə eyni vaxtda interaktiv yolla Məmməd Araz dərsləri keçiriləcək.
Qeyd edək ki, Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifəsində çalışıb. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə bir çox fəxri adlarla təltif edilib, 1993-cü ildə adına “Məmməd Araz” mükafatı təsis olunub. O, 2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Nərmin