11 İyul 2022 19:05
2 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu mənim iki əllə bağrıma basdığım qardaşım – Vahid Mustafayevin ideyası idi. Dedi ki, sən Rasim Ocaqovun hər anım və ad günündə mütləq nəsə edirsən. Bizim görkəmli rejissorumuz da ellimdir, şəkilidir. Mən də nəsə etmək istəyirəm. Dedim Vahid, sən filmlərin bərpasıyla məşğulsan, bu dəfə də “Ölsəm, bağışla” filmini bərpa et.

Rasim müəllimin bütün filmlərinin yaranmasından 30 ildən artıq zamanı keçib. Həmin filmlərin artıq bərpaya ehtiyacı var. Çünki onların hər biri sənət əsəridir. Onları qoruyub, saxlayıb gələcək nəsillərə çatdırmaq lazımdır. Çox şükürlər olsun ki, Vahid Mustafayevin “Balans” studiyasında görkəmli rejissorların filmləri bərpa olunur”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov “Sabahın xeyir, Azərbaycan” verilişində səsləndirib.

“Qobuda Vahid qardaşımın evində böyük ekranda çox böyük həyəcanla filmi gözləyirdim. Və ilk titrlər ekranda peyda olandan sonra mən nəinki o illərə qayıtdım, hətta mənə elə gəldi ki, bu film bir həftə bundan öncə çəkilib.

Mən başda Vahid olmaqla zövcəsi Elnarə xanıma təşəkkürümü bildirmək istəyirəm. Elnarə xanım Azərbaycanda yeganə insandır ki, bu işlə- filmlərin bərpası ilə məşğul olur. Mən başqasını tanımıram. Qaranlıq otaqda 12-15 hərdən 18 saat işləyirlər. Gecə 4-ə 11 dəqiqə qalmış qardaşım mənə yazır ki, studiyadan indi qayıdırıq. Mən çox həyəcan keçirirdim, bilmirdim onlara necə kömək edim. Deyirdim bəlkə gəlim sizin yanınızda olum. Deyirdi, sən öz işini görmüsən indi biz etməliyik”- deyə aktyor bildirib.

Fəxrəddin Manadov qeyd edib ki, hər bir filmin bərpası böyük maliyyə hesabına başa gəlir: “Vahid Mustafayevin “Balans” studiyasında bu günə qədər 4 bədii film, bir neçə sənədli film bərpa edilib. Hər bir filmin bərpası çox böyük məbləğ tələb edir. Və bunların hamısını Vahid öz üzərinə götürüb, öz sərmayəsi hesabına edir. Amma bizim nə qədər filmlərimizin bərpaya ehtiyacı var”.

Qeyd edək ki, bu gün görkəmli kinorejissor və operator, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anım günüdür.


Müəllif: Nərmin