18 İyul 2022 09:05
3 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının sevilən aktrisası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Simuzər Ağakişiyeva Teleqraf.com –un suallarını cavablandırıb.

Qeyd: Simuzər Ağakişiyeva 1972-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. Mikayıl Mirzə, Şəfiqə Məmmədova, Bəhram Osmanov kimi sənətkarlardan dərs alıb. Hələ 1-ci kursda oxuyanda Ənvər Əblucun rejissoru olduğu “Pəncərə” filmində çəkilib. Sonralar Cənnət Səlimovanın Kamera teatrında çalışıb, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda Gültəkin (Aydın” C.Cabbarlı), Şərəf (“Məkkəyə yol”C.Məmmədquluzadə), Sona xanım (“Hacı Qara” M. F.Axundov), Selcan xanım (“Şahzadə Xəzərin nağılı” K.Ağabalayev) , Aysulu ("Varislər"), Zahidə xatun ("Əlincə qalası" D.Mustafayev) və başqa obrazlar yaradıb. “Qoç döyüşü” , "Sirr”, "Qan qohumları", "İfşa-1", "Solğun çiçəklər", "Uçurum", "46-cı qapı" seriallarına, “Pəncərə” və “Prokuror” bədii filmlərinə çəkilib.

- Simuzər xanım, bu yaxınlarda müəllifi olduğunuz “Qəhrəmanlıq nümunəsi” kitabınız və “Gözümün nuru vətən” adlı sənədli filminiz təqdim olundu. Söhbətimizə kitabla başlamaq istəyirəm.

- Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Vətənə olan sevgi hər şeydən ötədir. 2020-ci ildə hər bir azərbaycanlı ailəsində olduğu kimi bizim də ailəmizdə müharibə şəraiti idi. Hər dəqiqəni, hər anı biz - əsgərlərimizlə birgə yaşayırdıq.

Bir də biləndəki orada nələr baş verir...Axı müharibənin nə olduğunu orada olan insan daha yaxşı bilir. Ona görə mənim üçün daha ağır idi.

Hər gün yeni xəbərlər eşidirdik. Etiraf edirəm ki, əvvəl içimdə inamsızlıq var idi, Aprel döyüşləri, eləcə də əvvəlki hadisələrə istinadən düşünürdüm ki, bu dəfə də üç-beş günlük müharibə olacaq. İlk dəfəydi ki, həyatımda yanılmağımı, dediyim sözlərə peşman olmaq istəyirdim.

Amma müharibə itkisiz olmur. II Qarabağ müharibəsində çox yaxın insanlarımı itirdim. Müharibənin öz ağrı-acıları var. Yəqin ki, Allah mənim içimdəki arzunu, istəyi görüb. Çünki həyatda heç nə elə-belə baş vermir.

“Qəhrəmanlıq nümunəsi” kitabı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin layihəsidir. Kitab II Qarabağ müharibəsində gözünün nurunu itirən oğullarımıza, igidlərimizə həsr olunur.

- Kitabda neçə qazi haqda məlumat yer alır?

- 17 qazidən bəhs edilir. İlk dəfə Gözdən Əlillər Cəmiyyətinə gedəndə üç nəfərlə tanış oldum: Amin, Kənan və İsmayıl. Onlara qulaq asarkən gözümdən yaş axırdı. Danışdıqlarını eşitdikcə, Vətənə olan sevgilərini hiss etdikcə...1995, 1996, 1998-ci il təvəllüdlü bu uşaqlar sanki bir ömür yaşamış insan kimi danışırdılar. Evə gəldim, düşündüm ki, görəsən mən bu kitabı necə yazacam? Yaza biləcəmmi? Mən hansı işin altına girmişəm, ilahi?

Sonra oturub düşündüm, dedim ki, bu bir missiyadır. Bunu Allah mənə nəsib edib və bunu etməliyəm. Yalnız və yalnız dualar etdim. Allah mənə yol açdı...Qazilərin vasitəsilə digər qazilərimizə əlimiz çatdı. Depressiyada olan qazilərimiz var idi, danışmaq istəmirdilər. Amma zamanla danışdılar.

Mən onlara bir yazar kimi yox, bir ana, dost, bacı, yoldaş kimi yanaşırdım. Onlar bu səmimiyyəti hiss edirdilər. Mənim danışıq tərzim, ünsiyyətim onları mənə qazandırdı: danışdıq, söhbətləşdik, dərdləşdik. Əslində düşünülmüşdü ki, mən onlarla telefon vasitəsilə danışıb, məlumatları alacam, daha sonra kitabı yazacam.

Amma bu işlər belə olmur. Elə qazilərimiz var idi ki, mən onlarla dəfələrlə görüşürdüm. Axı kim öz içindəkini ilk görüşdə qarşısındakına deyər? Ortada etibar olmalıdır. Bu güvəni qazandığım üçün xoşbəxtəm.

Bu kitabda gözünün nurunu itirən 17 qazi haqqında məlumat var. Amma onların sayı 300-dən çoxdur. Gələcəkdə digərləri haqda da yazılacaq. Axtarışlarımız davam edir.

Bayaq da dediyim kimi qazilərin çoxunu elə qazilər vasitəsilə tapmışıq. Gözdən Əlillər Cəmiyyəti onların həyata tutunmağı üçün çox dəstək olur. Qazilərin reabilitasiyası, işlə təmin olunması üçün işlər görürlər. Hətta ali məktəbə daxil olmaq baxımından da qazilərimizə yardım edirlər.

“O günlərə qayıtmaq istəmirdim”

- Sizə müraciət etmələrinin səbəbi nə idi?

- Əslində bu teatrımızın aktrisası İlqarə xanıma təklif olunmuşdu. O isə məni məsləhət görüb. Çox sağ olsun. Ümid edirəm ki, etimadı doğrulda bilmişəm.

Yazı prosesi çox ağır keçdi. İki gözünü itirən qazi deyir ki, Allah mənim gözümə nur versə, mən yenə müharibəyə gedərəm, heç peşman deyiləm. Şəhidlərimizin yanında gözü itirmək nədir ki?

Bir qazimiz deyir ki, Sima xanım mənim bir gözüm, amma Amilin iki gözü görmür. Mən müharibədən gələndən sonra anamı gördüm, inanın imkan olsa o bir gözümü verərəm ki, Amil də anasını görsün.

Gözünü itirən qazimizdən biri özü yaralı halda digər qazini çiyninə alıb deyib sən mənə göz ol, mən sənə ayaq olaram. Sən yolu göstər. İnanırsınız, o, 42 kilometr yol gəlib. Bütün bunları eşidəndə gözümün yaşı qurumurdu, yazanda da adamın ürəyi parçalanırdı. Baxırsan ki, arıq, çəlimsiz uşaqlardır, amma igiddirlər. Onları dünyaya gətirən analara qurban olum. Müharibədə döyüşənlər seçilmişlərdir. Hər biri bir qəhrəmandır, igiddir və hər birinin öz hekayəsi var.

Mən yazar, publisist deyiləm. Amma o yazılara sevgimi, ürəyimi qoymuşam.

- Birinci Qarabağ müharibəsində kəşfiyyat qrupunda yer almısınız. Xatirələrinizi yazmısınızmı?

- Yox.

- Yaşadıqlarınızdan dolayı yaza bilmədiniz, yoxsa başqa səbəblər var idi?

- O günlərə qayıtmaq istəmirdim. O müharibədə çox itkilərimiz oldu. Mənim veteran sənədim belə yoxdur, amma sənədlə mənim adıma silah olub. Tək mən deyil, bu sözü Birinci Qarabağ savaşında vuruşan hər bir kəsdən eşidə bilərsiniz. Biz o vaxt məğlub idik, nəyimizə lazımdır veteran olmaq. Heç birimiz istəmirdik. Kimə nəyi sübut etməliydim?

O müharibədə də bu müharibədə də şəhidlər vermişik. Allah hər birinə rəhmət eləsin. Müharibənin qanunları çox ağır və sərtdir. Şəhid olan oğullarımız və onların valideynləri, ailələri - özlərindən sonra yaşananlar bir ayrı hekayədir. Şəhid övladlarının gözlərinin içinə baxın... Onların gözünün içində eyni ağrını görəcəksiniz.

Amma bir söz deyim, bu kitabdan sonra qəti qərara gəldim ki, Birinci Qarabağ müharibəsi haqda yazmalıyam.

- Unutduqlarınız da ola bilər?

- İnanın ki, onlar unudulan deyil.

“Savaşa gedəcəkdim, məni bircə o saxladı”

- Müharibəyə neçənci ildə getmişdiniz?

- 1992-ci ildə. Tələbəydim, Çingiz Mustafayev televiziyada çağırış etdi, dedi kim özünü qəhrəman hiss edirsə gəlsin. O çıxışdan sonra tələbə yoldaşlarımla AzTV-yə gəldik. Sonra Müdafiə Nazirliyinə müraciət etdik, dedilər, gedin dərsinizlə məşğul olun. Amma vaz keçmədik. Könüllü Ağdam rotasına getdik. 3 gün orada qaldıq, sonra dedilər ki, sizi yuxarı qaldıracaqlar. Yuxarı deyəndə - Abdal Gülablını nəzərdə tuturdular. Orada da kəşfiyyat qrupuna saldılar. Ağdama gedəndə beş-altı qız idik, onlar qayıtdılar, mən qaldım.

Hərdən deyirlər ki, filankəs qaynar nöqtədə olub, amma bir güllə də atmayıb, döyüşməyib. İnanın, müharibədə bir gecə yaşamaq özü qəhrəmanlıqdır. Hər gecə deyirdik ki, yəqin bu, son gecəmizdir. Çünki o dərəcədə vahiməlidir. İşıq yox, yalnız ulduzların işığı altında... Ona görə o sözü demək heç kimin həddi deyil.

Müharibədə qalmağımı əsgər dostlarım istəmirdilər. Bir gün kəşfiyyata getmişdik. Sıra ilə durmuşuq, sırada səkkizinci idim, hamımız yerə uzanmışıq, siqnal gözləyirik. Bir anlığa yuxuya getmişəm. Gözümü açanda elə bildim ki, bir əsrdir yatmışam. Çox peşman idim. Komandirimiz Müşfiq Abbasov məni çağırdı, gözümün içinə baxa-baxa, əlləri ilə işarə etdi ki, bura gəl. Yanına gəldim, dedi bax. Baxdım ki, yanımızda bir, bir az aralıda iki meyit var idi.

Onları mənə göstərməyinin səbəbi var idi. O istəyirdi ki, mən meyitləri görüb, qorxum və oradan gedim. Sən demə biz həmin an mühasirəyə düşmüşük. Mənə deyir sağ tərəflə çıx get buradan. Dedim sən nə danışırsan, mən heç yerə getmərəm. Sizi qoyub gedə bilmərəm. Silahı mənə tuşladı, dedi sənə əmr verirəm, get. Dedim getməyəcəm. Ondan sonra məni qucaqladı, başımdan öpdü, dedi sənə qurban olaram.

Müşfiq Abbasov II Qarabağ müharibəsində şəhid oldu. İki oğlu ilə getmişdi.

Hamısı xətrimi çox istəyirdi.

O mühasirədə məndən sonra dayanan Şahid adlı oğlana “limonka”nı (qumbara - red) verib dedim ki, əgər əsir düşsək, məni partladarsan. Əvvəl götürdü, sonra dedi mən eləyə bilməyəcəm. “Limonka”nı qaytardı mənə, gülüşdük. Təsəvvür edin, elə ağır bir vəziyyətdəyik, amma yenə də deyib-gülməyimizdən qalmazdıq. II Qarabağ savaşında əsgərlərin videoları yayılırdı. Onları, o vəziyyətləri o qədər gözəl başa düşürdüm ki...Oturub danışdığın insan beş dəqiqədən sonra sənin yanında olmaya bilərdi. Çünki yanındakı insanlar bir-biri şəhid olurlar...Çox ağır idi.

Orada mənim fotoaparatım, gündəliyim və bir də atım var idi. Atı mənə Laçında şəhid olan bir dostum vermişdi, onun yadigarı idi. Amma təəssüf ki, hücum zamanı onları özümlə götürə bilmədim. Buna çox təəssüf edirəm.

Mənə deyirdilər ki, sən necə oldu ki, müharibəyə getdin. Dünyada elə bir sevgi yoxdur ki, o vətən sevgisini əvəzləsin. İnanın, elə sevgi yoxdur.

II Qarabağ savaşına da gedəcəkdim. Övladlarımın biri problemlidir, məni saxlayan ancaq və ancaq o oldu. Başqa heç bir hiss məni saxlaya bilməzdi.

Deyirlər ki, atanı, ananı, ailəni qoyub necə gedirsən? Gedən insanın düşündüyü bir şey olur- mən orada olmalıyam.

Müharibədə kim qorxmur ki? Hamının içində bir qorxu var. Yaralanır, qorxur ki, əsir düşər. Kitabda da yazmışam, Kamran minaya düşüb iki gözünü itirib. Deyir, o anda kəlməye- şəhadəti dedim, arzu etdim ki, əgər sağ qalsam öz tərəfimizə düşüm. Silahını əlindən buraxmayıb, qucağında gətirib. Neçə kilomert yolu sürünə-sürünə gəlib, öz dilimizdə səsləri eşidəndə “Ay Allah sənə min şükür” deyib.

İnsanın bədəninin harasısa ağrıyanda bir teli belə ona ağırlıq edir. O isə silahını özü ilə gətirib.

Bu layihədə çalışmaq həyatımda çox şeyi dəyişdi. Bir ana, bir qadın, bir Azərbaycan vətəndaşı olaraq dəyişdim. Hərdən bir-birimizə deyirik ki, “Korsan, görmürsən”, mən o sözü artıq leksikonumdan çıxartmışam. Mən gözün oyulmağını, çıxmağını gördüm. Mən qazilərimizdən həyata tutunmağı öyrəndim.

- Qarabağ müharibəsindən necə döndünüz?

- Çox depressiyada idim. 20 yaşım var idi. İllərlə ağlaya bilməmişəm. I müharibə çox ağır idi. Nigarançılıq, ümidsizlik, yalan, amma bununla yanaşı igid oğulların döyüşməsi...Mən heç vaxt mayın 8-ni xatırlamaq istəmirəm. Xəbərim yox idi, kimdən soruşurdum, heç kim bir kəlmə də demirdi. Sanki buz olmuşdular. Soruşuram nə olub? Axırda Əli adında bir oğlan astaca “Şuşanı aldılar” dedi. Qışqırıram ki, nə deyirsən, eşitmək, eşitdiyimə inanmaq istəmirdim. Bir az sonra mən də susdum, sükuta qərq oldum.

Çox qəribədir ki, II Qarabağ müharibəsində evdə olsaq da gecəmizi-gündümüzü bilmədik. Demək olar ki, o müharibə müddətində yata bilmədim. Amma Şuşamız alınan günü qeyri-ixtiyarı sanki “sönmüşdüm”. Səs-küyə ayılmışam, əvvəl elə bildim yəqin şəhid gətirirlər. Amma sonra gördüm ki, hamı sevinir, bayram edir. Qapını açdım, məhəllə uşağı Əlidən soruşdum. Dedi Şuşanı almışıq. Onu elə bərk qucaqlayıb bağrıma basdım ki...Amma hələ də inana bilmirdim. Qazi dostlarıma, Rey Kərimoğluna zəng elədim, onlar təsdiqləyəndən sonra inandım. Allaha çox şükür ki, bu günləri gördük. Bundan sonra bir də müharibə görməyək.


Müəllif: Nərmin Muradova, Foto: Rüfət Mikayılov