22 İyul 2022 09:05
1 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuğ Teatrının yeni baş rejissoru Mikayıl Mikayılov Teleqraf.com-un suallarını cavablandırıb.

Qeyd: 1999-cu ildə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayan Mikayıl Mikayılov 2005-ci ildən YUĞ Dövlət Teatrının rejissorudur. Bu teatrda müxtəlif illərdə “Viy adlı monstr haqqında dəlinin qeydləri”, “Əfğan”, “Medeya. Sekvensiya-01”, “Kloun Z” tamaşalarına quruluş verib. Rejissor həmçinin Akademik Milli Dram Teatrında, Akademik Musiqili Teatrda, o cümlədən Qazaxıstanın Karaqanda vilayətinin K.S.Stanislavski adına Dövlət Rus Dram Teatrında, Rusiyanın Anqajament və “Krasnıy fakel” teatrlarında, Rumıniyanın “Marin Sorescu” Kraiova Milli Teatrında tamaşalar hazırlayıb.

Rejissorun quruluş verdiyi tamaşalar Azərbaycan, Gurcüstan, Yunanıstan, Rusiya, Ukrayna, İran və Türkiyədə keçirilən beynəlxalq festivallarda uğurla iştirak edib.

Mikayıl Mikayılov Adolf Şapiro, Kama Ginkas, Kiril Serebrennikov, Deklan Donellan, Yoşi Oyda, Aleksey Borodin, Serqey Jenovaç kimi görkəmli teatr mütəxəssislərinin ustad dərslərində olub. 2009-cu ildə Çexiyada Milli teatr və Estates teatrlarında bir illik xarici staj keçib.

Müxtəlif illərdə “İlin ən yaxşı gənc kino aktyoru” (2004), “İlin ən yaxşı gənc rejissoru” (2005) və “Zirvə” (2013) mükafatlarına layiq görülüb.

"Anam bir də gördü ki, tamaşa qururam"

- Mikayıl bəy, öncə təbrik edirik. İndiyə qədər həm Azərbaycanda, həm də xaricdə yaşayıb, işləyirdiniz. Deyə bilərikmi ki, bu təyinat sizi bura bağladı?

- Deyə bilərsiniz.

- Tamaşalar hazırladığınız doğma məkana baş rejissor təyin olunmusunuz. Nə hislər keçirirsiniz?

- Hələ tam anlamamışam ki, nə baş verir. Bir tərəfdən çox sevinirəm. Digər tərəfdən həyəcan keçirirəm. Çünki uşaqlıqdan mən bu teatrda böyümüşəm. Bu teatrın tarixinə bələdəm və burada hamı məni tanıyır. Həyatımda çox həyəcanlı və məsuliyyətli bir dönəm başlayır.

Bu teatrın gələcəyi perspektivlidir. Yetərincə maraqlı kollektivdir və çox güclü potensialı var. İnanıram ki, gələcəkdə birlikdə maraqlı işlər görəcəyik.

- Uşaqlığınızın bu teatrda keçməsinin səbəbkarı ananız, aktrisa Sona Mikayılovadır. Burada ilk dəfə hansı tamaşaya baxmısınız?

- Səhv etmirəmsə, 1989-cu ildə “Salam” tamaşasına baxmışam. 8-9 yaşım var idi. O tamaşa, teatral mühit məni özünə cəlb etdi. Teatr toxumu canıma düşdü və ondan kənarda qala bilmədim.

Xoreoqrafiya məktəbində oxudum, oranı bitirəndən sonra məni Pantomima Teatrına dəvət etdilər. O vaxt Qəyyum Muxtar “Uçuş” tamaşasını hazırlayırdı, plastik rəqsləri qurmağı mənə həvalə etdi, daha sonra da teatrda qalıb, işlədim. Paralel olaraq Universitetdə kinorejissorluğu oxuyurdum. Bir müddətdən sonra Yuğ Teatrına gəldim, rejissor kimi işə başladım.

- Yəqin artıq söz deməyə ehtiyacınız var idi?

- Ola bilər. Plastika, rəqsdən sonra bəlkə də daxili ehtiyacım məni buna sövq etdi. Bunlar hamısı çox vacib etaplardır. Bir tərəfdən Bəxtiyar Xanızadənin məktəbi, digər tərəfdən Vaqif İbrahimoğlunun məktəbi. Eyni zamanda xaricdə- Avropa və Rusiyada başqa məktəblərlə tanış oldum.

- Sona xanım, heç etiraz edibmi?

- Çatdıra bilmədi. (gülür) Bir də gördü ki, artıq işləyirəm, tamaşalar qururam.

"Başqa teatrlarla birgə layihələr etmək istəyirəm"

- İndiyə kimi bu teatrda tamaşalara quruluş verirdiniz. Bundan sonra bütünlükdə teatrın gələcək strategiyasını müəyyənləşdirəcəksiniz. Düşüncələrinizi bilmək istərdim.

- Baş rejissor o deməkdir ki, sən artıq teatrı düşünməlisən. Bu çox vacib nüansdır.

Xaricdə uzun müddət çalışdığıma görə mənim üçün Azərbaycan teatr məhfumu var və bu mənə çox doğmadır. Çünki mən buradakı bütün teatrlarda həm tamaşa qurmuşam, həm işləmişəm.

- Hamısında?

- Akademik Milli Dram teatrında dörd tamaşa hazırlamışam. Həmçinin Akademik Musiqili Teatrda tamaşa qurmuşam, Gənc Tamaşaçılar Teatrının səhnəsində oynamışam. Pantomima və Yuğ Teatrında işləmişəm. O baxımdan bu mühitdə mən çox rahatam. Yəni teatrları bölmürəm, mənim üçün dediyim kimi Azərbaycan teatrı var.

Hər bir teatr öz maraqlı tarixi, ənənəsi ilə seçilir, fərqlənir. Çox istərdim ki, Yuğ Teatrında işləyə-işləyə gələcəkdə başqa teatrlarla birgə layihələr həyata keçirək.

Mənim fikrimcə, Azərbaycan teatrları bir-birindən ayrı olmamalıdır. Teatrlar arasında hər zaman əməkdaşlıq olmalıdır. Bu vacib məsələdir.

- Siz əməkdaşlıq deyirsiniz, indiyə qədər teatrlararası hansısa layihələri xatırlamaq istəyirəm. Amma yadıma düşən heç nə yoxdur. Daha çox bir teatrın aktyorunu digər teatrın tamaşasında görmüşük.

- Xaricdə belə əməkdaşlıqlar hər hansı layihələr, rejissor, tamaşa, festivallar çərçivəsində baş tutur. İnanıram ki, bizdə də bu baş verəcək. Biz biri-birimizlə yaradıcı münasibət qurmalıyıq.

- Əlbəttə, sağlam rəqabət mühiti olmalıdır.

- Fikirləşirəm ki, indiki dövrdə əlbir olub bir-birimizin uğurlarına sevinib, dəstək olmalıyıq.

"Xarici ölkələrdən də teatra vəsait cəlb etmək lazımdır"

- Neçə il ölkə xaricində yaşayıb, fəaliyyət göstərmisiniz?

- Hər zaman gedib-gəlmişəm. Amma ümumi hesabla desəm, 10 il olar.

- Sualı verməyimin səbəbi var. Yetərincə uzun zamandır. Ölkə daxilində teatr cameəsində bir-birinin işinə laqeyd yanaşmaq, birincilik iddiası, söz-söhbətlər yaranır. Amma siz kənarda olmusunuz, xaricdə tamaşalar hazırlamısınız. Və oradan Azərbaycan teatrı necə görünür? Bunu analiz etmək üçün kifayət qədər zamanınız olub.

- Xaricdə mühit başqadır. Orada teatr aləmi müəyyən ritmlə yaşayır. O ritmi Azərbaycanda da görməyə başlayıram. Yəni biz öz binalarımızda qapanıb qalmırıq. Ölkə xaricinə də çıxıb, tanınmağa başlamışıq. Bu yaxşı haldır. Çünki indiyə qədər xaricdə biləndə ki, azərbaycanlı rejissor gəlib tamaşa quracaq, təəccüblə qarşılayırdılar.

- Siz ilk xarici layihələrə qoşulanda bizim teatrla, yaradıcı insanlarla tanışlıqları var idimi?

- Yox, tanımırdılar. Rusiyada Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah” pyesini hazırlayanda onlar ədəbi nümunəni belə tanımırdılar.

Müəyyən işlər görüləndən sonra dəvətlər gəlməyə başladı. Onları maraqlandıran bir şey var: tamaşa qurulsun, oynanılsın, satılsın, tamaşaçılar gəlsin. Məntiq budur: əgər hansısa bir rejissor gəlib teatrda tamaşa hazırlayıb, uğur qazanırsa, deməli onu yenidən dəvət edirlər. Orada əlaqələr bu cür qurulur. Ona görə prodüserin işi çox vacibdir. Hətta direktorların özləri də prodüser kimi çalışırlar.

Bizdə də bu sistem həyata keçirilməyə başlayıb. Artıq tamaşalara biletlər satılır və tamaşaçılar tərəfindən alınır.

- 10 ildən çoxdur ki, teatrlarda prodüserlərin olmasının vacibliyi müzakirə olunur. Konkret olaraq Yuğ Teatrında prodüser işi həyata keçirilirmi?

- Hələki proses gedir. Nəticələr barədə konkret bir fikir demək çətindir. Biz bu yolun başlanğıcındayıq. Marketinq tərəfdən çox çatışmazlığımız var. Yalnız dövlətdən deyil, kənardan da – xarici ölkələrdən də teatra vəsait cəlb etmək lazımdır.

Əlbəttə, indiki halda teatrlardakı marketinq, prodüser işi bizi qane etmir. Amma hər halda bu istiqamətdə işlər gedir və ümid edirəm ki, yaxın zamanlarda müəyyən nəticələr əldə olunacaq.

"Binamızla bağlı ümidverici xəbərlər var"

- Bir qayda olaraq festivallar üçün hazırlanan və kütləvi tamaşaçılara ünvanlanan tamaşalar var. Birinci çox vaxt maliyyə qazandırmır, amma bu sənət, mədəniyyətin inkişafı üçün hava və su qədər vacibdir. Sizin özünüz üçün bu bölgü varmı?

- Teatr tamaşa hazırlamaq haqda düşünəndə hansı tamaşaçı kütləsinə ünvanlanacağını da bilməlidir. Yaş qrupları olmalıdır. Çünki fərqli təbəqələr var.

Elə tamaşa yoxdur ki, bütün yaş kateqoriyalarının xoşuna gəlsin. Hər kəsin öz dünyagörüşü, indiki zamanla bağlı dəyərləri var. Kimin üçünsə hansısa tamaşa əladır, gözəldir, cəsarətlidir, amma başqa tamaşaçı üçün yaddır.

Bəli, teatrlarda kommersiyaya yönələn tamaşalar da var.

-Elə məhz siz də xaricdə bu cür tamaşalar hazırlamısınız.

-Bəli, o formatda da çalışmışam. Amma buna baxmayaraq gəlirli tamaşa qurmaq cəhdində deyildim. Çünki mənim üçün yenə də yaradıcılıq ön planda olmalıdı.

Kassaya hesablanan tamaşanın materialından da çox şey asılıdır. Rey Kunidən, Klod Manedən anderqraund tamaşa hazırlaya bilməzsən.

Şekspirdən isə mümkündür. Şekspirin əsərləri kommersiya da ola bilər, eyni zamanda yaradıcı tərəfdən çox maraqlı detallar da tapmaq mümkündür.

Amma elə tamaşaların şahidi olmuşam ki, həm festivallarda uğur qazanıb, həm də tamaşaçıların marağına səbəb olub.

- Xaricdə və Azərbaycanda ən yaxşı baxılan yaxud satılan tamaşanız hansıdır?

- Bunu demək bir az çətindir. İndiyə qədər tamaşalar repertuarlarda nümayiş olunur. Qazaxıstanda bir tamaşam altı ildir ki, repertuardadır.

- Bəs Azərbaycanda ?

- Akademik Milli Dram Teatrında “Xanuma”, “Müfəttiş”, “İlahi oyun”, “Şah və şair” tamaşalarını hazırlamışam.

- Amma bildiyim qədər “İlahi oyun” və “Şah və şair” hazırda teatrın repertuarında deyil. Ömürləri qısa oldu.

- Müəyyən aktyorlar oradan getdiyinə görə belə alındı. “İlahi oyun” çox festivallarda iştirak edib.

Ümumiyyətlə, teatrların truppaları ilə işləmək mənim üçün maraqlıdır. Hər bir truppanın fərqli yaradıcı düşüncəsi var. Və belə olması məni daha çox cəlb edir: müəyyən yaradıcı proses keçirsən və doğmalaşırsan.

- “Medeya. Sekvensiya 01” hələ də repertuardadırmı?

- Tamaşa artıq üç ildir ki, oynanılmır. Tamaşanın növbəti mövsüm taleyi barədə hələlik bir söz deyə bilmərəm.

Yuğ Teatrının strategiyası qurulmalıdır. Ona görə hələ özüm də tamaşaları, bəzi məsələləri araşdırıram. Sentyabrda hədəflərimizi açıqlayacağıq.

Çox istərdim ki, Azərbaycan teatrları da dünyada mövcud olan mexanizmlərlə işləsin. Hər halda çalışacağıq ki, bunu edək.

Problemlər, çətinliklər çoxdur. Teatrımızın bina problemi var. Tamaşaları normal qaydada oynamaq üçün səhnəmiz olmalıdır.

- Bina ilə bağlı yenilik varmı?

- Ümidverici xəbərlər var. Fikirləşirəm ki, bu məsələ sürətlə öz həllini tapacaq. Repertuarla bağlı maraqlı ideyalar, layihələr, fikirlər var. Bunları gerçəkləşdirmək üçün mühit yaranmalıdır. İnanıram ki, o mühit yaranacaq.

- Müsahibələrinizin birində deyirsiniz ki, “Medeya. Sekvensiya 01” sizin üçün tam formalaşmış tamaşa olmadı. Yeni mövsümdə davamı olacaqmı?

- Mən o tamaşanı trilogiya kimi düşünmüşdüm. Yarımçıq qalması da məhz bu səbəbdən idi. Ola bilsin, nə vaxtsa 01-dən sonra 03 olsun, daha sonra 02 hazırlansın. Yəni, belə də ola bilər.

"Artıq yaradıcı insanların düşüncə forması bizim mühitlə çərçivələnmir"

- Hansı tamaşanın hazırlanma prosesindən xüsusi zövq almısınız?

- (Uzun pauza) Mənim üçün bunu demək bir az çətindir. Bütün tamaşalar, məşqlər gözümün qabağına gəlir. Hər məşqdə çox maraqlı məqamlar var.

- Mən xatırladım- “İlahi oyun”, “Müfəttiş”

- Fərqli proseslər idi. “Müfəttiş” dram teatrının üslubundadır. “İlahi oyun” ento- muzikl formatındadır. Gəlin, “Kloun Z” barədə danışım.

- Danışaq, amma təəssüf ki, tamaşaya baxmamışam. Bildiyim odur ki, sizin tamaşada klounlar qadınlardır. Halbuki, əsərdə kişi klounlardan söhbət açılır.

- Bu tamaşa Konyada keçirilən festivalda nümayiş olunmuşdu. Dediyiniz məqam onlara da qəribə gəlmişdi. Mənim tamaşamda qadınlar kişi kloun geyimindədirlər. Bu, mənim yozumum idi. Axı klounun cinsi yoxdur. Kişi də qadın da kloun ola bilər.

Türkiyədə də “niyə”sini soruşublar. Oradakı müzakirəni eşitməmişəm deyə “niyə”sini deməyəcəm. Əsərin özündə klounların adlarında və müəyyən rəng ştrixlərində fərq var: sarı, qırmızı, yaşıl. Qrim eyni, geyim eyni- niyə belədir? Bunu artıq mən tamaşaçıya sual vermişəm. Tamaşada qoca kloun var, gəlir və gözləyir. O haradadır? O həm buradadır, həm də burada yoxdur.

- Belə başa düşdüm ki, indi də bunu açmaq istəmirsiniz. Yəqin aktrisalar özləri bilirlər.

- Bəli, onlar bilirlər. O baxımdan çox maraqlı hazırlıq prosesi keçdik.

- Son dövr Azərbaycanda baxdığınız hansı tamaşalar sizin diqqətinizi çəkib?

- Baxdıqlarım haqda danışa bilərəm. Ceyhun Dadaşovun Pantomima səhnəsində hazırladığı “Şinel” maraqlı tamaşadır. Ərtoğrulun Musiqili Teatrda quruluş verdiyi “Psix” tamaşası çox maraqlı üslubdadır, stilistika fərqlidir.

Ümumiyyətlə, maraqlı tendensiyalar var. Artıq yaradıcı insanların düşüncə forması bizim mühitlə çərçivələnmir. Çərçivələrdən kənara çıxmaq cəhdi baş tutur. Dövr, zaman, insanlar dəyişir. Tamaşalarımızda bunu görəndə çox sevinirəm. Biz prosesdən kənar qalmamalıyıq. Sonuncu gördüyüm tamaşalarda dediyim məsələlər var idi.


Müəllif: Nərmin Muradova, Foto: Rüfət Mikayılov