4 Avqust 2022 16:12
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ mövzusunda “Azərbaycan 100” ssenari müsabiqəsinin qalibi olmuş “Supəri” ssenarisinin müəllifi, kinorejissor Mirsadıq Ağazadə ilə tədbirdən sonra ayaqüstü həmsöhbət olduq.

Teleqraf.com həmin müsahibəni təqdim edir.

Dosye. Mirsadıq Ağazadə Mədəni maarif texnikumunu bitirdikdən sonra 1991-1996-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və teatr rejissorluğu fakültəsində təhsil alıb. ”Lider TV”, “SPACE TV” və “İTV” kanallarında sənədli filmlər və eksperemental layihələr həyata keçirib.

“Altıaylıq”, “Aləmdə qalan səs”, “54 gün mühasirədə”, “Şirvan şikəstəsi” kimi sənədli filmlərin, həmçinin “Azərbaycanfilm”in istehsalı olan “Eviniz abad” bədii filminin rejissorudur.

“Qələbəmiz həmin adamların çiynində gəldi”

- Mirsadıq bəy, “Azərbaycanfilm 100” müsabiqəsində birinci yerə sizin “Supəri” ssenariniz layiq görüldü. Ssenari barədə nə deyə bilərsiz?

- Hər bir yaradıcı adamın planında işləmək istədiyi ideyalar, mövzular olur. Bu ssenarinin ideyası illər əvvəl yaranmışdı. Ordumuz II Qarabağ müharibəsində zəfər qazanandan sonra qəti qərara gəldim ki, bu barədə ssenari yazılmalıdır.

Ağdamın, eləcə də digər bölgələrimizin xarabalıqları mənə çox pis təsir etmişdi. Yəni insan bunu necə edər, niyə edər? Dəhşətə gəlirsən...

“Azərbaycanfilm 100” ssenari müsabiqəsi elan olunanda “Supəri”ni təqdim etdim. Dediyim kimi, ssenarinin ideyası illər əvvəl yaranmışdı. Vaxtilə mən “54 gün mühasirədə” adlı sənədli film çəkmişdim. Film Birinci Qarabağ müharibəsində Laçın rayonunun şimal hissəsi və Kəlbəcər rayonunun işğalı zamanı erməni mühasirəsində qalan 19 nəfərdən bəhs edirdi. Onların içərisində azərbaycanlılarla yanaşı qeyri-millətdən olan insanlar da var idi. Həmin mühasirədən sağ-salamat çıxmaq Allahın işi idi. O mühasirədə Birinci Qarabağ veteranı Əli Əliyev “54 gün mühasirədə” adlı kitab yazmışdı. Bir neçə il əvvəl o, dünyasını dəyişdi, Allah ona rəhmət eləsin. Biz filmi o kitabın əsasında çəkmişdik.

Mühasirədə qalan 19 nəfərin içərisində bir qız vardı. Mən “Supəri”də o qızı prototip götürmüşəm, daha sonra, əlbəttə, bədii təxəyyüllə ssenarini yazmışam. Ssenarinin sonunda möhtəşəm qələbəmiz əks olunur.

Mənim ssenaridə əsas vurğulamaq istədiyim məsələ budur ki, indiki qələbəmiz həmin adamların çiynində gəldi. Onların canı, qanı, əzabları bahasına... Onların çoxu itkin düşdü. İndiyə kimi onlardan xəbər yoxdur.

Əli kişinin ailəsi hələ də uşaq bağçasında yaşayır. Uşaqlar böyüyüb, yaş ötür, amma hələ də uşaq bağçasındadırlar. Həmin adamlar o qələbəni indikilərə ötürdülər.

“Mən rejissor olaraq bunu fikirləşə bilməzdim”

- Ssenarinizi Ekspert Şurası dəyərləndirib. Qalib olmaq necə hisdi?

- Hər kəsə uğurlar arzulayıram. Təbii, sevinirəm, amma səmimi deyirəm ki, başqası da qalib gəlsəydi sevinərdim. Bu çox normaldır. İndi internet dövrüdür, vatsapla bir-birimizə gülməli nələrsə göndəririk. Onların içərisində elə şeylər olur ki, çox gözəldir. Onları çəkənlər məndən iki, üç dəfə cavandır. Yəni fikirləşirəm ki, mən rejissor olaraq bunu yarada, düşünüb tapa bilməzdim. O qədər istedadlı adamlar var ki....

Əsas odur ki, baş işləyir, fantaziya, qələm var. Sağlam rəqabət olanda sənət, kino inkişaf edir. Nə qədər belə müsabiqələr olsa, nə qədər kino adamları bir yerə cəm olsa, deməli kino inkişaf edəcək.

- Müsabiqənin şərtlərinə görə, birinci yerə çıxan ssenarinin çəkilməsi nəzərdə tutulur. Kinostudiyanın direktoru Nazim Hüseynov mətbuat konfransında dedi ki, film çəkiləndə rejissor məsələsi pitçinq vasitəsilə müəyyən olunacaq...

- Çəkilsə, çox yaxşı olar. Mənim əlimdən nə gəlir: yazmaq, çəkmək... Bu, çox qəliz ssenaridir. Çoxlu yerdəyişmələr var ki, bunlar hamısı maliyyə tələb edir. Çoxlu personajlar, kütləvi səhnələr, tarixi dövrlər əks olunub. Hətta 70-ci illər belə ssenaridə əksini tapır.

“Elxan o filmləri gözəl çəkir”

- Qarabağla bağlı indiyə qədər çəkilən filmlərimizdən hansını bəyənirsiniz?

- Elxan Cəfərovun filmləri - “Dolu”, “Yarımçıq xatirələr”. Bu mövzuyla əlaqədar sənədli filmlər çox çəkilib, bəzilərini də özüm çəkmişəm.

Batal çəkilişləri olan filmlər mənim çəkiliş üslubum deyil. Onu Elxan çox gözəl çəkir. Məni daha çox müharibənin psixoloji təsiri, insan faciəsi cəlb edir.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər