6 Avqust 2022 09:05
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ!” adlı rubrikanın bu dəfəki təqdimatı milli teatr və kinomuzun unudulmaz aktrisalarından biri olan Xalq artisti Məhluqə Sadıqovaya həsr olunur.

Teatr muzeyindən Teleqraf.com-a verilən məlumata görə, layihə Prezident İlham Əliyevin 2022-ci ilin ölkədə “Şuşa ili” elan edilməsi haqqında Sərəncamına əsasən həyata keçirilir.

Layihə çərçivəsində aktrisanın həyat və yaradıcılığına dair material və muzeyin fondundan bir neçə eksponat təqdim edilib.

Ata-baba yurdunu niyə tərk edib?

Məhluqə Sadıqova 28 aprel 1917-ci ildə Azərbaycanın dilbər güşələrindən birində - musiqi beşiyimiz sayılan Şuşa şəhərində anadan olub. O, ilk təhsilini buradakı 1 saylı qız məktəbində alıb.

Atasının vəfatından sonra maddi çətinlik çəkdikləri üçün ailəsi ilə birgə doğma ata-baba yurdunu tərk edib, Bakıya köçməli olurlar. Yarımçıq qalmış orta təhsilini tamamlamaqdan ötrü gənc Məhluqə 6 saylı şəhər məktəbinə yazılır. 1935-36 cı illərdə isə Tibb Texnikumuna daxil olub orada diş texnikliyini öyrənir.

Məlahətli səs tembri ilə ürəklərə yatan Məhluqə xanım hələ tələbəlik illərindən səhnəyə maraq göstərir, özfəaliyyət dərnəklərində həvəskar aktrisa, rəqqasə və müğənni kimi çıxışlar edirdi. Elə bu həvəsi və istedadı onu peşəkar teatrın səhnəsinə gətirib çıxarır.

(A.N.Ostrovski “Günahsız müqəssirlər”, ADDT. 1947-48-ci illər. Anuşka - M.Sadıxova)

Ən çox oynadığı obrazlar: Pəri və Yengə

O, 1936-cı ildə müsabiqə yolu ilə indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına işə götürülür və 1992-ci ilədək burada çalışır.

Məhluqə Sadıqova tearda İsmayıl Hidayətzadə, Şəmsi Bədəlbəyli, Aleksandr Tuqanov, Ədil İskəndərov kimi tanınmış incəsənət xadimləri olan sənət dostlarından dəyərli məsləhətlər alaraq özünü bir peşəkar kimi inkişaf etdirir, hər yeni tamaşa ilə bacarığını bir az daha təkmilləşdirir və əsas rollara təkliflər alır.

O, bu sənət ocağının səhnəsində Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Əzizə Məmmədova, Sona Hacıyeva, Möhsün Sənani, Mirzağa Əliyev, Mərziyə Davudova, Məmmədəli Vəlixanlı, Sidqi Ruhulla, Barat Şəkinskaya və s. kimi dövrünün görkəmli sənətkarları ilə tərəf-müqabili olur.

(C.Cabbarlı “Solğun çiçəklər”, ADADT. 1968-ci il. Pəri - M.Sadıqova, Sara - L.Bədirbəyli

Bənzərsiz səs tembrinə, aydın və səlis diksiyaya, düzgün səhnə danışığına sahib olan aktrisa beləcə istər milli, istərsə də rus və qərb dramaturgiyasının ən gözəl nümunələrində yaratdığı obrazlarıyla teatr tariximizə öz adını yazır.

Onun C.Cabbarlının “Dönüş”, “Almaz”, “Solğun çiçəklər”, “Sevil”, S.Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, S.S.Axundovun “Eşq və İntiqam”, A.Şaiqin “Nüşabə”, Ə.Haqverdiyevin “Pəri cadu”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, H.Cavidin “Şeyx Sənan”, M.Meterlinqin “Göy quş”, J.B.Molyerin “Skapenin mələkləri”, A.Ostrovskinin “Günahsız müqəssirlər”, U.Şeksprin “Qış nağılı”, B.Nuşiçin “Nazirin xanımı”, A.Saqarelinin “Xanuma” adlı tamaşalarda Turac, Yaxşı, Pəri, Gülüş, Gülnar, Məryəm, Fitnə, Mehriban, Yasəmən, İnci, Sayad, Səlimə, Şamama, Xanpəri, Zəhra, Qlasinta, Qalçixa, Paulina, Nata xanım, Kabato kimi ölməz obrazlarla düz əlli dörd il milli səhnəmizə ləyaqətlə xidmət göstərib.

Aktrisa C.Cabbarlının “Solğun çiçəklər” dramında Pəri obrazını 400 dəfədən çox, S.Vurğunun “Vaqif” pyesində isə Yengə rolunu 800 dəfədən artıq ifa edib.

1992-ci ildə Akademik Milli Dram Teatrından uzaqlaşan aktrisa o vaxt yenicə yaradılan Bakı Bələdiyyə Teatrına dəvət alaraq, fəaliyyətini orada davam etdirib.

Ə.Haqverdiyev, “Pəri Cadu”, ADDT, 1957-ci il, Səlimə - M.Sadıqova

Məşhur “Bulaq”ın məlahətli səsi

Bütün bunlarla yanaşı Məhluqə Sadıqova XX əsr milli mədəniyyət tariximizdə məharətli bədii qiraət ustası kimi də tanınıb. Uzun illər Azərbaycan radiosunda Əməkdar artist Səməndər Rzayevlə birlikdə “Bulaq” folklor-etnoqrafik verilişini aparıblar.

Hər bazar günü eyni vaxtda efirə çıxan bu veriliş hər kəsi öz sehrinə salaraq, milli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verir, dinləyicisinə Azərbaycan xalq yaradıcılığını sevdirirdi.

A.Çexov “Vanya dayı”, ADADT, 1960-cı il. Sofiya - M.Sadıqova, Voynidski – Ə. Sultanov

Milli teatr sənətinin ənənələrindən bəhrələnən aktrisa səhnədə əldə etdiyi təcrübələrini kinoya da gətirib. O, “Yenilməz batalyon” (1965), “Yeddi oğul istərəm” (1970), “Mücrü” (1973), “Bakıda küləklər əsir” (1974), “Əgər bir yerdəyiksə” (1975), «Sehrlənmiş küpə” (1979), “Onun bəlalı sevgisi” (1980), “İşarəni dənizdən gözləyin” (1986) filmlərində bir-birindən fərqli rolları ilə yaddaşlarda qalıb.

Aktrisanın yaradıcılığı hər zaman yüksək qiymətləndirilib, sənətdə qazandığı uğurlara görə müxtəlif mükafatlarla, orden və medallarla təltif olunub. 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Aktrisa tanınmış teatr rejissoru, Xalq artisti Ələsgər Şərifovun həyat yoldaşı idi.

Məhluqə Sadıqova həyata 86 yaşında 15 avqust 2003 -cü ildə Bakı şəhərində vida edib.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər