8 Avqust 2022 14:36
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar rəssam Arif Məhərrəmov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bunu Teleqraf.com-a açıqlamasında Arif Məhərrəmovun həyat yoldaşı Zülfiyyə Məhərrəmova deyib.

O bildirib ki, avqustun 3-də Arif Məhərrəmov insult keçirib və xəstəxanaya yerləşdirilib.

“Hazırda həkimlərin nəzarətindədir. Təzyiqi gah qalxır, gah düşür. Vəziyyəti hələlik ağır olaraq qalır”.

Bu yaxınlarda bir qrup kinematoqrafçılar rəssamın xəstəliyinin ağır durumu və sənətçinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Qeyd edək ki, Arif Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbini bitirib. 1981-ci ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında “Qala”, “İşgüzar səfər”, “Biz qayıdacağıq”, “O dünyadan salam” bədii filmdə quruluşçu rəssam, cizgi filmlərdə rəssam və rejissor olub.

Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib.

Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür.


Müəllif: Nərmin