9 Avqust 13:35
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış danimarkalı rejissor Lars fon Trierdə parkinson xəstəliyi aşkarlanıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı danimarkalı rejissor yaxşı formadadır və hazırda müalicə olunur.

Xəstəliyinə baxmayaraq, Trierin “Krallıq: Çıxış” serialı üzərində işi davam edəcək.

Qeyd edək ki, “Krallıq” serialının ilk dörd seriyası 1994-cü ildə çəkilib.

Çoxsaylı cavabsız suallarla başa çatan serialın davamı 1997-ci ildə bərpa olunub. Bu dəfə serial daha çox suallar doğurub. Bu səbəbdən istehsalçı şirkət serialın üçüncü mövsüm çəkilişlərinə başlamağa qərar verib. Trierin ssenarisi hazır olsa da, gözlənilməz hadisələr bir-birini əvəz etdikcə çəkilişlər də təxirə salınıb.

1998-ci ildə serialda isveçli neyrocərrah rolunu oynayan Ernst-Huqo Yereqord dünyasını dəyişib. Ardınca filmdə rol alan Kirsten Rolfes və Morten Rotne Leffersin də ölümü vəziyyəti daha da qəlizləşdirib.

Nəhayət, 2020-ci ildə Trier tilsimli serialın yeni serialarını çəkəcəyini və bu silsələnin “Krallıq: Çıxış" adı ilə təqdim olunacağını elan edib.

İstehsalçı şirkət serialın premyerasının avqustun sonunda Venesiya Film Festivalında olacağını açıqlayıb. Həmçinin bildirilir ki, kinorejissor xəstəliyi səbəbindən media nümayəndələri ilə görüşlərdə nadir hallarda iştirak edəcək.

Məlumat üçün bildirək ki, Trier həm çəkdiyi filmlərlə, həm də festivallarda qalmaqallı açıqlama və hərəkətləri ilə hər zaman medianın gündəmində olub.

Rejissorun filmoqrafiyasında “Medeya” (1988), “Avropa” (1991), “Dalğaları yararkən”(1997), “Qaranlıqda rəqs edən” (2000), “Doqvil” (2003), “Manderley” (2005), “Antixrist” (2009), “Melanxoliya” (2011), “Nimfomaniya” (2014), “Cekin tikdiyi ev” (2018) və digər filmlər yer alır.


Müəllif: Nərmin Muradova