Tanınmış aktrisa Rada Nəsibova “Metaflix” platformasının istehsalı olan “İkinci növbə” qısametrajlı filmində rol alıb.
Bu barədə Teleqraf.com-a aktrisa özü məlumat verib.
Filmin ssenari müəllifi İlqar Fəhmi, rejissoru Vüsal Məmmədov, layihənin rəhbəri Yaşar Əhmədovdur.
“Çox maraqlı ekran əsəri ərsəyə gəlib. Sentyabr ayında təqdim olunacaq”- aktrisa bildirib.
Qeyd edək ki, “Metaflix” Azərbaycanda film və serial sahəsində fəaliyyət göstərən, müasir standartlara uyğun yeni internet platformadır. Bir neçə ildir ki, üzərində işlənilən bu layihə yerli və xarici istehsalın məhsulu olan filmləri nümayiş etdirməklə yanaşı, həm də platformanın təşkilatçılığı ilə istehsal olunanaudiovizual məhsullar təqdim edəcək.
Layihənin məqsədi ölkənin internet məkanında müasir kino və serial istiqamətində yerli istehsalçıları stimullaşdırmaq, bu çərçivədə yaradıcı qüvvələri fəaliyyətə cəlb etmək, gənclərin bu sahəyə olan marağını artırmaqdır.
“Bilirsiniz ki, “Netflix” dünyada çox məşhurdur. Fəaliyyəti dönəmində nə qədər gəlir əldə edib, saysız tamaşaçı qazanıb. Çəkilən filmlər isə çox populyardır. Azərbaycanda isə Oskar Prodakşn “Metaflix” platforması yaradır. Hazırda həmin platforma üçün qısametrajlı filmlər istehsal olunur. “İkinci növbə” də o filmlərdən biridir. Filmdə tərəf müqabilim Vüsal Murtuzəliyevdir.
Məncə, bu çox yaxşı layihədir. Biz öz məhsulumuza dəyər verməliyik. Dəyər verdikcə də inkişaf olacaq. Təbii ki, xaricilərin də istehsal etdiklərinə baxmalıyıq, amma bu, özümüzü inkar etmək haqqını bizə vermir”- aktrisa qeyd edib.