12 Avqust 2022 14:56
2 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tariyel Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Tariyel bəy, Prezidentin hədiyyə etdiyi evi satmağınız ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı...

- Mənim o evi satmağımın konkret səbəbi vardı. Birinci həyat yoldaşımdan ayrılan ərəfələrdə Prezident mənə ev bağışlamışdı. Bunu bilən keçmiş yoldaşım məhkəməyə müraciət etdi. Tələbi bu idi ki, həmin evdə onun da yaşamaq hüququ təmin edilsin. Məhz bu səbəbə evi satmaq qərarına gəldim. Amma tək mən satmamışam...

- Doğrudur, vaxtaşırı bəzi sənətçilər bu barədə açıqlamalar verib. Bir dəfə rəhmətlik Arif Quliyev də etiraf etmişdi ki, Prezidentin verdiyi evi satıb, pulu oğlunun müalicəsinə xərcləyib.

- Yaşar Nuri, Habil Əliyev, Siyavuş Aslan və mənə eyni vaxtda ev verildi. Onların üçü də evi satmışdı, ən sonda da mən satdım. O pula “Xalqlar metrosu”nun yaxınlığında bir ev, özümə və oğluma maşın aldım.

- “Onun sirri” verilişində bir xanım dedi ki, siz həmin evdən birinci həyat yoldaşınıza pay verməmisiniz.

- O kim idisə, düzgün danışmadı. Tutalım, xanım deyən doğrudur, oğlum nə qədər maaş alır ki, o pula hələ bir maşın da ala bilsin. Səhv etmirəmsə, 2005-2006-ci il idi, Prezident mənə ev verəndə mən öz qazancımla aldığım evi oğlumun adına keçirdim. Birinci həyat yoldaşım da oğlumla bərabər o evdə qalırdı.

Dediyim kimi, sonra biləndə ki, mənə ev verilib, məhkəməyə müraciət etdi. Məhkəmə də keçmiş yoldaşımın həmin evdə yaşamaq hüququ olduğunu təsdiqlədi. Sonra da mən məhkəməyə müraciət etdim, bildirdim ki, həmin otağın qiymətini müəyyənləşdirib mənə desinlər. Nəticədə evi satıb, həmin məbləği ona verdim. Oğlumun da evi olduğuna görə gedib özünə maşın aldı.

- Evi neçəyə satmışdınız?

- Üç otaqlı ev idi, təxminən 100 minə satdım.

- Ev sizə teatrdakı xidmətlərinizə görə verilib?

- Bəli, Prezident aparatına müraciət Gənc Tamaşaçılar Teatrı tərəfindən olmuşdu.

“Teatrda ən yüksək maaşı alanlardan biri də mən idim”

- Bir dəfə söhbətlərimizin birində demişdiniz ki, pula aldanıb Gənc Tamaşaçılar Teatrına gəlmisiniz...

- (Gülür) Bədən Tərbiyəsi İnstitutunda oxuyanda dram dərnəyinə gedirdim. Lütfi Məmmədbəyov həmin dərnəyə rəhbərlik edirdi. Özü “TYUZ”da (Gənc Tamaşaçılar Teatrının rusca abbreviaturası-red.) aktyor işləyirdi, baş rolları oynayırdı. İnstitutu bitirəndə mənim təyinatım Akademik Milli Dram Teatrına verildi. Həmin vaxt da Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrından Akademik Milli Dram Teatrına getdi.

Ona görə də "TYUZ"da Lütfi müəllimin oynadığı baş rollar aktyorsuz qaldı. Lütfi müəllim dedi ki, sən mənim tələbəmsən, səni mən yetişdirmişəm, get 10 manat artıq pulla o teatrda mənim rollarımı oyna. Eləcə mən Gənc Tamaşaçılar Teatrına gəldim və müəllimimin rollarını oynamağa başladım.

- Nə vaxtsa peşman oldunuzmu?

- Açığı, arada peşman olurdum. Buna səbəb Gənc Tamaşaçılar Teatrında maaşların azlığı idi. Hərçənd mənim maaşım həmişə yüksək olub. Bütün baş rolları mən oynadığım üçün teatrda ən yüksək maaşı mən və Yasin Qarayev alırdıq. O vaxt 350 manat böyük maaş sayılırdı.

Bizim teatrda aktyorlar çox gec fəxri adlara təqdim olunurdu. Yusif Vəliyev kimi dahi bir sənətkar 60 yaşında ad ala bildi. Onun “Xalq artisti Yusif Vəliyev” yazılan bir dənə də olsun afişası yoxdur.

Mən ondan öncə fəxri ad aldım. Bu, ayıbdır axı...

- Səbəb teatrdaxili intriqalar idi, yoxsa teatrın aşağı statusu?..

- Mədəniyyət Nazirliyinin Gənc Tamaşaçılar Teatrına diqqəti həmişə az olub. Teatr hələ də Akademik status almayıb.

Amma Yusif Vəliyevin gec ad almasının səbəbi paxıllıq idi. Əksər aktyorlar ona paxıllıq edirdilər, haqqında pis şeylər danışırdılar. Teatrın o vaxtkı rəhbərliyi də onu incidirdi, yuxarılara təqdimat göndərmirdi.

Yusif Vəliyev Xalq artisti adını xəstəxanada yatanda aldı. Bilirdilər ki, ömrünə az qalıb, onda ad verdilər...

“Xanım direktor gələn kimi bizi işdən çıxartdı...”

- Bildiyim qədər sizin də Gənc Tamaşaçılar Teatrındakı işinizə xitam verilib. Müqavilə əsasında fəaliyyətiniz davam edir, yoxsa?..

- Mən acığı deyim ki, heç bir teatrda olmayan proses Gənc Tamaşaçılar Teatrında baş verdi. Bizə dedilər ki, yaşınız çoxdur, ərizə yazıb işdən çıxın. Mən də, Yasin Qarayev də ərizəmizi yazdıq. Halbuki heç bir teatrda belə hal yaşanmadı. Yalnız Gənc Tamaşaçılar Teatrında bu məsələ qaldırıldı. O da rəhbərliyə təyin olunan xanımın (Naidə İsmayılzadə-red.) fəaliyyətinin nəticəsiydi.

Sonra dedilər ki, gəlin müqavilə ilə işləyin. Müqaviləyə imza atan kimi mənim bütün oynadığım tamaşaları repertuardan çıxardılar. Müqaviləyə əsasən, bir ayda üç tamaşa oynayırdımsa, qonorarım maaşdan da çox hesablanırdı.

- Belə çıxır ki, teatrla artıq bağlılığınız qalmayıb.

- Portretim foyedə durur, otağımın qapısında “Qasımov Tariyel” sözü yazılıb. Əmək kitabçam da hələ ordadır. Amma bir dəfə də teatra nə getmişəm, nə də maraqlanmışam.

- Neçə ildir ki, bu belə davam edir?

- 3-4 il olar.

- Hazırda teatrın baş rejissoru Mehriban Ələkbərzadədir.

- Əgər onlara lazımamsa, müraciət edə bilərdilər. Mehriban xanımın “Məhkumlar” filmində baş rollardan birini mən oynamışam. Bu baxımdan mənim bacarığıma bələddir.

Amma bilirsiniz, teatrda əsas direktordur, xanım direktor gələn kimi bizi işdən çıxartdı. Halbuki onun atası çox yaxşı kişi idi. Lənkəran Teatrını yaradanlardan idi. Həmin xanım Mədəniyyət Nazirliyində işləyəndə mənə çox xoş münasibəti var idi, rollarımı da bəyənirdi. Nə isə... Görünür öz adamlarını teatra gətirmək üçün kimlərisə də işdən çıxarmaq lazım idi. Biz çıxandan sonra teatra çoxlu yeni adam gətirdi.

“Həvəsim qalmayıb, küsmüşəm”

- İndi hardasınız, nə işlə məşğulsunuz?

- Ağstafadayam. Burda bir evim var, həyat yoldaşımla bərabər yaşayıram. Prezident təqaüdçüsüyəm, hər ay 1500 manat pul, üstəlik pensiya alıram.

Hər şey yaxşıdır, dostlarımla yığışıb söhbət edir, nərd oynayırıq.

- Səhnə üçün darıxırsınız?

- Qətiyyən yox.

- Ağstafada teatr truppası yaratmışdınız, deyəsən...

- İcra başçısı məndən xahiş etdi ki, burda dövlət teatrı yaradaq. Dedim, Məhərrəm müəllim dövlət teatrı yaratmaq olmaz, çünki Qazax teatrı iki addımlığımızdadır. Xalq teatrı yarada bilərik. Bakıdan dəvət etdim, gəldilər baxdılar və Xalq Teatrı yaratdıq. İndi gənclər özləri məşğul olur.

Mənim artıq həvəsim qalmayıb. Teatrdan küsmüşəm...


Müəllif: Nərmin Muradova