Xalq artisti Ənvər Həsənov bu gün 72 yaşını qeyd edir.
Teleqraf.com Xalq artisti ilə söhbəti təqdim edir.
- Ənvər müəllim, bu gün doğum gününüzdür. Halınız-əhvalınız necədi?
- İşləmirəm, evdəyəm. Televizora baxıb, krossvord həll edirəm. Dostlarım məni yada salır, gəlib baş çəkirlər. Bu gün də gələcəklər, Allah hamısının canını sağ eləsin. Təəssüf ki, yaşla əlaqədar bir çox dostları itirmişəm. Dünən bəziləri Leninqraddan, Moskvadan zəng edib məni təbrik ediblər. Deyirəm, tələsmisiniz, gülürlər...
70 illiyimdə 50-60 adam vardı. Mənim doğum günlərim həmişə təntənəli keçib. Amma avqustda bəzi dostlarım gələ bilmir, onlarla da sentyabrda görüşüb qeyd edirəm.
- Bəs sənət dostlarınızdan kimlər gələcək?
- Son bir neçə ildir, bağda qalıram, şəhərə getmirəm. Xəstəliyə görə evdən nadir hallarda çıxıram. Çıxanda da yaxınlarda gəzib, evə dönürəm. Günüm elə buralarda keçir. Qızım da, oğlum da yanımdadır...
- Səhhətiniz necədir?
- Ağrımayan yerim yoxdur. Qəzadan sonra başımda səs qalıb. 14 ildir o səslə yaşayıram. Təzyiqim qalxır, şəkərim var. Ayaqlarım tutulur. Sözün açığı, həkimə getməyi xoşlamıram, çünki həkimlərə də inanmıram.
- Səhhətinizə qarşı biganəsiniz. Mərhum həyat yoldaşınız Möminat xanım da həmişə sizdən nigaran olurmuş...
- Zarafat deyil, altı dəfə əməliyyat olunmuşam.
- Bu qədər çox?..
- Cavanlığımdan bədənimdə qalan güllə, bıçaq yeri də var. İndi hər şeyi açıb demək olmur.
- Deyəcəkdim ki, yəqin çəkiliş zamanı olub. Siz məni təəccübləndirdiniz...
- Çəkiliş vaxtı da başıma az iş gəlməyib. “Yeddi oğul istərəm”də Əbdülün atının arxasına keçdim. At necə təpik atdısa, yaxşı ki, ayağımda çəkmə vardı, amma sol ayağıma bərk dəydi, indiyə qədər çapıq qalıb. Çəkiliş meydançasında gözlənilməyən hadisələr çox olur.
(Ənvər Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal rolunda)
“General məni çağırdı”
- O dövrdə aktyorlar riskə gedirdilər. Niyə kaskadyor tələb etməmisiniz?
- Azərbaycanda birinci kaskadyorların siyahısında mənim adım var. Ona görə ki, mən özüm elə kaskadyor idim. Yeddi idman dərəcəm vardı. Mən əsgərlikdə xüsusi təyinatlı dəstədə qulluq etmişəm. Sizə balaca görünməsin. O dəstəyə hər adamı götürmürdülər. Üstəlik, o vaxtlar əsgəri pulla alıb, pulla da satırdılar.
Mən 22-23 yaşımda əsgər getdim. Düzü, heç əsgər də aparmırdılar. Məni Bakıda Zabitlər evində saxlamaq istəyirdilər, dedim, gedib əsgərliyimi çəkəcəm. Uşaqlıqda iki arzum var idi, ya hərbçi, ya da aktyor olacaqdım. Aktyorluq arzum daha əvvəl həyata keçdi.
- Siz əsgər gedəndə artıq tanınan aktyor idiniz...
- Təsəvvür edin, 72-ci ilin noyabr ayında əsgər getdim, bayram ərəfəsi idi deyə paltarlarımızı dəyişmədilər. Hərbi hissənin yanında Zabitlər şəhərciyinə yollandıq. Orda mağazadan içki, yemək aldıq ki, 7 noyabr bayramını (sovet dövründə qeyd olunurdu-red.) bərabər qeyd edək. Bir də gördüm qapı açıldı, zabit içəri girib yüksək səslə “Həsənov, Həsənov” deyə səsləndi. Dedi, dur ayağa, əlimdən tutub sürüyərək apardı.
Soruşdum ki, məni hara aparırsan? Dedi, səni hərbi hissənin komandiri, general çağırır. Gəldik Zabitlər evinə. Sən demə, “Yeddi oğul istərəm” filminin premyerasıymış. General da eşidib ki, hərbi hissəyə aktyor gəlib, tanış olmaq istəyib. Görüşdük, özümü təqdim etdim, dedim SSRİ Kinematoqrafçılar İttifaqının üzvüyəm. Soruşdu: “Sən niyə bura gəlmisən?” Dedim, mən vətənimə xidmət etmək istəyirəm. Əlimdən tutub məni səhnəyə çıxartdı, təqdim etdi.
Təsəvvür edin, Zabitlər şəhərciyinə aktyor gəlib, zalda da çoxu xanım, 40 dəqiqə mənimlə söhbət elədilər, bütün sualları verdilər, general da baxıb fəxr edir, arada da əliylə çiynimə vururdu. Axırda dedim, general, mən yoruldum. Dedi elə mən də...
Təqdimatdan sonra generalla bir məclisdə oturduq, əlli-əlli vurduq, dedi, bu kluba sən rəhbərlik edəcəksən, hazırlaş. Razılaşmadım, ona da qəribə gəldi. Dedim, mən öncə vətəndaşam, hamı kimi xidmət edəcəm. İki aydan sonra məni xüsusi təyinatlı dəstəyə göndərdilər. Eləcə bir çox yerlərdə xidmət etdim. O zamankı qaydaya görə, hərbi xidməti 1 ilə başa vurdum.
(Aktrisa Möminat Qurbanova "Dərviş parisi partladır" filmində Şərəfnisə rolunda)
“Möminatı ilk dəfə o filmdə gördüm”
- Qayıdışdan sonra ilk filminiz hansı oldu?
- Dəqiq xatırlamıram, deyəsən, “Dərviş Parisi partladır” filmi idi. İlk baş qəhrəman rolum o filmdə oldu. Daha dəqiq desəm, 74-cü ildə gəldim, iki ilə yaxın formamı bərpa etmək üçün ikinci dərəcəli rollar oynadım.
- O filmdən sonra şəxsi həyatınız da dəyişdi...
- Bəli, Möminatı ilk dəfə o filmdə gördüm, bəyəndim, sevdim. O, institutu bitərəndən sonra 1978-ci ildə ailə qurduq və 32 il bir yerdə yaşadıq. Allah rəhmət eləsin.
- Nəhayət, 2018-ci ildə Xalq artisti adını aldınız. Bu yaxınlarda isə həmkarınız Tofiq Mirzəyev Xalq artisti adını aldı və "Şərəf" ordeni ilə təltif olundu. Bu barədə məlumatınız var idi?
- Sözün açığı, bunu bilmirdim. Allah prezidentin canını sağ eləsin. Tofiq böyük sənətkardır. Həm aktyor, həm musiqiçi, həm də rejissordur. Onunla “Uşaqlığın son gecəsi” filmində çəkilmişəm.
İndi İsraildə yaşayır, ona görə əlaqələrimiz itib.
( 2017-ci il, "Azərbaycanfilm" kinostudiyası, Ənvər Həsənovun otağı)
- Gələn il “Azərbaycanfilm”in 100 illiyi qeyd olunacaq. Həyatınızın çox hissəsi məhz ora ilə bağlıdır...
- 57 il iş ştajım var. Əmək kitabçamda 1965-ci ildən 2021-ci ilə qədər “Azərbaycanfilm”də işlədiyim yazılıb. 57 il ərzində 70 filmdə çalışmışam, 50-sində aktyor kimi çəkilmişəm. 38 kino obrazım var. Soruşacaqsınız ki, bəs 50 necə oldu? Çünki bəziləri serialdır, mən hər seriyanı bir film kimi qeydə almışam. 20 filmdə də rejissor kimi çalışmışam.
Həqiqətən kinoya olan məhəbbətim bir başqadır, bu sənətlə insanların sevgisini qazanmaq, millətimi başqa ölkələrdə tanıtmaq mənim üçün böyük şərəfdir.
Düzdür, adımı da, evi də gec verdilər. 10 ildir Prezident təqaüdünə təqdim olunuram, amma hələ nəticə yoxdur. Mənim də bir-iki il ömrüm qalıb.
- Niyə sizə belə biganəlik var?..
- Bilmirəm, ya ayağımı qazırlar, ya da nə işdirsə, özüm də baş aça bilmirəm. Yerindən duran Xalq artisti adı alır, Prezident təqaüdünə layiq görülür.
- Ənvər müəllim, kinostudiyada maraqlı bir otağınız var idi. İçi kino tarixindən bəhs edən materiallarla dolu... Neylədiniz onları?
- Otağımda gördüyünüz şəkilləri, filmlərdən afişaları və daha nələri Film Fondunun direktoru Cəmil Quliyevə verdim. Məndə elə afişalar var idi ki, heç Fondda da yox idi. Çox sevindilər və mənim üçün sərgi açdılar.
“Kinomuz çox acınacaqlı vəziyyətdədir”
- Niyə filmlərə çəkilmirsiniz?
- Mənim əqidəmi bilirsiniz. Televiziya seriallarına dəvət edirlər, amma mən razılaşmıram. O saqqallılara baxa bilmirəm. Onlara baxanda Əfqanıstan yadıma düşür. Saqqalı imam, şeyx, molla saxlayar.
Mən də saqqal saxlamışam. “Qaçaq Nəbi”də, “Babək”də obraz gərəyi saqqalım olub. Amma sonra üzümü qırxmışam. Elə “Ata ocağı”nı deyim, kadrda yeddi nəfər dayanıb, yeddisi də saqqallıdır. SSRİ vaxtında sənətə belə biganə yanaşmaq olardı?
Sözün açığı, mənim də pula ehtiyacım var. Kommunal xərclər əməlli-başlı axırımıza çıxıb. Deyiləsi deyil. Qiymətlər günü-gündən qalxır. Mənə deyirlər ki, Ənvər müəllim, sizə onlardan da çox pul veririk, gəlin. Deyirəm yox. Mövqeyimi, adımı korlaya bilmərəm.
Heç “Azərbaycanfilm”in hansı filmindəsə sənətə belə biganəlik görmüsünüz?
- İş orasıdır ki, heç “Azərbaycanfilm”in istehsalı olan son filmlərdə də rol almadınız.
- Mənim xarakterimə uyğun obraz yox idi. Həm yaşım, həm xarakterim, həm də tutduğum mövqe - bunlar öz sözünü deyir. Uyğun bir obraz olsaydı çəkilərdim, amma çox təəssüflər ki, olmadı.
İndi mənə illərlə qazandığım hörmət bəsdir. Mən 15 yaşımda kinostudiyaya gəldim, 71 yaşımda işdən çıxdım. Bu, az deyil. Orda məndən çox işləyən olmadı.
- Kinostudiyanın ən çətin dövrlərində də orda qaldınız...
- Bu mənim borcum idi. Adil İsgəndərovun tələbəsi, davamçısı necə etməliydi?
Bir arzum var, istəyirəm ki, kinoya gələn insanlar onu sevsinlər, qayğısına qalsınlar. Təəssüflər olsun ki, bu gün kinoya diqqət, qayğı göstərən yoxdur. Kinomuz çox acınacaqlı vəziyyətdədir.