Həftəsonu uzun illərin dostları, qrup yoldaşlarım olmuş müəllimələrlə Gəncəyə gəzintiyə yollandıq. Oradan mütləq Göygöl və Maralgölə getməyi, daha sonra Gədəbəyə səfər etməyi planlamışdıq. Bunun üçün kiçik bir avtobus sifariş etməliydik. Tanışlar isə bərk-bərk tapşırmışdı ki, ehtiyatlı olun, bəzən sürücülər hesab-kitabda naşı adamları əməllicə aldadır.
Rəfiqələr arasında təşkilati işləri mən icra etdiyim üçün səfər danışıqlarını, qiyməti-filan da mən həll edirdim. Tanışlar bir neçə adamın, eləcə də Arif adlı sürücünün telefon nömrəsini verdi.
Ariflə danışanda, maşınla gəzinti turunun qiymətini endirmək üçün işgüzarcasına cəhdlər də etdim. Və üzünü görmədiyim bu oğlan telefonda tərəddüdlü səslə razılaşdığını bildirdi. Beləcə, səhər tezdən Gəncədən Gədəbəyə yola düşdük.
Yolda musiqi, deyib-gülmək, ədəbiyyatla, dərsliklərlə bağlı polemikamız Arifi narahat etmirdi. Hətta arada 44 günlük müharibədən, Qarabağda hazırkı vəziyyətdən, cəbhədəki xəbərlərdən də danışdıq. Arif isə susur və qulaq asırdı.
Arifdən ixtisasını soruşdum. Bu mənim adətimə çevrilmişdi son zamanlar. Bəzən market kassalarında oturan gənclərə, satıcılara, evdə işləyən ustalara da bu sualı verirəm. Məlum olur ki, biri iqtisadçıdır, biri hüquqşünas, biri mühəndis və sair.
Sən demə, Arif İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Bu məlumatı alan kimi hamının diqqəti Arifə yönəldi.
Arif gözümüz önündə hərbi geyimdə başqa adam obrazında canlandı. Qarlı dağlarda, əlində silah... Arif müharibədə, elə müharibədən sonra da çox şeylər görmüş, çox çətinliklər yaşamışdı. Şaxtalı havada günlərlə ac qalmaq, mühasirə həyəcanı, kəşfiyyat çətinlikləri...
Mehdizadə Arif Əliheydər oğlu 1994-cü ilin yanvar ayının 1-də Şəmkir rayon Nərimanlı kəndində anadan olub. Kəlbəcər rayon 2 saylı tam orta məktəbi 2011-ci ildə bitirib.
2012-ci ilin yanvar ayının 6-da Şəmkir rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb, Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində xidmət edib.
2013-cü il iyul ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının əmrinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılıb, 2016-2021-ci illərdə Göygöl rayon Toğanalı kəndi N saylı hərbi hissə rəhbərinin əmrinə əsasən Kəşfiyyat bölüyündə müddətdən artıq həqiqi hərbi xidmətin hərbi qulluqçusu - kiçik çavuş rütbəsində xidmət edib.
Prezident İlham Əliyevin 29.12.2020-ci il tarixli 2372 nömrəli sərancamı ilə “Kəlbəcərin azad olunasına görə” medalı ilə, Müdafiə naziri Zakir Həsənovun 26.06.2021-ci il tarixli 0170 əmri ilə isə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunub.
Arif cəbhə xatirələrindən danışırdı... Sadə, səmimi söhbətləri, real həyatda yaşadığı hadisələrdən danışdığı fraqmentlər onu bizə daha da doğmalaşdırırdı. Hiss olunurdu ki, Arifin Vətən sevgisi, təmənnasız xidmət məsuliyyəti kənar təsirlərdən (təbliğatdan-filan) deyil, canından, qanından coşub qaynayırdı.
Biz ondan müharibə veteranları, qazilərlə bağlı vəziyyətin niyə cəmiyyətdə narazılıq doğurması məsələsini soruşanda isə bildirdi ki, həmin kateqoriyadan olan onlarla, bəlkə yüzlərlə insan tanıyır. Və bu adamlara dövlətin qayğı və diqqətinin yüsək səviyyədə olduğunu vurğuladı.
Hətta bildirdi ki, dünyanın heç bir yerində müharibə iştirakçılarına belə üstünlüklər verilmir.
Arif indi sadə, adi bir işdə işləyir... Sürücüdür. Amma bizim eşidib danışdıqlarımızın əksinə olaraq o gördüklərini, iştirakçısı və şahidi olduğu hadisələri danışır... Biz ona daha çox inanırıq...
Ayrılanda danışdığımız qiymətdən artıq ödəmək istədik, Arif isə əksinə, daha az ödəniş etməyimizi israr etdi... O bizi müəllim kimi qiymətləndirirdi, biz isə onu Qarabağ müharibəsi iştirakçısı kimi...
Əlbəttə, bu dünyada kimin kimə daha çox borclu olduğunu dəqiq bilməsəm də, bizim Qarabağ müharibəsi qəhrəmanlarına borcumuz ödənilməzdir!