6 Sentyabr 2022 19:56
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən çox gənc yaşımda ana rollarını canlandırmağa başladım. Rejissor Pedro Almodovarla yeddi filmdə birgə işlədim və onlardan beşində ana rolunu oynadım. O, məni həmişə ana kimi görürdü. Və bunu təsadüf saymıram. Mənim çox güclü analıq instinktim var və hər hansı bir ailənin daxilində baş verənlərə heyranam”.

Teleqraf.com xəbər verir ki, bu sözləri məşhur aktrisa Penelopa Kruz 79-cu Venesiya Film Festivalında jurnalistlərə açıqlamasında deyib.

Festival çərçivəsində aktrisanın baş rol oynadığı “Sonsuzluq” filmi təqdim olunub. Film “Qızıl aslan” uğrunda yarışan beş italyan filmindən biridir. Rejissor Emmanuel Krialezenin çəkdiyi filmdə aktrisa uşaqları naminə bədbəxt nikahda “ilişib qalan” Klara obrazını canlandırır.

Hadisələr 1970-ci illərdə Romada cərəyan edir. Klaranın 12 yaşlı qızı Adriana hər kəsi oğlan olduğuna inandırmağa çalışanda onsuz da kövrək olan ailə tarazlığı pozulur.

Əri tərəfindən zorakılıqla üz-üzə qalan Klara ondan qaçmağa çalışsa da nəticədə psixiatrik xəstəxanaya salınır.

“Düşünmürəm ki, Klara dəlidir. Bu qadın ailəsinə, evinə və bədəninə qapanıb. Sözün həqiqi mənasında onun xilas olmaq şansı yoxdur. Dünyada o qədər qadın var ki, onlar uşaqlarının yanında özünü xoşbəxt kimi göstərməyə çalışır. Onlar bunu sağ qalmaq üçün edirlər” - deyə aktrisa ailədaxili zorakılıq probleminə diqqət çəkib.

48 yaşlı ispan aktrisa Venesiya Film Festivalının qırmızı xalçasında uzun müddətdir əməkdaşlıq etdiyi “Chanel” moda evinə məxsus donla hər kəsi heyran qoyub. Filmin premyerasına isə Penelopa “Chanel”ə məxsus başqa bir donla qatılıb.

Qeyd edək ki, Penelopa tanınmış aktyor Xavyer Bardemlə evlidir. Cütlüyün üç övladı var.


Müəllif: Nərmin

Oxşar xəbərlər