8 Dekabr 2014 10:54
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov cavablandırıb.

- Müşfiq müəllim, sizcə, bu il Azərbaycan kinosu üçün nə ilə yadda qaldı?
- 2014-cü il Azərbaycan kinosu tarixində "Azərbaycanfilm"in beynəlxalq miqyasda təbliği baxımından ən yaddaqalan ildir. Birincisi, bu il kinostudiyanın istehsalı olan filmlər 40-dan çox festivalda iştirak edib. Məsələn, "Sonuncu" filmi Kann Festivalının proqramına düşdü, Asif Rüstəmovun "Axınla üzü aşağı" filmi Karlo-Vari Festivalında mübarizə apardı, eləcə də, bir neçə festivala dəvət aldı. Elçin Musaoğlunun "Nabat" filmi başda Venesiya Festivalı olmaqla Tokio, Çikaqo, Mərakeş, Almaniya və başqa ölkələrdə təşkil olunan festivallarda iştirak etdi. Şamil Əliyevin quruluş verdiyi "Çölçü" filmi bir çox beynəlxalq festivallarda Azərbaycanı uğurla təmsil etdi, Londonda təşkil olunan festivalda mükafat qazandı. Oktay Mir Qasımın "Qisas almadan ölmə" filmi Kazan festivalının "Ən yaxşı bədii film rejissoru" nominasiyasında mükafata layiq görüldü. Artıq bizə təklif olunan əməkdaşlıqlar, kino layihələrin müzakirəsinə dəvət almağımız, layihələrimlə bağlı geniş miqyaslı fikir mübadilələrinin aparılması ritmimizi bir daha dəyişdi. Bizim gücümüz dövlətimizin dəstəyidir. Cənab Prezidentin kinonun inkişafına dair imzaladığı Dövlət Proqramı belə layihələri həyata keçirməyə çox kömək olur. İkinci vacib məsələ kinostudiyanın konseptual layihəsinin başa çatmasıdır.

- Layihənin icrasına nə zaman başlanılacaq?
- Əgər dövlət tərəfindən bu işə vəsait ayrılıb, konseptual layihə hazırlanıbsa, demək, bu proses artıq başlayıb. Yaxın gələcəkdə də icrasına başlanılacaq. Üçüncü məsələ kadr hazırlığı ilə bağlıdır. Bu il məsələnin həlli istiqamətində bir neçə addım atdıq. Belə ki, hazırda kinostudiyanın iki işçisi Türkiyədə səs mühəndisliyi, foks-puller üzrə kurslarda təhsil alır.

- Müsahibələrinizin birində 2014-cü ili Azərbaycan kinosu üçün müştərək layihələr ili adlandırmışdınız. Konkret nəticələri sadalaya bilərikmi?
- Bəli. "Butafilm"lə çəkdiyimiz "Sonuncu" müştərək layihə Kann Festivalında yarışdı. Bundan başqa, Rusiyanın "Vayt-media" şirkəti ilə "Qırmızı bağ" filminin çəkilişlərini yekunlaşdırdıq.

- Deyəsən, Amerika şirkətləri ilə əməkdaşlıq baş tutmadı...
- Azərbaycan müştərək yolla çox filmlər çəkə bilər. Amma burada bəzi nüanslar var. Müştərək layihələr təklif edənlərin bəziləri şərtlər irəli sürürlər: ssenari, rejissor, bütün yaradıcı qrup onlardan olmalıdır, Azərbaycan yalnız maliyyə ödəməlidir və s. Bu, müvəqqəti iş olduğuna görə belə müştərək layihələri qəbul edə bilmirik. Əsas məqsədimiz ən azından yaradıcı qrupun əlli-əlliyə olmasıdır ki, kadrlarımız çəkiliş prosesində iştirak edib, təcrübə toplasınlar.

- "Geniş baxış 2" və Yenifilm.az müsabiqəsində qalib olan ssenarilərin hələ də ekranlaşdırılmamasının səbəbi nə ilə bağlıdır?
- Prodüserlər Gildiyasının müsabiqəsi olan "Geniş baxış 2"də İmir Məmmədlinin "Köşk" ssenarisi qalib gəldi. Ssenari üzərində işlər başlayıb, istehsalata buraxmaq ərəfəsindəyik. Yenifilm.az müsabiqəsində üç layihə qalib gəldi ki, onların içərisindəki "Qarabağla" bağlı olan ssenarini bu yaxınlarda istehsala buraxacağıq. Tədricən digər ssenarilər də ekranlaşdırılacaq.

- Bu yaxınlarda Siz "Mozalan" Kinojurnalının direktoru təyin olundunuz. Kinojurnalın fəaliyyət istiqamətində hansı dəyişikliklər olacaq?
- "Mozalan" Azərbaycan tarixində öz müstəsna yeri olan bir kinojurnaldır. O, bütün dövrlərdə aktualdır. Satira, qınaq cəmiyyətin sağlamlaşmasına, inkişafına xidmət edən bir vasitədir. Ona görə niyə biz əlimizdə olan bu imkandan istifadə etməyək? Dövlətimiz bunu dəstəkləyir, inkişafına maliyyə ayırır. Bu yaxınlarda keçmişdə "Mozalan" çəkən kino mütəxəssisləri ilə görüşdük, gələcək planlar barədə müzakirələr apardıq. İlk olaraq ən yaxşı bədii süjet ssenariləri müsabiqəsini elan etdik. "Mozalan"ı maarifləndirici, cəmiyyətdə olan eybəcərlikləri qınağa çevirə bilən xətdə, həmçinin satirik ənənələrimizi bərpa edərək inkişaf etdirməyə çalışacağıq.

- Amma senzura olacaq...
- Senzura həm var, həm də yox. Bu gün sən, mən, tamaşaçılar, Azərbaycan televiziyaları, mətbuat yayımları qeyri-peşəkarlıq problemi ilə üz-üzədir. Cəmiyyətdə tez-tez belə suallar verilir: niyə filan material efirə buraxılır, niyə bu mövzu ətrafında müzakirələr olur? Amma bunun qeyri-peşəkar olduğunu deyəndə, o dəqiqə onu senzura kimi qələmə verirlər. Gəlin, hamımız bu barədə düşünək. Bu baxımdan, biz professional tənqidi bərpa etməliyik. Senzura deyirik, amma nəyə görə peşəkar tənqidi bərpa etmirik. Hər şeyi dövlətdən gözləyirik. Cəmiyyətin özü, mütəxəssislərin özü bunu balanslaşdırmalıdırlar.
"Azərbaycanfilm" olaraq biz də balansı qorumağa çalışırıq. Baxın, filmləri beynəlxalq festivallarda iştirak edib, uğur qazanan, prokata çıxan, tamaşaçı auditoriyası toplayan rejissorlarla daha yaxından əməkdaşlıq etməyə səy göstəririk. Elçin Musaoğlunun, Asif Rüstəmovun, Şamil Əliyevin, Oktay Mir Qasımın filmi festivallarda uğurla nümayiş olunub. Demək, biz bu adamlarla daha da yaxından əməkdaşlıq etməliyik.

- Nəzərə alsaq ki, ildə beş film istehsalata buraxılır. O zaman digərlərinə növbə nə zaman çatacaq? Məsələn, gənclərə...
- Xaricdə təhsil alan azərbaycanlı gənc rejissorlar kinoalmanax çərçivəsində film çəkdilər. Yenidən kinoalmanaxa başlayırıq. Filmləri üç gənc rejissor çəkəcək.

- Axı dediyiniz birinci kinoalmanaxın nəticəsini auditoriya görməyib.
- O almanaxda yer alan filmlərin çəkilişləri, montaj işləri bitib. Xüsusilə qeyd etməliyəm ki, onların içərisində Azərbaycanda ilk dəfə ən çox qrafikadan istifadə olunaraq hazırlanan ağır bir film var. Onun müəllifi Vüqar İslamzadədir. Siz bu filmlərə baxanda kinomuzda yeni bir prosesin başlanğıcını görüb, Azərbaycan gəncliyində müasir kino düşüncə ilə film çəkən gəncləri tanıyacaqsınız. Hörmətli nazir Əbülfəs Qarayevlə tez-tez müzakirə olunan mövzulardan biri məhz kinomuza gənc nəfəsin gətirilməsi, gənclərə şərait yaradılmasıdır.
Sənətdə peşəkarlar, istedadlılar və iddialılar var. Bunların arasında seçim etmək və onları üzə çıxarmaq çox çətindir. Bu gün Azərbaycan kinosuna çox gözəl gənc nəsil gəlir. Ancaq o gənc nəslin meydana çıxması üçün kino bazarının olması vacibdir. Əfsuslar olsun ki, kino bazarımız çox zəifdir.

- Vəziyyət bu qədər pisdir?
- Bazar olacaq, amma biz 70 milyonluq Türkiyə, 60 milyonluq İran kimi bir dövlətlə rəqabətə girə bilməyəcəyik. Bizim uduşumuz onlarla müştərək layihələrin hazırlanması olacaq. Və biz də bu prosesə gedəcəyik. Bu il, eyni zamanda, xarici mütəxəssisləri ölkəyə dəvət edib, gənclərimizlə görüşdürdük, master-klasslar təşkil etdik. Hər gün yüksək kino müzakirələri ilə qarşılaşırıq. Bu, böyük laboratoriyadır. Siz bilirsiniz ki, kommersiya filmləri çəkən insanlarla çox yaxınam. Ancaq onların heç birini kinostudiyaya buraxmadım. Buna görə məndən inciyirlər. Bununla əsas kursdan uzaqlaşacağımızdan ehtiyat edirəm.
Bu gün kinoda orta və yaşlı nəsil mübarizə aparır. Prodüserlə yaradıcı heyət arasında bəzən narazılıq olur, ona görə ki, yeni mexanizm qurmaq, keçmiş streotiplərdən qurtulmaq asan deyil. Dünyada filmin taleyi bizdəki kimi son mərhələdə həll olunmur. Ona görə bu gün biz də filmin gələcək taleyini ssenari dövründə müzakirə edirik. Hətta buna görə münasibətlər də korlanır.

- Bu gün kinomuz dövlətin maliyyəsindən asılıdır. Hər nə qədər özəl studiyaların maliyyəsi ilə çəkilən filmlər olsa da, bu, faktdır. Kinomuz bu asılılıqdan nə zaman azad olacaq?
- Dövlət kino ilə bağlı öz strategiyasını artıq qurub. Dövlət deyir ki, mən sizə böyük bir kinostudiya tikirəm, texnikalarla təmin edirəm, özəl şirkətlər də gəlib bundan yararlansınlar. İş təkcə texnikada deyil, dövlətin dəstəyi ilə bütün gənc rejissorlar sınaqdan keçirilir. Biz rejissorları cəmiyyətə, prodüserlərə təqdim edirik. Artıq gənc rejissorların öz zəhmətlərini satmaq vaxtı yetişib. Onlar öz prodüserlərini tapmalıdırlar. Kommersiya filmləri istehsal etmək üçün özəl studiyalar təşəbbüs göstərməlidirlər. Kinoteatrlar şəbəkəsinin qurulması buna gətirir. Dəqiq bilirəm ki, bir çox ucuz filmlər çəkilib, kinoteatrlarımızda nümayiş olunur. Bu proses artıq gedir. Vaxtilə biz 1998-1999-cu ildə bu istəyimizi gerçəkləşdirəndə kinoteatrlarımız yox idi. Filmi göstərmək və bilet satışından qazanmaq üçün bu gün artıq kinoteatrlar var. Təxminlərimə görə, Azərbaycanda yeddi-səkkiz ilə özəl sahədə böyük inkişaf olacaq.

- Kinostudiyanın istehsalı olan müəllif filmlərinin çoxluğundan şikayətçi idiniz. Sizin rəhbərliyiniz altında hansı kommersiya filmləri çəkildi?
- "Köşk" ssenarisi kommersiya layihəsidir. Elxan Cəfərovun "Əsgərin şücaəti" filmi tam kommersiya sayılmasa da tamaşaçının baxa biləcəyi filmidir. Elçin Musaoğlunun "Nabat" filmi isə müəllif filmidir. Bu yaxınlarda uşaq filmi çəkdik - "Dəyərli adlar". Uşaqlarımız 15 ildir ki, unudulmuşdu. Biz bütün janrlarda filmlər çəkməyə çalışırıq. Üstünlüyü daha çox kommersiya layihələrinə verəcəyik ki, kinoteatrlara tamaşaçılarımız gəlsinlər.

- Buna qədər istehsal olunan filmlər tamaşaçı toplaya bilmədi. Bunun da birinci səbəbi piarın yaxşı aparılmamasıdır...
- Piar əsas məsələdir. Amma o da var ki, Azərbaycan tamaşaçısı hansısa dövrdə aldanmışdı. İndi göstərdiyimiz hər yeni filmdə tamaşaçının sayı bir az da artır. Ona görə də piar kampaniyası edirik və edəcəyik.

- Kinostudiya istehsalçıdır, niyə piar işlərini müxtəlif şirkətlərə sifariş etmir?
- Kinostudiya piar işini hansısa şirkətlə, televiziyalarla razılaşdırılmış şəkildə aparır. Hazırda da bununla bağlı şirkətlərlə görüşürük. Sağ olsun televiziya rəhbərləri ki, bizə bu işdə kömək edirlər. Ötən il Space TV-də "Azərbaycanfilm 90 təqdim edir" layihəsi adı altında yeni çəkilən filmlərimiz nümayiş olundu. Həmin layihəni yenə bərpa etməyi düşünürük.
Bilirsiniz, tamaşaçını kinoteatr gətirmək üçün bir çox şərtlər mövcuddur: filmdə hansı aktyor və aktrisalar oynayır; ssenari bu gün aktualdırmı; çəkiliş üslubu düzgün seçilibmi; indiki gənclik nəyi istəyir. Bütün bunlar gündəlik müzakirə mövzumuzdur. Gördünüz "Mahmud və Məryəm"in tamaşaçısı nə qədər oldu?

- Dedilər çoxdur, amma dəqiq rəqəmləri görə bilmədim. Sizdə bu barədə məlumat varsa, açıqlayın.
- "Mahmud və Məryəm"lə bağlı bizdən asılı olmayan səbəblərdən işləri düzgün qura bilmədik. Səbəbini deyim: biz əsərə xəyanət etməmək üçün filmin adını da "Mahmud və Məryəm" qoyduq. Amma filmin adı "Mənim eşqimin dini yoxdur" olsaydı, gənc nəsil kinoteatra axın edəcəkdi. Necə ki, türklər bunu edir. Biz bəzən ənənələrin qorunması naminə bazarın diqtəsinə etiraz edirik.

- Ülviyyə Könül deyir ki, çəkdiyi "Vəkil hanı" filminə kinostudiya ögey münasibət göstərib.
- İnanmıram Ülviyyə Könül elə bir söz desin.

- O, qəzetimizə müsahibəsində bildirib ki, məhz bu səbəbdən özünü Azərbaycan kinosunda görmür.
- Sözün düzü, kinostudiyanın direktoru olduğum dövrdə mənə desəydilər ki, Ülviyyə Könülə film vermək lazımdır, mən bu məsələyə şübhəli yanaşardım. Çünki Ülviyyə həmişə klip, rolik çəkib. Amma nazirliyin kinematoqrafiya şöbəsi Ülviyyə Könülə inandı, ona film verdi. Film müasir dövr üçün baxımlıdır. Həqiqətən, bu, gənclər üçün gözəl bir filmdir. Yanvar ayının axırından etibarən film televiziyada nümayiş olunacaq. Mən bildiyimə görə, Ülviyyə xanımla bir neçə ssenarinin də müzakirəsi olub.

- Aktrisalar da şikayətlənirlər ki, "Azərbaycanfilm"in çəkdiyi filmlərdə kişilər oynayır, kişi mövzuları üstünlük təşkil edir. Ssenariləri kişilər yazdığına görə belədir?
- Bu, bizim də yaralı yerimizdir. Mən rejissora deyirəm ki, filmdə azərbaycanlı aktrisa çək, deyir yox. Rejissorun yaradıcı işinə prodüser müdaxilə edə bilmir. Rejissorun fikrinə hörmətlə yanaşıram. Aktyor tələbə yoldaşlarım var. Onlar məndən küsürlər ki, niyə bizi kinoya çəkmirlər. Əlbəttə, tələbə yoldaşlarım çəkilsə, daha yaxşı olar, amma rejissora deyə bilmərəm ki, bunu elə. Əgər bunu rejissordan xahiş etsəm, qarşımıza qoyduğumuz xətdən kənara çıxmış olarıq. Mənim rejissordan istədiyim yaxşı filmdir.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər