Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla söhbəti təqdim edirik.
“Onu qucaqlamaq ən böyük nemətdir”
- Füzuli bəy, bu yaxınlarda 60-ı haqladınız. Yubileydə özünüzü neçə yaşda hiss edirsiniz?
- Allah verən nə yaşdırsa odur.
- Adətən, yaşının bu çağında belə bir sualla qarşılaşan insanlar özlərini 25-30 yaşlı biri kimi hiss etdiklərini deyirlər...
- Mən yalan danışa bilmirəm. Nədirsə odur.
- Deyirlər, ruhun da yaşı var.
- Bəzi dostlar deyirlər ki, sən 60 yox, 30 de. Niyəsini soruşuram, deyirlər, 30-nu yatmışıq. Doğurdan da ömrümüzün yarısı yuxuda keçir... 50-dən sonra insan özünü necə hiss edər? Qocalırıq. Vəssalam. Bunu, əlbəttə, hiss edirəm.
- Qocalıqla barışa bilirsiniz?
- Üzdə barışmıram. Amma təbii ki, əvvəlki hərəkətlər daha yoxdur. Görürsən ki, bir gün ayağın, o biri gün başın ağrıyır. Bunlar varsa, deməli, qocalmısan.
- Görünüşcə yaxşı qalmısınız...
- Xanımlar elə deyirlər. Onlar hələ narazı deyil, əsas odur. Dünyaya gəlirik, dünyadan gedirik... Mənim üçün belədir. Yəqin məhz bu baxımdan doğum günləri mənə görə xüsusi əhəmiyyət daşımır. Açığı, bu günü qeyd etmək də istəmirəm. Amma elin adəti var, üstəlik, dost- tanışlar deyirlər ki, gəl qeyd edək. Sadəcə yığışmağımız üçün bir səbəb olur.
Doğum günündə anamı ziyarətə getdim. 60 yaşında anamın yanına gedib, onu qucaqlamaq böyük nemətdir. Bundan gözəl nə ola bilər?
İndi özümə möhkəm can sağlığı və heç kimə möhtac olmamağı arzulayıram. Məncə, bu, insan üçün ən böyük var-dövlətdir. Çünki çox milyonçuların nə hala düşdüyünü gördük. Ona görə kimsəyə möhtac olmadan canımız sağ ömrümüzü yaşamaq yetərlidir.
- Həyatınızı istədiyiniz kimi yaşamısınızmı?
- Hər halda çalışmışam. 70-80 faizini istədiyim kimi yaşamışam deyə bilərəm.
“Heç ümid etmirdim ki, 60-a çataram”
- Sonuncu söhbətimizdə Azdramada sizin iştirakınızla yeni tamaşanın hazırlandığını demişdiniz. Hazırda vəziyyət necədir?
- Ötən mövsüm tamaşanın əmri verilmişdi, amma məşqlərə başlanılmamışdı. Ümid edirəm, sentyabrın sonunda məşqlər başlayar.
- Tamaşaçılar sizi hansı rolda görəcək?
- Rəhmətlik Rüstəm İbrahimbəyov ölümündən bir il əvvəl məni öz teatrına dəvət etmişdi və bu əsər haqqında uzun söhbətimiz olmuşdu. Onun son yazdığı əsərlərdən biri idi və mənimlə işləmək istəyirdi. Mən də razılığımı vermişdim. Amma qismət olmadı.
Biz Rüstəm İbrahimbəyov kimi böyük mogikanı itirdik. O təkcə ssenarist deyil, ölkəmizi dünyada kino və incəsənət sahəsində təmsil edən insan idi. Elə insanlar yüz ildə bir yetişir.
Ötən il mən həmin əsəri Azdramanın bədii rəhbəri və direktoru Azər Paşa müəllimə təqdim etdim. Oxudu və çox bəyəndi. Əsas rolu da mənə təklif etdi.
Əsərdə çox varlı adamın həddindən artıq kökəlməsindən söhbət gedir. Və o çox istəyir ki, müasir təbabət onu arıqlatsın. Ona deyirlər ki, yer üzərinə meteorit düşəcək, gəlin sizi sığınacağa yerləşdirib prosedurları orada həyata keçirək. Müqavilə əsasında o, sığınacağa gedir və bütün hadisələr də bundan sonra başlayır. Kiçik səhnə üçün dörd nəfərlik heyətlə çox gözəl bir tamaşa olmalıdır.
Rüstəm müəllim hətta bu əsərin filmini də çəkmək istəyirdi. Film bir məkanda baş verən hadisələrdən bəhs edəcəkdi.
Tamaşanın rejissoru Mehmandır. Gənc rejissordur. Onun ideyası çox xoşum gəlib.
- Rol üçün kökəlməyi düşünürsünüz?
- Mən yetərincə kökəlmişəm. Daha arıqlamaq istəyirəm. Amma onu da Allahın ümidinə buraxmışam.
Heç ümid etmirdim ki, 60 -a çataram. Amma çatdım, bundan sonra Allah kərim… Onu deyə bilərəm ki, tamaşa üçün məni xüsusi texnologiyalar vasitəsilə əməlli-başlı kökəldəcəklər.
Amma bilirsiniz, aktyorun məxsusi rola görə arıqlaması, yaxud kökəlməsi qonorara bağlıdır. Rejissor bir film çəkmək istəyir və yarım milyon dollar verir ki, aktyor özü arıqlasın. Kimi istəsən o qiymətə arıqlayar.
- Ən yaxşı qonorarı hansı filmdə almısınız?
- Mən ümumiyyətlə çox zəif qonorara çəkilməmişəm. Xüsusi yadımda qalan qonorarım yoxdur. Amma deyə bilərəm ki, sovet dövründə yaxşı qonorar iki min rubl civarında hesablanırdı, Rasim Ocaqov “Təhminə” filmindəki Spartak roluna görə mənə təxminən 1500, yaxud 1000 rubl vermişdi.
- Filmin kinoteatrda nümayişindən sonra əlavələr olmuşdumu?
- Təəssüf ki, aktyorların müəlliflik hüququ yoxdur. Bu hüquq rejissor və ssenaristlərdə var. Rəhmətlik Həsən Əbluc bir vaxtlar bu məsələni qaldırmışdı ki, aktyorlara az da olsa müəyyən faiz ödənsin. Yəni aktyorların oynadığı filmlər televiziya və kinoteatrlarda nümayiş olunanda onlara, yaxud ailələrinə müəyyən məbləğ verilsin. Razı olmamışdılar.
Xaricdə o şərtlərlə işləyən aktyorlar var. Yadımdadır ki, Oktay Mir Qasımovun filmində çəkilən alman aktyor belə bir şərt qoymuşdu ki, ona qonorar yox, filmin gəlirinin müəyyən faizi ödənsin. Bizdə bu sistem işləmir. Filmlər kinoteatrlarda göstərilmir. Filmin nümayişinə də televiziyalar pul ayırmır.
“100 manata çəkilmərəm”
- Bu gün dünyada aktyorlar agentliklərlə işləyir.
- Bizdə də bu işlə Səbuhi Məmmədov məşğul olur. Çox hörmət etdiyim insandır. Müraciət edəndə nə bacarıramsa edirəm. Mənim bacardığım bu olur ki, rejissorların əksəriyyəti deyir, müəllim sizinlə işləmək istəyirəm, amma pulumuz azdır, bu dəfə az verək, gələn dəfə çox verərik. Mən də deyirəm ki, sən gələn dəfə məni çağır.
- Bəs gənclərə dəstək olursunuzmu?
- Ağıllı rejissordursa, iş də məni qane edirsə, pulsuz çəkilirəm.
“Soyuq günəş” filmindən bir qəpik də qonorar almadım. Çünki komanda peşəkar idi. Görürəm ki, istedadlıdır, içində sənət yanğısı var, mən də ona kömək edirəm. Əks halda normal qonorar tələb edirəm. 30, 40, 50 yaxud 100 manata çəkilmərəm. Mən Pələng ilindənəm. Pələnglər səbirli olur, yeyəndə də yaxşı tikə yeyir...