“Köhnə çamadanlar” bədii filmi sentyabrın 29-dan etibarən kinoteatrlarda nümayiş olunacaq.
Bu barədə Teleqraf.com-a filmin rejissoru Səidə Haqverdiyeva deyib.
Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadının taleyində buraxdığı ağrılı izlərə ekran həyatı verib.
Rejissor bildirib ki, Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb.
“Filmdə 44 günlük Vətən müharibəsini əks etdirən real müharibə kadrları ilə yanaşı, ön cəbhədən gələn böyük Zəfər müjdəsini qürurla qeyd edən Azərbaycan xalqının sevinci xüsusi vurğulanır. Ekran əsərində İkinci Qarabağ müharibəsinin iştirakçıları, sərhəd qoşunlarında xidmət edən hərbçilərin, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslərin aktyorluq potensialından istifadə edilib”.
Filmin ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, art direktoru Tahir Əliyev, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır.
Filmdə rolları Məmməd Səfa, Pərvanə Qurbanova, Gülzar Qurbanova, Zemfira Əbdülsəmədova, Nəsibə Eldarova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Oksana Rəsulova, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Zarina Qurbanova, Aygün Fətullayeva və başqaları çəkiliblər.