Əməkdar artist Elman Rəfiyev Türkiyə istehsalı olan “Mən bu cahana sığmazam” serialından təklif alıb.
Bu barədə Teleqraf.com-a açıqlama verən aktyor təklifi qəbul etmədiyini bildirib. Buna səbəb “Ata ocağı” serialıyla müqavilə bağlaması olub.
“Müqavilə bağladığım gün Oktay Kaynarcanın baş rol oynadığı “Mən bu cahana sığmazam” serialından təklif aldım. Artıq müqaviləyə imza atdığıma görə Türkiyədən gələn təklifə “yox” deməli oldum”.
Aktyorun sözlərinə görə, ən böyük arzularından biri türk və rus filmlərində çəkilməkdir:
“Onun biri gerçəkləşdi. Bir neçə il öncə Müslüm Maqomayev haqqında Rusiyada istehsal olunan bədii serialda epizodik rolda çıxış etdim. Təəssüf ki, Türkiyədə çəkilmək qismət olmadı. Mənim qardaş ölkədə menecerliyimi Elşad Haqverdiyev edir. Ümid edirəm ki, gələcəkdə maraqlı layihələr olacaq və arzuma çatacam”.
Qeyd edək ki, artıq Türkiyə telekanallarından birində yayıma başlayan və reytinqi yüksək olan “Mən bu cahana sığmazam” serialının prodüserlərindən biri də Oktay Kaynarcadır.