29 Sentyabr 2022 09:22
3 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Möcüzəli və təhlükəli olan sirk sənətini təsadüfən seçib. Bu sənət də onu 15 yaşından Azərbaycandan ayırıb. Uğurdan uğura aparan yolunu anasının dualarıyla addımlayıb.

Müsahibim dünyanın böyük səhnələrində öz nömrələriylə könülləri fəth edən, Roma Papası II İohann Pavellə, həmçinin CAR-ın ilk qaradərili prezidenti Nelson Mandelayla görüşən, hara getsə, azərbaycanlı olduğunu fəxrlə vurğulayan sirk ustası İradə Stolyarovadır (İsgəndərova).

İradə xanımın doğma vətəninə gəlişini fürsət bilib onunla həmsöhbət olduq.

Teleqraf.com həmin müsahibəni təqdim edirik.

- İradə xanım, adətən sirk sənətinə sevgi ailədən gəlir. Ailənizdə sirk artisti olubmu?

- Olmayıb. Amma anam çox istedadlıydı, incəsənətə meylliydi, gözəl səsi vardı, uşaq vaxtı yıxıldığına görə ayağı zədələnmişdi. Özü sənətlə məşğul olmasa da, mənə hər cür şəraiti yaratdı.

Adımı Yuri Qaqarin adına Bakı Pionerlər Sarayının vokal bölməsinə yazdırdı. Amma mən orada özümü rahat hiss etmədim, çünki başa düşürdüm ki, ifa bacarığım yoxdur. Otaqdan çıxanda rəqs geyimində olan qızları gördüm və onların incə hərəkətlərinə valeh oldum. Və rəqsə bağlandım, dörd il “Cücələrim” ansamblında oynadım. Müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə, eyni zamanda Azərbaycan mədəniyyət günləri çərçivəsində Moskva səhnəsində uğurlu çıxışımız oldu.

Səkkizinci sinifin sonunda Moskva Xoreoqrafiya məktəbinə daxil olmaq istədiyimi deyəndə, anam etiraz etmədi. 1977-ci ildə anamla birlikdə Moskvaya getdik və orda bildik ki, Xoreoqrafiya məktəbinə qızları 10-11 yaşından qəbul edirlər, mənim isə artıq 15 yaşım var idi...

Sonra abituriyentlərdən biri sirk məktəbinə getməyimi məsləhət gördü. Təsəvvür edin, sirk məktəbində bir yerə 100-120 namizəd var idi. Əksəriyyəti idmançı, azdan-çoxdan bu sənətlə əlaqəsi olan qızlar idi. Məndən soruşdular ki, sən nə bacarırsan? Dedim oynamağı.

İmtahan komissiyasının rəhbəri sirk aləmində çox məşhur və peşəkar insan - Yuri Qavriloviç Mandıç məni görən kimi dedi: “Bu mənə lazım olan akrobatdır - çəkisi yüngül, arıq, balaca”.

Məhz bu keyfiyyətimə görə də bütün akrobatlar mənimlə işləmək istəyirdilər.

“19 yaşımda o mənə evlilik təklifi etdi”

- Həyat yoldaşınız Vladimir Stolyarov da Rusiyanın tanınmış sirk artistidir. Tanışlığınız necə olub?

- Bizim tanışlığımız təhsil aldığımız sirk məktəbində başladı. Mən akrobatika, o isə kloun ixtisasında oxuyurdu. 19 yaşımda Vladimir mənə evlilik təklifi etdi.

- Çox tez deyilmi? Razılaşdınız?

- Razılaşdım. O zamana kimi mən partnyorlarım - Taimuraz Dzqoyev və Vitali Dmitriyevlə birgə çıxış edirdim. Onlar məni havaya atırdılar və mən müxtəlif hərəkətlər edirdim. Bəzən məşq prosesində atışlar zamanı yıxılırdım, Vladimir deyirdi ki, buna görə pantyorların gərginlik keçirirdilər, amma sən həmişə gülürdün. Dediyinə görə, onun diqqətini belə cəlb etmişəm.

Sirk məktəbini bitirdikdən dərhal sonra bizi Orta Asiyaya qastrol səfərinə göndərdilər. Ancaq Vladimir və mən artıq evlənmək qərarına gəldik, buna görə bir il sonra tərəfdaşlarımla ayrılmalı oldum. Hamı deyirdi ki, sən akrobat, o kloun – birlikdə necə çıxış edəcəksiniz?

- Həqiqətən, bu tandem necə yarandı?

- Hər bir sirk artistinin karyerası boyunca əksər vaxt bir, yaxud iki nömrəsi olur. Ailə qurandan sonra birlikdə bir nömrə hazırlamalıydıq. Bu işdə bizə məşhur rejissor Viktor Franke kömək etdi.

Franke məndən soruşdu: nə etmək istəyirsən? Dedim, möhtəşəm formada səhnəyə çıxmaq istəyirəm. Ardınca o, yaradacağı nömrəni təsvir etməyə başladı və mən valeh oldum. “Trapesiya” məhz belə yarandı. Hava gimnastikasına keçidim “Trapesiya” ilə oldu.

- Nömrənizin özəlliyi nədə idi?

- Nömrə hava gimnastikası ilə başlayır: havada mürəkkəb hərəkətlər edirəm. Bu vaxt assistent gəlib ip nərdivanını dartır və nəticədə mən yıxılıb, təhlükəsizlik ipindən asılı qalıram. Assistent görür ki, artıq vəziyyət ağırdır və düşünür ki, məni xilas etmək lazımdır.

Tamaşaçılar bunu ciddi qəbul edir və bir anlıq faciənin baş verdiyini düşünürlər. Sonrakı hadisələr onu göstərir ki, bu, kloun oyununun bir hissəsidir.

- Bəs hündürlük qorxunuzu necə dəf etdiniz?

- Məşq zamanı, əlbəttə, qorxu varıydı, amma tamaşaçıları görəndə, işıqlar yananda və diqqət sənə sarı yönələndə qorxu başqa hislərlə əvəzlənir. Və sən ancaq və ancaq nömrəni layiqincə təqdim etmək haqda düşünürsən.

Franke məni hündürlüyə öyrəşdirmək üçün maraqlı bir üsul tapmışdı: məni hava trapesiyasında sirkin ən hündür yerinə qaldırırdı və mən saatlarla orada otururdum. Aşağı baxanda qorxurdum, ona görə yuxarı baxırdım, çünki ora daha yaxın idi. Yavaş-yavaş hündürlüyə öyrəşdim və o qorxunu dəf etdim.

“Meymunlar çox təhlükəlidir, şimpazeylə qarşılaşanda...”

- Sirkdə hər an təhlükə və zədə var. Karyeranız boyunca ən təhlükəli anınız, zədəniz hansı olub?

- Son qastrollarımdan biriydi. Rotterdamda “Trapesiya” nömrəsi ilə çıxış etməliydik. Məşq zamanı zədələndim və nəfəs almaqda çətinlik çəkirdim. Qarşıdan yeni il şənlikləri başlayırdı. Başa düşürdüm ki, şouda hava nömrəsi yalnız məndədir. Əgər mən zədələndiyimi bəhanə etsəydim, prodüser çox pis vəziyyətdə qalacaqdı.

Dərman içə-içə Allaha yalvarırdım ki, mənə güc versin. Çünki ağrım həddən artıq çox idi. Səbirsizliklə nümayişlərin başa çatmağını gözləyirdim.

Bir dəfə Hollandiya sirkində çıxış öncəsi təhlükəli vəziyyət oldu. Dəhlizə çıxanda iri bir şimpanzeylə qarşılaşdım. Çox sərt, hirsli baxışı vardı. Meymunların göz yaddaşı çox yaxşıdır.

Mən şimpanzeylə çıxış edən italyan sənətçilərinə xəbərdarlıq etməyə vaxt tapmamış o, salona girdi və nənəylə balaca oğlanın yanında oturdu. Onlar elə düşündülər ki, bu, çox normal haldır. Meymunu əzizləməyə, onunla oynamağa başladılar. Bu müddətdə təlimçilər onlara yaxınlaşıb, şimpanzeni oradan uzaqlaşdırmağa çalışdı. Meymunlar sirkdə çox təhlükəli heyvanlardır, o qədər adamın içində onu güc tətbiqiylə oradan götürmək qeyri-mümkün idi. Şimpanze koka-kola istədi. Və tam içənə qədər yerindən durmadı.

- Bildiyim qədər siz Roma Papası II İohann Pavel və CAR-ın ilk qaradərili prezidenti Nelson Mandelanın qarşısında da çıxış etmisiniz. Bu görüşlər necə baş tutub, hansı təəssüratlarla yadda qalıb?

- II İohann Pavel sovet sirkini çox bəyənirdi. O biləndə ki, sovet sirki İtaliyaya gəlib, xüsusi olaraq bizi Vatikana Apostol Sarayına dəvət etdi.

Çıxışında da artistlərin ifasını xüsusi vurğuladı və şəxsən hamımıza yaxınlaşıb salamlaşdı. İnanın, əllərinə toxunanda insana elə gəlirdi ki, o, sanki dünyəvi deyil.

(Bu şəkil Afrikada Nelson Mandelayla birgə çəkilib. Bu oğlan onun mühafizəçisidir. Fikir verin, mənə necə hirslə baxır...)

- Mandelayla görüşünüz neçənci ilə təsadüf edib?

- 1993-cü il idi, Cənubi Afrikaya ikinci səfərimiz zamanı Mandelanın 75 illik yubileyi şərəfinə sirkdə proqram təşkil olunmuşdu. Orada iki nömrəylə çıxış edirdim. “Trapesiya” və “Ekvilibr”. Sonuncunu Afrikada şəxsən özüm qurmuşdum.

Deməli, mən öncə “Ekvilibr”lə çıxış etdim, fasilə zamanı “Trapesiya”ya hazırlıq ərəfəsində Mandela kulisə gəldi, gözlərimə inana bilmədim. Məni görən kimi yaxınlaşdı, əlini uzatdı və “Mən sizi gördüm, çox bəyəndim” dedi.

Bu anda mən Vladimirə bizim şəklimizi çəkməsi üçün göz-qaş etdim. Mandelanın da əlini bərk-bərk sıxıb buraxmırdım. Mühafizəçi vəziyyəti başa düşə bilmirdi, ona görə acıqlı baxışlarla mənə baxırdı. Amma mən gülürdüm, elə xoşbəxt idim ki... Mandela çox diqqətciliydi, məxsusi mənə yaxınlaşmağına çox təəccüblənmişdim.

Həmin dönəm 11 ay Cənubi Afrika Respublikasında işlədik. Amma ilk dəfə ora aparteid (irqi ayrı-seçkilyin tətbiq olunduğu rejim - red.) zamanı getmişdik, proqramın rəhbəri də İosif Kabzon idi.

- Afrikada iki dönəmi görən biri kimi fərqi hiss edirsiniz?

- Fərq çox hiss olunurdu. Aparteid zamanı biz küçədə rahat gəzirdik. Amma çox kədərli mənzərənin şahidi olduğumu da unutmuram. 31 dekabr günüydü, biz sahilə endik, orada çoxlu qaradərili insanlar var idi. Bir az sonra polislər gəldi və insanların dağılışmağı üçün göyə atəş açdılar. Aparteid zamanı zəncilər çox sıxışdırılırdı.

İkinci dəfə isə daha dəhşətliydi. Maşınla gedəndə mütləq pəncərələri bağlamalıydıq. Şəhərdə iki nəfərlə deyil, üç nəfərlə gəzməliydik. Özümüzü elə aparmalıydıq ki, sanki silahımız var və hər an hücuma hazırıq.

(Soldan-sağa: Vladimir Stolyarov, İradə Stolyarova, Denis Stolyarov)

“Sirk ailəsinin həyat tərzi xüsusi olur”

- Oğlunuz Denis sirkdə böyüyüb?

- Qədim sirkdə maneji taxta yonqarından döşəyirdilər. Ona görə sirkdə “taxta yonqarında doğulmuşlar” ifadəsi tez-tez işlənilir. Denis həmin uşaqlardan olub. O, sirkdə bir çox janrlarda çıxış edirdi. Əgər sirk artisti olmasaydı, çox gözəl musiqiçi olardı. Denis gitara, saksafon çalır, yaxşı səsi var, eyni zamanda bir neçə dil bilir. Çox istedadlıdır və mənə elə gəlir ki, bu istedad ona məndən, Azərbaycan qanından keçmədir.

Denisin həyat yoldaşı da sirk artistidir. O, Ruminiyanın gimnastika üzrə yığmasında çıxış edib, daha sonra sirkə gəlib. Antonio, Darius adlı iki nəvəm var.

- Eşitdiyimə görə, sirk aləmində “Stolyarovlar ailəsi” xüsusilə seçilib. Bizə bir az sirk ailəsindən danışmağınızı istəyirəm.

- Sirk ailəsinin həyat tərzi xüsusi olur. Bir orqanizm kimi hamı birlikdə işləməlidir, hamı sirki sevməlidir. Uşaqlar isə ələlxüsus. Onlar uşaqkən atalarına, analarına çox heyranlıqla baxırlar. Və uşaq yaşlarından işləməyə, nizam-intima öyrəşirlər.

Sirkdə çıxış etdiyimiz vaxtlarda Vladimir rekvizit, mən kostyum, Denis isə musiqilərlə məşğul olurdu.

- Dünyanın neçə ölkəsində çıxış etmisiniz, heç Bakı sirkinə yolunuz düşməyib?

- Biz Sovet İttifaqından çox tez getdik, ona görə yolumuz kəsişmədi. Hətta Gürcüstanda da işləmişik, amma təəssüf ki, heç vaxt Bakı səhnəsində çıxış etməmişik.

Qastrollarımızın coğrafiyası Qrenlandiyadan Cənubi Afrikaya qədər uzanır. Fransa, Almaniya, Danimarka, İsveç, Hollandiya, Cənubi Afrikada sirklərdə işləmişik.

- Maraqlıdır, sirk artistləri yaxşı qazana bilirlər?

- Biz dünya səhnələrində çıxış edən sirk artistləri olduğumuza görə ailəlikcə yaxşı pullar qazanmışıq. Yadımdadır ki, Almaniyada çalışanda günə 450 marka verilirdi. Müqavilə əsasında bir ölkədə işləyirdiksə növbəti müqavilə hansı ölkəylə bağlanacaqsa ora gedirdik.

Prodüserlər də bilirdilər ki, biz oteldə qalmırıq. İki böyük mənzil-maşınımız var. İçərisində tam rahatlıqla yaşamaq olur.

Sirkdə təqdim edəcəyimiz nömrənin bütün maliyyə xərcini özümüz çəkirdik. Prodüser bizə çıxışlarımıza görə pul ödəyirdi. Müqavilə bitəndən sonra hərə öz yoluna gedirdi.

“Elə yaşayaq ki, nəvələrimizin toyunu da görək”

- Sirkdən getmək qərarını nə zaman verdiniz?

- Nəvələrimizin təhsili üçün oturaq həyata keçdik. 20 ildən çoxdur ki, Hollandiyada yaşayırıq. 7 ildir ki, müəllim kimi çalışıram. Hazırda üçümüz də dərs deyirik. Rotterdamda sirk məktəbində mənim tərtib etdiyim proqramdan istifadə edirlər və yaxşı nəticələrini də görürlər.

Yoldaşımla mən Rusiya vətəndaşıyıq. 16 yaşım Rusiyada tamam olduğuna görə orada qeydiyyata alındım.

Oğlum, gəlinim, nəvələrim Hollandiya vətəndaşıdır. Mən Hollandiya vətəndaşlığını almadım, çünki nə vaxtsa Azərbaycana qayıdacağımı düşünürəm və ölkəmin vətəndaşı olmaq istəyirəm.

- Səhnə, alqışlar, yanan parlaq işıqlar, insanların sevgisi, həyəcanı... Sirkdən uzaq düşəndən sonra bir artistin həyatı necə olur?

- Bu insandan insana dəyişir. Kimisi sirklə birdəfəlik vidalaşır, kimisi isə qalıb işləyir. Yoldaşım həmişə deyir ki, mən sirkdə, səhnədə ölmək istəyirəm. Əlbəttə, hamısı səhnə üçün darıxır. Bu çətin həyatdır. Amma gözəldir. Bəzən arenada 20 nəfər olur, sən başa düşürsən ki, pul qazana bilməyəcəksən, bununla belə, elə çıxış etməlisən ki, sanki üç min insan var və onlar səndən möhtəşəm şou gözləyirlər.

- İradə xanım, çox gözəl görünürsünüz. Gözəllik sirlərinizi bizimlə də bölüşün.

- Anam dünyadan tez köçdüyünə görə hər zaman fikirləşirəm ki, uzun yaşamaq üçün sağlam qidalanmaq lazımdır. Elə yaşayaq ki, nəvələrimizin toyunu da görək.

Baxmayaraq ki, hazırda sirkdə çalışmıram, amma hər gün məşq edirəm. Hər şeyi yeyirəm, sadəcə miqdarına, yerinə nəzarət edirəm.

Bir də hər zaman yaxşı düşünmək, bir problem çıxdısa onu həll etməyin yollarını aramaq lazımdır. Kimsə sizə pislik edibsə, siz onu bağışlayın. İnanın, bu sizə rahatlıq gətirəcək.

Hər anımızla özümüzü, yaxınlarımızı sevindirməyi bacarmalıyıq. Çünki həyat andır. Və o an çox tez ötür.

- Uzun illərdir ki, Azərbaycandan kənarda yaşayırsınız. Sevginizi, həsrətinizi hiss etmək olur. Hətta sosial şəbəkə hesabınızda Azərbaycanla bağlı paylaşımlar edirsiniz.

- İnanın, hara gedirdimsə, yaxud müsahibə verirdimsə, Azərbaycandan olduğumu qeyd etmələrini istəyirdim. İmkan olanda hətta bayrağımızı da asdırıram.

Bakı üçün tez-tez darıxıram. Bakı mənim üçün həm də anamla assosiasiya olunur. Nəvələrimə tez-tez Azərbaycan haqda danışıram.

Mən həm köhnə, həm də yeni Bakını sevirəm. Sənəd işlərimə görə yolum “Asan xidmət”dən düşdü, çox bəyəndim, unikal bir layihədir. Səmimi deyirəm, Azərbaycan Avropadan geri qalmır.

Azərbaycanla bağlı arzularım çoxdur. Fəaliyyətimi ölkəmdə davam etdirmək, gənc nəsilə bildiklərimi öyrətmək istəyirəm. Bakıda sirk məktəbi aça bilərəm, eyni zamanda bədii gimnastika üzrə yığmamızın çıxışlarına baxdım, düşünürəm ki, idmançılara sirk incəliklərini öyrətsəm məncə, dünyada heç kimin etmədiyi maraqlı kompozisiyalar hazırlaya bilərik. Bizim çox istedadlı uşaqlarımız var.

Bununla bağlı Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da məktub ünvanlamışam. Əgər bu arzum çin olsa, Hollandiyadan köçüb bura gələrəm. Bilirəm ki, mənimlə bərabər ailəm də məmnuniyyətlə gələr.

Mənim anamdan başqa heç kəsim olmayıb. Ancaq bilirdim ki, anamın bacıları var. İki xalam - Xanım və Tamam Gəncədə, Zeynəb xalam isə Zaqatalada yaşayırdı. Yadımdadır ki, Tamam xalamın bir qızı və məndən bir yaş kiçik Arzu adında oğlu var idi. Həmişə arzulamışam ki, qohumlarımı tapım, ancaq bütün ömrüm vətəndən uzaqda keçdiyi üçün buna imkanım olmayıb. O zaman indiki imkanlar, internet əlaqəsi yox idi.

Daha bir qohumumuz Firudin Orucovu yaxşı xatırlayıram. Mən məktəbli idim, o isə Həştərxanda hərbi qulluqdan qayıdıb, Ali Partiya Məktəbində oxuyurdu. Bəlkə də qohumlarımdan kimsə bu müsahibəni oxuyub, səsimə səs verər.


Müəllif: Nərmin Muradova, Foto: Elmin Zahidzadə

Oxşar xəbərlər