Teatrdan açıqlama: “O, çirkin fəaliyyətini davam etdirir”
Bir müddət əvvəl Mingəçevir Teatrının aktyoru İbrahim Salamov öz “Facebook” səhifəsində və mətbuata verdiyi açıqlamasında teatrda istedadlı insanlara qarşı haqsızlıq edildiyini bildirib, teatrın bugünkü durumuna görə direktor Səxavət Məmmədovu ittiham edib. O bildirib ki, direktor vəzifəyə təyinatının ilk günündən teatrı bazara, alver məkanına və intriqa ocağına çevirib.
Məsələ ilə bağlı Mingəçevir Dövlət Dram Teatrın kollektivi adından Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, İbrahim Salamovun bu ittihamları əsassızdır: “Son günlər Mingəçevir Dövlət Dram Teatrının adı bəzi saytlarda və “Facebook” səhifələrində mənfi mənada hallandırılır. Səbəb kimi guya, teatrda özbaşınalıq, sənət adamlarının sıxışdırılması, kimlərinsə qanunsuz olaraq işdən çıxarılması və başqa nələr vurğulanır. Bəs əslində MDDT-də nə baş verir? 1968-ci ildə tikilən 1969-cu ildə Cəfər Cabbarlının “Almas” pyesi ilə açılışı olan bu teatr Aran regionunda yeganə Dövlət Teatrıdır. Bu teatrda çox böyük sənət adamları, tanınmışlar işləmiş və 1969 -cu ildən 2000 -ci illərə qədər bu teatr evi demək olar ki, respublikamızda sənəti ilə, sənət adamları ilə, güclü truppası ilə şöhrət qazanıb. Aktyor-aktrisa heyəti böyük əziyyətlər hesabına hər şeyi öz sənətlərinə qurban verərək teatrımızın adını inkişaf etdirməyə çalışıblar və demək olar ki, buna da tam nail ola biliblər. Ancaq son zamanlar, təəssüf ki, MDDT qəzetlərdə, saytlarda hazırladığı tamaşalarla deyil, qalmaqallarla gündəmə gəlib. İbrahim Salamov adlı aktyor bir neçə illər bundan öncədən başlayaraq özünün “qanunlarını” teatrda yeritməyə çalışıb. MDDT-nin keçmiş rəhbərliklərini intiharla, rüşvətlə tamaşalardan imtina etmək, qəzet və saytlara yazı vermək hədə -qorxu gələrək, onların qismən susmasına nail ola bilib. Truppanın daxilində qruppa yaratdığını və həmin qruppanın onun diqtəsi ilə hərəkət etməsini kollektivdə hər kəs bilir. Bu haqda çox danışmaq olar, ancaq keçmək istəyirik əsas mətləbə.
Teatrda mart ayından təyin olunan Səxavət Məmmədov kollektivin ümumi yığıncağında bütün daxili ziddiyyətlərin yığışdırılmasına, hər kəsin teatrın inkişafına çalışmasının vacibliyini qeyd edib. Bütün kommunal xərcləri öz üzərinə götürən MDDT yenicə təmir olunmuş teatr binasının geniş imkanlarından istifadə edərək müxtəlif xidmət sahələri yaratmaqla (153 yerlik kino zalı, tamaşaçıların asudə vaxtlarının səmərəli keçirilməsi üçün kafe xidməti, teatr afişalarının və tamaşa dekorasiyalarının hazırlanması üçün kiçik mətbəə xidməti) həmin xərclərin tam qarşılanmasına və yeni iş yerlərinin açılmasına nail olub.
İllərdir özünün təbirilə desək, tamaşalarda yer verilməyən və yaxud keçmiş rəhbərlərin iddia etdiyi kimi tamaşalardan imtina edən İbrahim Salamova “Aylı Gecə” tamaşasında baş rol verilmişdi. Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyi haqqında təhqirlər yazmasına, kollektiv arasında davalar salmasına baxmayaraq, hər dəfəsində ona xəbərdarlıq olunsa da, o, bu xəbərdarlıqlara məhəl qoymayaraq “burda mənəm Bağdatda kor xəlifə” sözünü rəhbər tutaraq çirkin fəaliyyətini davam etdirib. Onun ipə-sapa yatmayan, başa düşülməyən hərəkətlərinin pik nöqtələrindən biri də öz 26 iyul tarixində saat 17.50-də “Facebook” səhifəsindən “intihar edirəm” bəyanatını yayıb. Lakin saat 18.00-da nədənsə, fikrindən yayınıb, həmin anda məşqi gedən tamaşaya maneələr yaratmağa çalışmış, qrim otaqlarında həmkarlarına yumruqlar atmış, qadınlara, yaşlılara fikir vermədən, “əsəbiyəm” deyib, söyüşlər söyləyərək teatrın fəaliyyətinə mane olmuşdur. Onun bu hərəkətləri dəfələrlə təkrar olunub. Bütün bunlara baxmayaraq MDDT rəhbərliyi ona yenidən etimad göstərərək “Nənənin Kələyi” adlı tamaşanın hazırlaması üçün İ.Salamova quruluşçu rejisor vəzifəsini verib. Tamaşaların məşqi zamanı yenidən dəfələrlə işçilər arasında nəlayiq, ağıza alınmayacaq söyüşlər söyüb, işçiləri təhqir edib. 2014 -cü ilin noyabr ayının əvvəlində məşq zamanı aktrisalardan birini kollektivin yanında çox qəddar şəkildə döyüb. Rəhbərlik İbrahim Salamovu çağıraraq ona sonuncu xəbərdarlığını edib. İbrahim Salamov xəbərdarlığa yenə məhəl qoymayaraq söyüşlərə, təhqirlərə davam etmiş və insanlara “səsinizi çıxarın, mən sizin arxanızdayam” və s. kimi dağıdıcı fəaliyyətə səsləyib. 26 noyabr 2014 -cü ildə isə bütün kollektivin, rəhbərliyin yanında sahə rəisi ilə dava edib. (MDDT -nin kameralarında bu görüntülər qeydə alınıb) Direktor tərəfindən hər iki nəfər yazılı şəkildə töhmət alıb. İbrahim Salamov bu töhmətə etiraz edərək qanunsuz olaraq quruluş verdiyi “Nənəmin Kələyi” tamaşasını öz ərzisi ilə dayandırıb. Tamaşanın dayandırılmasından bir neçə gün sonra ona dəfələrlə tamaşaya çəkilən xərclər, aktyor heyətinin zəhməti izah olunsa da, o, yazdığı ərizəni geri götürmək barəsində izahat yazmaqdan imtina edib və dəfələrlə teatrın yeməkxanasında, foyesində, “Facebook” səhifəsində Mədəniyyət və Turizm Nazirliyini, MDDT-nın rəhbərliyini çox açıq şəkildə təhqir edib. Bütün bunları nəzərə alaraq onun işdən çıxarılması barədə Həmkarlar İttifaqı iclas keçirib və İbrahim Salamovun işdən çıxarılması barədə qərar qəbul olunub. Təəssüf ki, bəzi qələm əhli haqqımızda bilmədikləri yazıları yazır. Jurnalistika qanunlarını pozaraq qarşı tərəfin fikirlərinə yer vermirlər. Biz sizə vəziyyəti olduğu kimi çatdırdıq. Kimin qərəzli və yaxud qərəzsiz olması isə içindəki haqqa inamından asılıdır”.
Nərmin