Bu il ağır itki və xəstəliklərlə üz-üzə qalan xalq artisti Nuriyyə Əhmədovadan nəhayət ki, şad xəbər gəldi.
Belə ki, ilin sonuna kimi xalq artistinə ev verilə bilər. Bu barədə Nuriyyə Əhmədova Teleqraf.com-a açıqlamasında deyib: "Çox sağ olsun cənab nazir Əbülfəs Qarayev ki, mənim ev məsələmlə əlaqədar Prezident Administrasiyasına məktub yazıb. Bu barədə bizə məktub gəlib. Gözləyirəm, görək axırı necə olacaq. Hazırda oğlumla rəfiqəmin bağında qalıram. Müalicəm davam edir. Ayaqlarım tutulmuşdu, amma indi nisbətən yaxşıdır. Dərmanlarımı içirəm, yaxşı olmağa səy göstərirəm. Çalışdım ki, kirayə ev tutam, amma onun şəraiti məni qane etmədi".
N.Əhmədova həyat yoldaşının ağır vəziyyətdə olduğunu da deyib: "O, qohumlarının evində qalır. Oğlumuzun ölümündən sonra vəziyyəti çox ağırlaşıb. Təsəvvür edin ki, məndən də pis vəziyyətdədir. Ailəmiz dağıldı, indi hərə bir yandadır. Hazırda bütün fikrim oğlum Faiqin gələcəyi ilə bağlıdır. İncəsənət Gimnaziyasında oxuyur, güman ki, sənədlərini də Mədəniyyət və İncəsənət Universitetinə verəcək. Bacarıqlı uşaqdır, kompüteri bilir, ingilis, rus dilində danışır".
Qeyd edək ki, ev məsələsi ilə əlaqədar şad xəbəri ilk dəfə olaraq N.Əhmədovanın yaxın rəfiqəsi, jurnalist Sədaqət Kamal öz "Facebook" səhifəsində yazıb: "Neçə müddət ərzində gözü yaşlı xalq artistimiz Nuriyyə Əhmədovanın dərdinə şərik olanlara!... Artıq mədəniyyət nazirimiz Əbülfəz Qarayevin rəsmi müraciəti hörmətli Prezidentimizə məruzə olunub. Daha dəqiq, Nuriyyə xanıma ev verilməsi məsələsi gündəmdədir. Hər iki mənbədən rəsmi xəbərləri (yazılı şəkildə) özüm almışam. Güman edirəm, məsələ ilin sonuna qədər həll olunacaq".
Nərmin