Ötən həftə sonu Gənc Tamaşaçılar Teatrında “Kod adı: V.X.A” (Vətən xainlərinin arvadları) adlı tamaşanın premyerası keçirildi.
Pyesin müəllifi və quruluşçu rejissoru olan teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
“Üç il özümə söz verirdim ki...”
- Mehriban xanım, təbrik edirik. Böyük miqyaslı, əziyyətli bir tamaşanı başa çatdırmısız. Çox təsirlidir. Tamaşadan sonra da o qadınlar heç ağlımdan çıxmadı, o ağırlığı, ağrını çiyinlərimdə hiss etdim. Düşündüm ki, görəsən Mehriban xanım neçə il bu ağrılarla yaşayıb?
- 1999-cu ilin sonunda “Qırmızı terror və Mircəfər Bağırov” filmini bitirdim. Bu dörd seriyalı bədii-sənədli film idi. Filmin bir seriyası repressiyalara həsr olunmuşdu.
Mövzu məni o vaxt çox maraqlandırırdı. Çünki repressiya olunmuş ziyalılarımızla bağlı Azərbaycan Dövlət Televiziyasında müəllif verilişlərim vardı. Hiss edirdim ki, bu, tamamlanmamış bir işdir. Biz hamımız bilirdik ki, Əhməd Cavadı və onun kimi sovet çərçivələrinə sığmayan ziyalıları bir ucdan aparıb güllələyirdilər, ailələri pərən-pərən düşürdü. Mən onu da bilirdim ki, ailələrinin başına gələn oyunlar heç də hamımıza bəlli deyil. Repressiyaya məruz qalanlar həyatdan qoparılıb atılırdılar, amma onların həyatda qalan ailələrinin taleyi? Bu məni heç vaxt rahat buraxmırdı.
Üzərindən xeyli illər keçdi, 2010-cu ildə Akmolada olan vətən xainlərinin arvadları ilə bağlı ikihissəli kinopovest yazdım. Bunun da əsas səbəbkarı Şükriyyə xanım idi. Çünki həmin dediyim Mircəfər Bağırovla bağlı filmdə məhz Şükriyyə xanımın taleyi var idi. Oğlu Yılmaz Axundzadə sağ ikən onunla söhbətlərim olmuşdu və mənə Şükriyyə ilə bağlı çox şeyləri danışmışdı. Bütün danışılanlar mənim içimdə qalmışdı. Nəhayət, onu 2010-cu ildə yazdım. Yazandan sonra heç cür davamını gətirə bilmirdim. Üç il dalbadal özümə söz verirdim ki, bu mövzunu yazacam, amma yaza bilmirdim.
İş elə gətirdi ki, baş rejissorluq təyinatım Gənc Tamaşaçılar Teatrına verildi. Burada 80 nəfərə yaxın truppa var. Baş rejissor olaraq bu truppa ilə daha geniş miqyasda işləməliydim ki, həm öz gücümün, həm də aktyor gücünün nə həddə olduğunu bilim.
Bu truppada qadınların sayı 39-dur. Birdən ağlıma gəldi ki, məni narahat edən, mənə ağrı verən o mövzunu 37 qadınla işləmək lazımdır. 1937-ci ilin 37 rəqəmi məni dörd ay müddətində bu pyesi yazmağa vadar etdi. Bu ağrı düyünlənib nəticəyə çatdı - povestdən pyesə çevrildi - "Kod adı V.X.A - Vətən xainlərinin arvadları".
Bu, mənim həyata keçirə bilməyəcəyim bir proyekt idi. Gənc Tamaşaçılar Teatrında 39 aktrisanın olması hər şeyi dəyişdi.
- 37 qadın simvolikdir, yoxsa...
- Əlbəttə simvolikdir. Çünki təkcə Akmolada 44 azərbaycanlı qadın olub. Sürgün düşərgələri isə daha çox idi. Bizim əslində tamaşada bəhs etdiyimiz qadınların heç də hamısı Akmolada olmayıb. Sadəcə mən ümumiləşdirmişəm - hamısını eyni düşərgəyə gətirmişəm. Çünki mənim üçün 37 rəqəmi və düşərgə daha önəmli idi, nəinki Akmola. Əslində sürgünlərdə 26 min qadın olub. 26 mindən mən 37 qadın götürmüşəm. 37-ci ilin 37 rəqəmi simvolikdir və repressiyaya məruz qalmış qadınlarımıza ithafdır.
“İstəməzdim o qadınların nəsli bilsin ki...”
- 37 qadını, onların siyahısını formalaşdıranda nəyi əsas götürmüsünüz?
- Əslində onların hər birinin tarixdə izi, həyat faciəsi var. Amma mən hadisələri onların 37-sinə bərabər paylaya bilmədim. Ən tanınan, ən bəlli olanları seçdim. Tamaşada 37 qadının içində 11-15 qadın daha parlaq görünür.
- Tamaşadakı 37 qadının prototipi həqiqətən varmı?
- Bəli. Bir-ikisi bədiiləşdirilib, soyadı qəsdən dəyişdirilib. Buna səbəb talelərində olan bəzi məsələləri gizlətməkdi. İstəməzdim, o qadınların nəsli bilsin ki, orada onun başına hansı iş gəlib. O adamların ya adlarını, ya da soyadlarını dəyişmişəm. Amma daha önə çəkilən qadınlar, əlbəttə, Azərbaycan tarixində böyük iz qoymuş qadınlardır. Onlar vətən xainlərinin arvadları adlanırdılar.
Təbii ki, mənim üçün onların hamısının önündə dayanan Şükriyyə Axundzadədi. Baxmayaraq ki, ona da xüsusi yer ayırmamışam, amma hər halda tamaşada Şükriyyə haşiyəsi var.
- Bəli, bu hiss olunur...
- Çünki bu tamaşa həm də Əhməd Cavadı anmaq naminə hazırlandı. Əhməd Cavada xatir Şükriyyəyə ithafdır.
“Tamaşada təhrif yoxdur”
- Tarixi əsərlərdə - film, yaxud tamaşada təhriflər olur və bu birmənalı qarşılanmır. Tarixçilər ciddi etirazlar edir, sənəti önə çəkənlər isə buna məqbul yanaşırlar...
- Bizim tamaşada təhrif yoxdur. Sadəcə düşərgə hadisələridir. Biri Temlaqda olub, mənsə onu Akmolaya gətirmişəm. Nə fərq edər ki... Yəni güclü təhrif yoxdur. Verbatim yanaşma üsulunu önə çəkmişəm, istintaqlar real stenoqramlara əsaslanıb. Qadınların sürgün həyatı, nömrələr hamısı olduğu kimidir. Talelərində, istintaqlarında güllələnmə olubsa güllələniblər, sürgün olubsa, sürgünə göndəriliblər.
- Tamaşa dörd saat çəkir. Bu, öncədən müəyyənləşmişdi, yoxsa bölgülər aparılanda vaxt uzandı?
- Əsər əslində 30 şəkildən ibarət idi. Bütün deyilənlərə rəğmən mən düşünürdüm ki, beş saatlıq tamaşa olmalıdır. Çünki təcrübədə beş-altı saatlıq tamaşalar var.
İlkin layihəmdə pyes iki yox, hətta üç hissədən ibarət idi. Sonra təbii ki, hər şeyi nəzərə aldım: tamaşaçılar, zaman və sair. Ona görə on iki şəkil ixtisar etdim. Düşünürəm ki, bu, normaldır. Bu, başqa janr deyil, bu, sənədli dramdır. Tarixi əsərdir, faciədir, ithafdır... Bunların hamısını nəzərə alsaq, deməli, tamaşanın özünün xüsusi tamaşaçıları olmalıdır. Bura əylənməyə gəlmək mümkün deyil.
Bu tamaşa didaktikdir. Yəni bu, həm də maarifləndirmədir, tarixə qayıdışdır... Əlbəttə, bu kimi işlərin metrajı bir az fərqli olmalıdır. Bu kriteriyalardan baxanda müddət normaldır.
- Mən tamaşaya baxarkən əsirlik həyatı yaşayan qadınlarımızı xatırladım. Mənə elə gəlir ki, bu həm də onlara ithafdır.
- Möhtəşəm qələbəmizdən əvvəl mən “Çat vermiş torpaq” adında bir kinossenari yazmışdım. Bu ssenari Şuşa həbsxanasında əsirlikdə olan qadınlarla bağlıdır. Çox güman ki, onun da zamanı gələcək.
Düşünürəm ki, bizim bundan sonra atacağımız hər bir addım tarixi taleyimizin hansısa bir dönəmi üçün mütləq ithafa çevriləcək. Ona görə əsir və girovlarmı deyək, adını beləmi qoyaq, yaxud cəhənnəmdən keçənlərmi deyək, yəni bizdən qoparılıb, bizə qayıdan hər kimimiz varsa, onlara sahib çıxmalıyıq və onları unutmamalıyıq.
Əslində məqsəd elə budur. Bizdən qoparılaraq aparılan hissəmizi özümüzə qaytarmaq üçün ən azı bu işi görməliyik.
“Mənim də sərt tələblərim var”
- Hər tamaşanızda qadınlar min bir əzablardan keçirlər. O vaxt “Qatil” tamaşasında oynayan Münəvvər xanım da etiraf etmişdi ki, hər tamaşadan çıxanda bədəni göm-göy olur. Bu tamaşada həbsxanada, sürgündə qadınlar döyülür, kobud rəftara məruz qalırlar. Bu tamaşada xəsarət alan aktrisalarımız çoxdurmu?
- Vay-vay... Mənim tamaşalarımda niyə belə olur, bilmirəm. Demirəm ifrat reallığa gedirəm, amma hər halda falş istəmirəm.
- Hətta bunu xüsusi texnika ilə etsələr də?..
- Olur... Onda məzmunda bəlkə də udmaq olur, amma formada uduzuruq. Hərdən aktyorlar özləri də obraza çox aludə olurlar.
- Aktrisalar şikayət edirdilərmi?
- İlkin olaraq əlbəttə... Amma mənim də sərt tələblərim var. Çalışırıq ki, böyük zərbə vurulmasın. Texniki şəkildə həll edirik. Amma elə şeylər var ki, onlar real olaraq tamaşaçıya falş təsiri bağışlamamalıdır. Mən daha çox bunun tərəfindəyəm. Aktyor texnikasını anlayıram, amma istənilən halda bir optimal yol tapırıq.
- Sizi təəccübləndirən aktrisalar oldumu?
- Təəccübləndirmək... Çoxdandır təəccüblənməyi unutmuşam. Amma mənim diqqətimi çəkdilər. Daha doğrusu, kəşf etdiyim aktyor və aktrisalar oldu. Halbuki mən onları o cür tanımırdım. İş prosesində qəribə də olsa ikinci, üçüncü nəfəsliyi açılan aktyorlar kəşf olunur.
"Ürəyim, duyğularım buna imkan vermir"
- Mehriban xanım, əsəri yazanda və tamaşaya hazırlayanda ən çətini nə idi?
- Düşündüyümü tam inikas etdirə bilməməkdir. Düşünürəm ki, çox yumşaq həll etdim. Halbuki çox sərt həll yolu seçməyi düşünürdüm. Bir az o mənada... Çox sərt yanaşma necə ola bilər? Film başqa şeydir və orada bunu göstərmək olur. Tamaşa canlıdır, aktyor tamaşaçı ilə üzbəüz dayanır.
Mən biləndə ki, sürgünlərdə hansı işgəncə formaları həyata keçirilir, onların hansı birinisə mütləq göstərmək düşüncəsindəydim, amma tamaşada gördüyüm, bildiyim, əmin olduğum işgəncələrin birini də göstərə bilmirəm. Buna ürəyim, duyğularım imkan vermir və artıq yara açmaq istəmirəm.
Bu tamaşa Azərbaycan ziyalılarının əslində ən böyük gücü olan qadınlarımızın taleyinə ithafdır və mən onların qarşısında vəfa borcumu həyata keçirirəm.