20 Dekabr 2022 14:24
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Anar Kərimov Azərbaycanda səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanla görüşüb.

Bu barədə Teleqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

A.Kərimov Azərbaycanda keçirilən Türk kinosu günlərinin əhəmiyyətini qeyd edib, nümayiş olunan filmlərin tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını bildirib. Nazir bu kimi layihələrin, festivalların ənənə halını almasının mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

A.Kərimov dekabrın 19-da Bakıda Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ikinci iclasının keçirilməsi və mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıqla bağlı əhəmiyyətli müzakirələrin aparılmasından məmnunluğunu bildirib. Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasına iki ölkənin mədəni əməkdaşlığı kontekstində böyük önəm verdiklərini deyib. Türkiyəli qonaq komissiyanın iclaslarının il ərzində iki dəfə keçirilməsi təklifini səsləndirib. Bildirib ki, konkret sahələr üzrə sıx şəkildə fikir mübadiləsi aparılması əməkdaşlığın dinamik inkişafına daha yaxşı töhfə verə bilər.

Söhbət zamanı birgə komissiya çərçivəsində muzey, kitabxana, mədəni irs və onun qorunması, təbliği ilə bağlı əməkdaşlıq məsələlərinə də toxunulub. Anar Kərimov qeyd edib ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən vandalizmə məruz qalmış tarix-mədəniyyət abidələrinin bərpası və yenidən qurulması sahəsində Türkiyənin təcrübəsinə ehtiyac var. Bu sahədə fəaliyyət göstərən insanlar üçün qardaş ölkənin mütəxəssisləri tərəfindən treninqlərin keçirilməsi faydalı olardı. Nazir qeyd edib ki, muzey əşyalarının bərpa və konservasiyası, mədəni irsin ixracı və idxalı, bu prosesin tənzimlənməsi mexanizmi və digər məsələlərlə əlaqədar Türkiyə ilə əməkdaşlıqda maraqlıyıq.

Görüşdə Azərbaycanda yaradıcı sənayelərin inkişafı, eləcə də Yaradıcı Sənayelər Assosiasiyasının fəaliyyəti barədə söz açılıb, mədəni turizm sahələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Anar Kərimov hazırda işğaldan azad olunan ərazilərdə, eləcə də digər regionlarımızda aparılan arxeoloji qazıntılara türkiyəli mütəxəssislərin də cəlb olunduğunu bildirib. Deyib ki, bu sahədə ölkəmizdə insan resursları yetərli olsa da, müvafiq laboratoriyaların azlığı müşahidə olunur. Türkiyədə isə bu sahədə 10 laboratoriya mövcuddur və ölkəmizdə aparılan araşdırmaların nəticələrinin müəyyənləşdirilməsində qardaş ölkənin imkanlarından istifadə edilir.

Dədə Qorqud Türk Dünyası Film Festivalından danışan Anar Kərimov festivala gənclərin daha çox maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib. Deyib ki, bu festival Türk dünyası kinosunun ölkələrimiz arasında daha yaxşı təbliği baxımından diqqətəlayiq layihədir.

Ahmet Misbah Demircan da sözügedən festivalı yüksək dəyərləndirib, gələcəkdə “Dədə Qorqud Kino Akademiyası”nın yaradılması ilə bağlı təşəbbüslə çıxış edib. Bildirib ki, türk dövlətlərində kino nümayişinin vahid bir platforma üzərindən həyata keçirilməsi əhəmiyyətli olar. Nazir müavini, həmçinin Türk dünyası ölkələrini və xalqlarını əhatə edən kino məktəbinin açılması məsələsini də gündəmə gətirib. O, Azərbaycan və Türkiyənin bu layihənin əsas təşəbbüskarı kimi çıxış etməsinin önəmini vurğulayıb.

Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər