“Tar sənəti bu gün çox gözəl mərhələsini yaşayır. Və gənclərin də bu sənətlə məşğul olması normaldır”.
Bunu Teleqraf.com-a söhbətində tanınmış tarzən Əliağa Seyidov deyib. Onun sözlərinə görə, tarzən olmaq istəyən gənclərdə çatışmayan cəhəti novatorluqdur:
“Hər zaman valideynlərə tövsiyyəm odur ki, övladlarının uşaq yaşlarından incəsənətin müxtəlif sahələri ilə məşğul olmasına şərait yaratsınlar. Çünki incəsənətlə məşğul olan hər bir uşağın böyüdükcə gözəl zövqü, musiqi duyumu, ziyalı baxışı olacaq. Tar elə bir alətdir ki, onda klassik Avropa musiqiləri, xalq mahnılarımız, muğamlar, rəqs havaları yəni, bütün musiqilər gözəl səslənir. Tarın səslənmə tembri o qədər fərqlidir ki, istənilən xanəndə bəlkə də kamançasız müşayiətə razı olar, amma tarsız heç vaxt. Tarı yaşlı da, cavan da sevə bilər. Bu alət muğam ifa etmək üçün ən gözəl alətdir. Mən 1982-ci ildə anamın istəyi ilə musiqi məktəbinin tar sinfinə yazıldım. Tar ifa etdikcə, bu, sənətə vurğunluğum artırdı. Eyni zamanda idmana da böyük marağım var idi. Əgər tarzən olmasaydım, yüz faiz idmançı olacaqdım. Orta məktəbdə yaxşı oxuduğuma görə atam istəyirdi ki, musiqidən başqa peşəyə yiyələnim. O fikirləşirdi ki, bu sənət ancaq toyxana səviyyəsindədir. Qismət elə gətirdi ki, musiqi məktəbini bitirib, Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum. Çox sevinirəm ki, tarı seçdim. Amma o vaxt hətta toy şəraitində belə tara münasibət yaxşı deyildi. Ümumiyyətlə, mən musiqi məktəbində oxuduğum zamanlar tara, muğama diqqət azalmışdı. Ən adi bir müqayisə aparım, bu gün toylarımızda muğama, tara göstərilən münasibət yaxşı mənada çox başqadır. Atam öz övladını daha da yüksəkdə görmək istəyirdi. Çünki mən məktəbdə yaxşı oxuyurdum, olimpiadalarda uğurla iştirak edirdim. Tara olan indiki hörməti, qiyməti atam o vaxt təsəvvür edə bilməzdi. Və heç kimin ağlına gəlməzdi ki, mən tara bu qədər aludə olaram. Bu gün Azərbaycan tarının dünyada tanıtımı, böyük konsert səhnələrindən onun ifasının səslənməsi bu sənətə böyük hörmət qazandırıb. Bayaq da dediyim kimi, sevinirəm ki, bu sənəti seçdim. Çünki musiqi ilə yaşamağım, onda tapdığım rahatlıq, istirahət məni xoşbəxt edir. Bu doğrudur ki, biz nəyi təbliğ ediriksə insanlar ona axın edirlər. Axın o qədər çoxdur ki, hətta bəzi insanlar deyirlər ki, övladım dərslərini oxuya bilmir, heç olmaya yazdırım tara, gələcəkdə tar çalan olsun. Elə bilki, tar ən sonuncu yoldur, sənətdir. Bu düşüncəni başa düşə bilmirəm. Məni təəssüfləndirən bir də odur ki, bu gün tar sənəti ilə məşğul olmaq istəyən gənclərdə novatorluq görmürəm. Biz Musiqi Akademiyasında oxuyanda skripka, pianino eləcədə digər alətlərin ifaçıları ilə sıx ünsiyyətdə idik, bir–birimizin konsertlərinə gedirdik. Bu gün bu ifaçılıq sənətinin ifaçıları bir-birindən ayrı düşüblər. Mən və mənim nəslimin dünyaya çıxışı bir az bununla bağlıdır. Sanki biz indiki nəslə nisbətdə məcazi anlamda ingilis dilini bilirik. Biz orkestr fənni keçirdik, amma indiki nəsil bunu keçmir. Əvvəllər biz dünyaya meydan oxuyurduq, bizim müəllimlərimizi xarici ölkəyə dərs demək üçün dəvət edirdilər. İndi onlarda dediyim məqamlar ən üst səviyyədədir, özümüz kənd səviyyəsinə enmişik. Mən çox istəyirəm ki, gənclərimiz daha çox bilikli və yaradıcı olsunlar. Onlar da ansambl yaratsınlar, yeni nələrsə etsinlər, fərqlənsinlər, seçilsinlər”.
Nərmin