10 May 2014 18:31
1 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eurovision 2014"-də Azərbaycan-necə inkişaf edir?

Mübariz Tağıyev: "Qorxuram ki, o birinci olar"

Kopenhagendə keçirilən 59-cu "Eurovision 2014" mahnı müsabiqəsi start götürüb və ilk yarımfinal nəticələri üzümüzü yetərincə güldürüb. Belə ki, Azərbaycan təmsilçisi Dilarə Kazımova may ayının 10-da keçiriləcək müsabiqənin final mərhələsinə vəsiqə qazanıb. "Artırma"da bu dəfə Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindən gözləntiləri, musiqi və səhnə görünüşü, geyim baxımından sərgilədiyimiz performansın peşəkarlar tərəfindən necə qiymətləndirilməsindən danışacağıq.

Öncə qısaca olaraq, müsabiqənin gedişatı barədə: ötən gün Bakı vaxtilə gecə saat 00:00-da "B and V" arenada ikinci yarımfinal şousu keçirilib, Malta, İsrail, Norveç, Gürcüstan, Polşa, Avstriya, Litva, Finlandiya, İrlandiya, Belarus, Makedoniya, İsveçrə, Yunanıstan, Sloveniya, Rumıniya təmsilçiləri səhnə şoularını təqdim ediblər. Və finala 10 ölkə təmsilçisi vəsiqə qazanıb. Yarışmanın təşkilati işlər üzrə direktoru Sietse Bekker bu il iştirakçıların qalib gəlmə şanslarının tam bərabər olduğunu, açıq favoritin olmadığını və nəticənin birbaşa final şousu günü göstərilən performanslarla əlaqədar olduğunu söyləyib.

Proqnozlar nə deyir?

Əslində, qəzetimizin bir neçə buraxılışında "Eurovision" təmsilçilərimiz tərəfindən ifa olunan mahnılar barədə dəfələrlə məlumat vermişik. Azərbaycan bu şöhrətli müsabiqədə ilk dəfə Gövhər Həsənzadənin bəstələdiyi "Day After Day" mahnısı ilə təmsil olunub. Bu mahnı da hələlik yarışmada səslənən ilk və yeganə azərbaycanlı bəstəkarın musiqisi olaraq tarixə düşüb. Bu dəfə Dilarənin ifasında səslənən "Start a fire" balladası əcnəbi bəstəkarlar: İohan Kronland, Alessandr Quthard, Stefan Örn tərəfindən yazılıb.

Elzanın bəxti açılmayan "Tapmaca"sı

Bəstəkar- müğənni Elza Seyidcahan qəzetimizə açıqlamasında bu müsabiqə üçün mahnı bəstələməyi çox istədiyini bildirib: "Bir neçə il bundan öncə Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Bəstəkarlar İttifaqında bununla bağlı bir toplantı keçirildi. İttifaqın sədri Firəngiz Əlizadə bəstəkarlardan mahnı istədi. Mən də yarışma üçün "Tapmaca" mahnımı bəstələdim. Mahnı müsabiqədə səslənməsə də tamaşaçılar, sənətkarlar tərəfindən sevildi, bəyənildi və müzakirələrə səbəb oldu. Arzum budur ki, bir gün mənim mahnım o səhnədə səslənsin". Onun fikrincə, o yarışmada səslənən musiqimizdə ilk növbədə Azərbaycan koloriti, milli musiqimizin dəst-xətti olmalıdır: "Mənim mahnılarımda azərbaycanlı olmağım bilinir. Bəstələdiyim musiqilər qara zurna, klarnet, balaban, tar, kamançadan istifadə olunaraq yaranan musiqilərdir. Amma mahnı muğam üzərində olmaya-olmaya balaban, saz alətindən istifadə edib, muğamla uzlaşdırmağa çalışmaq doğru addım deyil".

O əjdahadan bizdə də var

Bəstəkar Aygün Səmədzadə bu yarışmada Azərbaycan üçün xarici bəstəkarlar tərəfindən musiqi yazılmasının qəti əleyhinədir. Onun fikrincə, hansısa xarici bəstəkarın musiqisi ilə Azərbaycanı beynəlxalq yarışmalarda təmsil etmək olmaz: "İstəmirəm ki, Azərbaycan musiqisini Avropa bəstəkarları təmsil etsin. Orda ölkəmizin ruhunu, qanını daşıyan musiqi oxunmalıdır".

Gövhər hamını etirafa səslədi

2008-ci ildən bəri heç vaxt bu yarışmadan musiqi yazmaq təklifi almadığını bildirən bəstəkar Gövhər Həsənzadə deyib ki, bizim bəstəkarlar heç nə ilə əcnəbilərdən geri qalmır. O bildirib ki, Azərbaycanın yüksək səviyyəli yarışmalar, o cümlədən "Eurovision" səhnəsi üçün layiqli mahnılar yazan bəstəkarı var: "Azərbaycan bu gün o səhnə üçün mahnılar bəstələyən bəstəkarlar sarıdan əziyyət çəkmir. Əksinə, ağlımız, hər cür şəraitimiz, musiqidən gözəl başı çıxan gənclərimiz var. Ona görə də bizim xarici bəstəkara müraciət etməyə ehtiyacımız yoxdur. Və gəlin, etiraf edək ki, bu illər ərzində Azərbaycan bizim mahnımızdan güclü mahnı təqdim edib "Eurovision"a? Soruşuram. Gəlin, düzünü deyək. Nə Yaşar, nə də mən Avropada yaşamırdıq?! Bu sadəcə təşkilati komitənin qərarıdır. Onlar belə qərar veriblər, vəssalam".

Dilarənin çox istedadlı, prinsipial qız olduğunu bildirən bəstəkar Azərbaycanın birinci onluqda yer almasını yaxşı nəticə hesab edib: "O səhnədə sənətin nə qədər yüksək olub-olmaması önəmli deyil. Azərbaycan orda SMS-dən asılı vəziyyətdədir. Onluğa düşmək çox böyük avantajdır".


"Artıq vaxtdır"

Xalq artisti Mübariz Tağıyev təmsilçimizin çıxışını çox bəyənib:"Baxmayaraq ki, indi-indi tanınır, amma o çox peşəkar müğənnidir. Bu il çox uğurlu olacaq və beşlikdə yer alacağıq. Məndə belə fikir yaranmışdı ki, nə bahasına olursa-olsun Ukraynanı birinci edəcəklər. Amma Ukraynanın təmsilçisinin çıxışı çox zəif idi. Monteneqro, Macarıstan Dilarənin rəqibləridir. Amma bu yarışmada adama oxşamayanlar da var: müsabiqə başlamamış Avstriyanın təmsilçisi Konçita Vurtsun reklamı gedirdi. Qorxuram ki, elə Konçita birinci olar. Yarışmada çox maraqlı mənzərə var: iştirakçıların əksəriyyəti 80-cı illərin abu-havasındadırlar. Geyimlərindən tutmuş musiqilərinə qədər.

Neçə illərdir ki, iştirakçılarımızı Ukrayna komandası hazırlayır. Və bu çox düzgün fikir idi. Amma bizdə də potensial var. Mən sizə deyim ki, 2008-ci ildə bu yarışmada ilk çıxışımızda bizi Samirlə Elnur ağır rok stilli musiqi parçası ilə təmsil etmişdi. Çox uğurlu idi. Hər iki iştirakçının həm vokal imkanları, həm musiqi duyumu, ritm hissiyyatı çox güclü idi. Təqdim olunan əsər o vaxt bir çoxlarına "çatmadı". Ki, Azərbaycan məkanında rok göydən düşmə imiş. Amma Azərbaycanın estrada tarixini araşdırsaq, aydın olar ki, 60-cı illərdə Bakıda 5-6 rok qrup fəaliyyət göstərib. Yəni, bunu qoruyub saxlamamaq o biri gələn nəslin məsuliyyətsizliyindən gəlib. "Eurovision" səhnəsindəki həmin çıxışımız çox güclü idi. Fikrimcə, bəstəkarlarımız müsabiqəyə hazırlıq müddətində mahnılarını təşkilat komitəsinə təqdim etsinlər. Uyğun olsa qəbul edərlər. Artıq bunu etmək lazımdır. Sadəcə kütləvi və böyük səhnə rejissorlarımız yoxdur".
Bəstəkar Rəşad Qasımov bildirib ki, "Start a fire" Azərbaycan təmsilçilərinin bu vaxta qədər yarışmada ifa etdikləri ən çətin mahnı idi:"Mahnı ifa baxımından çox çətindir, amma buna baxmayaraq Dilarə onun öhdəsindən layiqincə gəlib. Beşliyə düşmək şansı çoxdur, amma istərdim birinci olsun".

Libasların müəllifləri kim, yaxud kimlərdir?

Hər il "Eurovision" mahnılarımızla yanaşı təmsilçilərimizin geyimləri də diqqət mərkəzində olub. Elə bu il Dilarə Kazımovanın geyimi sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Səhnə geyimindən daha çox toy paltarı olduğunu qeyd edən tamaşaçılar xoşagəlməz mənzərə ilə qarşılaşdıqlarına təəssüfləniblər. Maraqlıdır ki, niyə yerli modelyerləri ekspert kimi götürmürlər? Niyə yerli modelyerlər hazırlamırlar o paltarları?

Modelyer Fəxriyyə Xələfova Dilarə Kazımovanın geyimi ilə bağlı şərh etmək istəmədi: "Mənim bu prosesə heç bir aidiyyatım yoxdur. Təşkilat Komitəsi belə qərar verib, iştirakçını geyindirib. Mən o qərarda iştirak etməmişəm, ona görə də bu barədə bir söz deyə bilmərəm. Fransanın yaxud başqa ölkələrin iştirakçıları tanınmış modelyerlərdən geyinəndə bunu açıqlayırlar. Məsələn, keçən il Fransanın iştirakçısı Jan Pol Qadyedən geyinmişdi. Onun bəyanatını vermişdilər. O modelyer də o paltarın arxasında durur. İndi bu mənşəyi bilinməyən paltarı Fəxriyyə Xələfova niyə şərh etməlidir? O nə Jan Pol Qadye, nə Diorun, nə Dolce Qabbananın paltarıdır. İllər keçir və biz indiyə qədər bilmirik ki, o paltarların müəllifləri kimdir? "Facebook" səhifəmdə şərhləri görüb dəhşətə gəldim. Hər iki nəfərdən biri "Bu nə paltardır" yazıb. Mən də şərh yazdım: "Bunu hamı görür, təşkilat komitəsindən başqa?""

"Dilarəyə qırmızı rəng..."

Dilarənin geyimini şərh edən modelyer Gülnarə Xəlilovanın şərhi belə olub:"Düşünürəm ki, qırmızı rəng Dilarəyə çox yaraşırdı. Səhnə duruşu, ifası gözəl idi. Dəb və səhnə geyimi fərqli anlayışlardır. Səhnə geyimində modelyerin çox fərqli düşüncəsi, fantaziyası özünü büruzə verə bilər. Bu həmin səhnəyə, mahnıya, layihəyə uyğunlaşa bilər. Doğrudur, səhnə geyimində də dəblə uyğunlaşmağa çalışmaq lazımdır: kreativlikdə, fərqlilikdə, maraqlı mesajlar vasitəsilə".

Modelyer xanım bildirib ki, indiyə kimi bu müsabiqə ilə bağlı Azərbaycan modelyerlərindən heç kimə müraciət olunmayıb: "İstərdim ki, bu geyimi biz özümüz hazırlayaq. Çünki bizi bizim qədər duyan kim ola bilər? Bizə nə zaman müraciət edəcəklərsə, biz də layiqli iş ortalığa qoyacağıq. Məsələn, mən öz adıma bunu deyirəm: layiqincə bu işin öhdəsindən gələ bilərəm. Düşünürəm ki, bunu edə bilən digər modelyerlərimiz də var. Təklif gələrsə, sevə-sevə edərəm".

Qeyd edək ki, araşdırma zamanı Azərbaycanın müsabiqə üzrə təşkilat komitəsindən azərbaycanlı bəstəkarlara, eləcə də modelyerlərə müraciət etməməsinin səbəblərini öyrənməyə çalışdıq. Komitə hələlik, müsabiqə ilə bağlı gərgin iş rejimində işlədiyinə görə suallarımızı ünvanlayacaq kimsə tapmadıq. Mövzunu diqqətə saxlayacağıq.

Nərmin Muradova


Müəllif: