10 May 2014 19:03
1 054

Teleqraf.com-a qəzetinə açıqlamasında yazıçılarımız ulu öndər Heydər Əliyevin ədəbiyyatda gördüyü böyük işlərdən danışıblar.


“Bu böyük insan yazıçıların yubileylərində şəxsən iştirak edirdi”

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar: “Ulu öndər Heydər Əliyev ədəbiyyat üçün çox dəyərli işlər görüb. Azərbaycan Yazıçılar Birliyinin və ədəbi orqanların, tərcümə mərkəzinin dövlət büdcəsindən maliyyələşməsi Azərbaycan ədəbiyyatının yaşaması, var olması üçün atılan başlıca addımdır. Sağlığında bu böyük insan çox vacib işlərinin olmasına baxmayaraq, yazıçıların yubileylərində şəxsən iştirak edirdi. Təsadüfi deyil ki, yazıçıların, incəsənət adamlarının xatirə muzeylərinin açılması məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başladı. Bu addım isə birbaşa cəmiyyətin formalaşmasına, tərbiyəsinə hesablanmışdı. Ulu öndər Heydər Əliyev şəxsən bütün yazıçı və şairlərin yubileylərinə, yaradıcılıq gecələrinə gəlir, sonuna qədər oturur və özü də etiraf edirdi ki, belə məclislər Ona mənəvi rahatlıq gətirir. Qələm adamları da həmişə Onu diqqətdə saxlayıblar. Hətta işləmədiyi dönəmlərdə belə Ulu öndər Heydər Əliyev yadımızdan çıxmayıb. O zaman biz Moskvadan yenicə qayıtmış Heydər Əliyevi qurultayımıza dəvət etdik, gəldi. İkinci dəfə respublikaya rəhbərlik etməyə başlayanda yenə də ədəbiyyatımıza öz qayğı və diqqətini əsirgəmədi.

Sovet dövründə Azərbaycanın bir neçə gənc şairi, yazıçısı, jurnalisti gizli bir təşkilat yaratmaq fikrinə düşüblər, yaradıblar, yaratmayıblar, bilmirəm, hər halda, belə bir niyyətləri olub və onlar hər hansı bir addımı atmazdan əvvəl bu barədə DTK duyuq düşüb, dərhal hamısı həbs edilib".

“Heydər Əliyev yeni yaradıcılıq üfüqlərinə ruhlandırıb şair və yazıçıları”

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı:

“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” - belə bir deyim var... Və haqlı olaraq da işlədilir, qəbul edilir bu deyim... İstər respublikaya birinci rəhbərliyi dövründə, istərsə, müstəqillik dönəmində olsun, Heydər Əliyev ölkə rəhbəri olaraq, ədəbiyyatın, ədəbiyyatçıların yanında olub, onların qayğılarına diqqət edib, yeni yaradıcılıq üfüqlərinə ruhlandırıb şair və yazıçıları. Bu gün isə onun ədəbiyyata, ədəbiyyat adamına tarixi münasibətini idrak edənlərin ürəyindədir! Bilirsiz, dövlət və ədəbiyyat, dövlət başçısı və sənət adamı arasında dünya boyu, zaman uzunu o qədər ziddiyyətli, keşməkeşli, deyərdim, qanlı-qadalı olaylar yaşanıb ki, bir dövlət başçısının, onun başçılıq etdiyi dövlətin xalqın ruhundan, azadlıq və yaradıcılıq eşqindən qopan - o ruhu, o azadlığı ifadə edən (yaradan, yaşadan!) insanlara, onların cəmiyyətinə xoş münasibəti, necə deyərlər, ikiqat qiymət daşımalı olub... Bu anlamda, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (ümumən Ədəbiyyat, Mədəniyyət!) öz əsasları, yaranma zərurəti olan deyim olaraq meydana çıxıb və böyük hadisələri, gözəl əsərləri, tarixi məqamları ehtiva etməkdədir. Mən Heydər Əliyevin ölkə başçısı olaraq gənc yazarlarla görüşündə, onun iştirakı ilə keçirilən X Yazıçılar Qurultayında iştirak etmişəm, onun ədəbiyyata, ədəbiyyatçılara münasibətini biləvasitə görmüşəm. 1996-cı ilin 2 fevralında isə Müstəqil Azərbaycan Gənclərinin I Forumunda gənclər təşkilatı başçısı, yaradıcı gənc olaraq Heydər Əliyevin qarşısında çıxış etmiş, müxtəlif təkliflər səsləndirmişəm.

Çox məmnunam ki, o böyük insan mənim və başqa gənclərin çıxışlarında qaldırılan olumlu təklifləri diqqətə almış, sonralar o təkliflər rəsmi sənədlərdə öz inikasını tapmışdır. Professor Vilayət Quliyevin tərtibçisi olduğu “Ədəbiyyatın yüksək borcu və amalı” adlı gözəl bir kitab var - illər öncə işıq üzü görüb. “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusu ilə maraqlananlara o kitabı oxumağı tövsiyyə edərdim. Ruhu şad olsun!"


Müəllif: