Yaponiyanın Tsukuba Universitetinin mütəxəssisləri fortepianonun dillərinə toxunmadan onu səsləndirən nadir sistem işləyib hazırlayıblar.
İfadan əvvəl pianoçu gözlərin hərəkətini həssas ötürücülər vasitəsilə alətə ötürən eynək taxmalıdır. Bu zaman pianoçu qarşısında ayrıca notları deyil, tam akkordu əks etdirən dilləri görür və gözlərinin hərəkəti ilə onları səsləndirir. Yeni metod tam melodiyanı deyil, yalnız akkordları səsləndirməyə imkan verir. Bu isə çox da çətin olmayan mahnıları müşayiət etməyə şərait yaradır.
Dekabrın 18-də Tokio məktəblərindən birində 17 yaşlı şagird “əllərindən istifadə etmədən” nümayiş etdirilən alətdə “Joy to the World” yeni il mahnısını xorun müşayiəti ilə ifa edib. Həmin vaxt məktəbdə olan və mahnını dinləyən ABŞ-ın Yaponiyadakı səfiri Kerolayn Kennedi yapon alimlərinin bu ixtirasını “heyranedici kəşf” adlandırıb.
Tsukuba Universitetinin alimləri güman edirlər ki, onların ixtirası əvvəllər musiqi alətlərində ifa etmək imkanı olmayan insanlara, məsələn əlillərə belə bir şərait yaradacaq. Alimlər, həmçinin bildiriblər ki, yaxın zamanlarda digər musiqi alətlərində, o cümlədən gitarada ifa etməyə imkan verəcək analoji sistemin yaradılması üzərində işləyirlər.