Nizami Kino Mərkəzində “Axınla aşağı” filminin təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, film dövlət sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Premyerada kino xadimləri ilə yanaşı Azərbaycanın xalq artisti Mənsum İbrahimov, kaman ifaçısı Elnur Əhmədov, tarzən Elçin Həşimov və başqaları iştirak edib.
İdmançı gənclərin həyatı fonunda inkişaf edən psixoloji ailə dramının quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri isə Müşfiq Hətəmovdur. Filmdə rolları Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar canlandırıblar. Filmin çəkilişlərinin iki ay müddətində Mingəçevir, Sumqayıt, Bakıda baş tutub.
Rejissor Asif Rüstəmov qeyd edib ki, “Axınla aşağı” filmi Karlovı Vari Festivalı da daxil olmaqla bir neçə beynəlxalq kinofestivalın müsabiqə proqramlarında iştirak edib: “Rejissor üçün vacib olan məqam çəkdiyi filmin düzgün tamaşaçı kütləsi tərəfindən izlənilməsi, qiymət verilməsidir. Karlovı Varidə tamaşaçılar kifayət qədər kinodan anlayışlıdır. Bundan başqa 1500-dən çox kino peşəkarına filmi təqdim etmək əlbəttə ki, qürur və zövqvericidir. Film yeddi festivalda iştirak edib, Çindən mükafatla qayıdıb. Rejissor kimi tamaşaçıların reaksiyasından razıyam. Amma istənilən rejissor filmindən tam razı qalmır, eləcə də mən. Ona görə deməliyəm ki, filmdə qüsurlar da var”.
“Axınla aşağı”nı özünün tammetrajlı film sahəsində debut işi hesab edən rejissor ekran əsərinin ərsəyə gəlməsindən köməyi olan həs kəsə təşəkkür edib.
Nərmin